“Nə biləsən nə ola qədir gecəsi”-Qədr surəsi (97)

Qədr surəsi (97)
Rəhman Rəhim Tanrı adıyla

(1) Biz qədr gecəsində endirdik onu, şəksiz. (2) Nə biləsən nə ola qədr gecəsi. (3) Min aydan xeyirlidir qədr gecəsi. (4) Enir mələklərlə ruh onda Rəblərinin izni ilə hər bir işdən dolayı. (5) Bir salamatlıqdır o sökülüncə dan yeri.
Elə bilirəm, OXU-nun hikməti yetərincə açılmamış, incələnməmiş surələrdən biridir.
1-ci ayədə qədir gecəsində “onu”n nüzulu bildirilir. “Onu”n, yəni nəyin, yaxud kimin? Əksəriyyətin fikri “onu” Quran-a aid hesab edir. Elə bilirəm, burada söhbət Quran-dan gedə bilməz. Əlbəttə, OXU Ramazan ayında enməyə başlamışdır, bu barədə ayə də var (2:185). Və əlbəttə, bu ayın “mübarək bir gecə”sində - bu barədə də ayə var (44:3). “Mübarək gecə” məhz “qədr gecəsi”dirmi? Ola da bilər, olmaya da. Bu barədə konkret ayə yoxdur.
Surədə diqqət qədr gecəsində Quran-nın enimi həqiqətinə yönəldilsəydi, düşünürəm, ən azından peyğəmbərə müraciətlə “Nə biləsən nə ola qədir gecəsi” ifadəsi səslənməzdi. Deməli, o gecənin - qüdrət-qədr-tale gecəsinin mahiyyəti peyğəmbərə də bəlli deyil.
İşarə edilən enimin nəyə aid olması barədə fərqli ehtimallar ola bilər. Mənim öz ehtimalım var, hələlik paylaşmaq istəmirəm.
“Salamatlıqdır o sökülüncə dan yeri”. Bəs dan yeri söküləndən sonra? Salamatlıq olmayacaq? Nə baş verəcək? Bu barədə də öz ehtimalım var, bunu da paylaşmağı hələlik lazım bilmirəm.
Tanrı bizə hər zaman zehin açıqlığı versin, özəlliklə də bu ayda.