Antalyaya gələn xarici turistlərin sayı 1 milyonu keçib

Bu il yanvarın 1-dən aprelin 9-dək olan dövrdə Türkiyənin Antalya vilayətinə hava yolu ilə 1 milyon 72 min 742 əcnəbi turist gəlib. Beləliklə, ötən ilin turist rekordu iki həftə əvvəl yenilənib. 

Antalya valiliyi administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Antalyada yeni turizm mövsümü sürətlə vüsət almağa başlayıb və hazırda müxtəlif ölkələrdən gələn turistlər bölgədə istirahətdən həzz alırlar. 

Keçən il yanvarın 1-dən aprelin 23-dək Antalyaya 1 milyon xarici turist gəldiyi halda, bu il yanvarın 1-dən aprelin 9-dək bölgəyə 1 milyon 72 min 742 əcnəbi turist gəlib. 

1 milyon xarici turist hədəfinə keçən ildən iki həftə tez çatılıb. Antalyaya ən çox turist Rusiya, Almaniya, Böyük Britaniya və Polşadan gəlib. .