“Nə yaxşı ki, bu ömür mənimdir”

Aydın müəllimi yaxından tanıyan biri kimi onun haqqında yazmaq çox xoşdur. Məhz buna görə də, mən onun barəsində bu sətirləri yazanda necə təqdim edəcəyim barədə çox fikirləşmədim. Qərara gəldim ki, onu nümunəvi müəllim, nümunəvi məmur, ömrünün böyük bir hissəsini müəllimlik peşəsinə həsr etmiş yorulmaz, vicdanlı, savadlı bir şəxsiyyət kimi təqdim edim. Çünki mən onun ömrünün yaşanmış ötən illəri barədə xatirələri yada salanda, Yardımlıda uzun illər öncəki səmimi görüş və təmaslarımız yadıma düşür. Aydın müəllim o zaman rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışırdı, mən isə rayon Komsomol komitəsinin katibi idim.

Aydın müəllimin bütün üstün keyfiyyətləri ilə yanaşı, həm də mütaliə etməyə böyük həvəsi var. Bu mənada ona vaxtilə oxuduğu kitablar dünya ədəbiyyatı klassiklərinin incilərini mütaliə etməyə həvəsləndirib. Məhz geniş mütaliə dairəsinə malik olduğuna görədir ki, o həmişə güclü hafızəsi, geniş erudisiyası ilə seçilir, tərəf-müqabili ilə qısa bir zaman çərçivəsində olduqca maraqlı həmsöhbətə çevrilir. Elə hesab edirəm ki, onun müəllim peşəsini seçməsi məhz kitaba, mütaliəyə olan bu sönməz marağı gətirib çıxarıb, irəli çəkilməyində, tanınmasında körpü olub.

Aydın müəllim haqqında rəhmətlik qaynatam Nəcəfxan müəllim də (Təhsil şöbəsində birlikdə çalışırdılar) həmişə xoş sözlər danışardı. Sadələyindən, məmur olsa da tamahsızlığında ağız dolusu danışardı. Məncə, Aydın müəllim kimi sadə həyat tərzi keçirməyə üstünlük verən bir insan üçün bundan şərəfli, bundan yüksək heç nə ola bilməz.

"QIZIL QƏLƏM" Media mükafatı laureatı Səlamət Biləsuvarlının Aydın müəllim haqqdında feysbukda paylaşdığı yazısını məmuniyyətlə çap etməyə qərar verdim.

 

Tanrı Sizi qorusun, Aydın müəllim.

Hörmətlə, Xanoğlan Əhmədov

 

 

“Bəzən özüm-özümlə sual-cavab edir, bir növ özümə hesabat verirəm… yaşadığım o illər artıq bir xatirə, nağıldı indi. Ömrümdən ötən bu illər mənə nə verib məndən nə alıb? Cavabında “Nə yaxşı ki, bu ömür mənimdir” deyirəm. Ən əsası bu illərdə dövlətimə, millətimə şərəflə, vicdanla xidmət etmişəm!”.

Yuxarıdakı fikirlərin müəllifi Aydın müəllim Əbilov 1949-cu ildə Yardımlı rayonunu Alar kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitunun dil-ədəbiyyat fakültəsinə (qiyabi) daxil olmuş, elə həmin ildən Alar kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamışdır.

1978-ci ildən 1992-ci ilədək isə Yardımlı rayon Təhsil şöbəsinin müdiri işləmişdir.

1993-cü ildən taleyini, həyatını Biləsuvara bağlayan Aydın müəllim hazırda İsmətli kəndində yaşayır. Əvvəllər kənddə müəllim, sonralar isə kənd orta məktəbinin direktoru işləyən Aydın müəllimin təşəbbüsü ilə kənddə 640 yerlik məktəb tikilib istifadəyə verilmişdir. Aydın müəllim sadə, səmimi insan, cənubda tanınmış ziyalı, özünün, sözünün yerini bilən ağsaqqal, gözəl ailə başçısıdır!

“Əməkdar müəllim”, yurdumun tanınmış ziyalısı Firudin Hüseynovun onun haqqında dediklərindən: “Aydın müəllim savadlı, bacarıqlı hörmətli müəllim olub. O, dəyərli, etibarlı dost kimi də hamımızın sevimlisidir."

Şərəfli, mənalı bir ömrün sahibi–Aydın müəllimə tanrıdan uzun ömür, cansağlığı arzu edirik!

 

Səlamət Biləsuvarlı

"QIZIL QƏLƏM" Media mükafatı laureatı