Quzey Kıbrısda Maraşı ziyarət edənlərin sayı 1 milyona çatdı

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Gazimağusa rayonunda yerləşən və 2020-ci ilin oktyabr ayında mərhələli açılış prosesi başlayan Maraş bölgəsini ziyarət edənlərin sayı 1 milyona çatıb.

İkxeber.org xəbər verir ki, Maraşın açıq hissəsini ziyarət edənlərin sayının 1 milyona çatması səbəbilə keçirilən mərasimə KKTC prezidenti Ersin Tatar, Təhlükəsizlik Qüvvələri Komandanı general-mayor Zorlu Topaloğlu, Mağusa Bələdiyyə Başçısı Süleyman Uluçay və çox sayda vətəndaş qatılıb.

Tədbirdə Maraşı ziyarət edən 1 milyonuncu şəxs olan Fevzi-Özlem Bingöl cütlüyünə təşəkkür və ziyarətçi sertifikatları verilərək Prezident Tatar tərəfindən kitab hədiyyə edilib.

Mərasimdə çıxış edən KKTC prezidenti Tatar Maraşın açıldığı gündən diqqət mərkəzində olduğunu bildirərək, gündəlik 2000 ziyarətçinin gəldiyi bölgənin Mağustaya əhəmiyyətli turizm və iqtisadi töhfə verdiyini qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Maraşın açılışında mühüm dəstəyi olduğunu xatırladan Tatar buna görə Ərdoğana və Türkiyə xalqına təşəkkür edib.

Ersin Tatar Maraşın Gazimağusa üçün böyük dəyərə malik olduğunu vurğulayıb: "Bundan sonra Maraşda yeni sahələrin açılması bizim arzumuzdur. Maraş sosial mənzil layihəsi ilə gündəmdədir. Bu səbəbdən bölgəyə maraq artmağa davam edir. Biz regionun ölkənin parlayan ulduzu olacağına tam inanırıq”.