Ramazanda toy-nişan etmək istəyənlərin nəzərinə

Artıq mübarək Ramazan ayının 13-cu gününü yaşayırıq. Bu, təbii ki, matəm ayı deyil. Amma müsəlman Azərbaycan toplumunda nədənsə Ramazan ayında da Məhərrəmlikdəki kimi toy-nişan məclisləri qurulmur. Amma qurulsa da, günah sayılmaz. Təbii ki, bəzi şərtlərlə. Bəs bu şərtlər hansılardır?

O da sual olunur ki, bu aya toy və ya nişan üçün sifarişlər varmı? Bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb mövcud vəziyyəti öyrəndik.

“Alp” şadlıq sarayından bildirildi ki, Ramazan ayı başlayandan bir sifariş belə olmayıb. “Kremlin hall”da da eyni vəziyyət yaşanır. Şadlıq sarayının rəsmisi bildirib ki, toy və nişan üçün bir sifariş belə yoxdur. “Kolizey” şadlıq sarayına da müraciət edilməyib. Bizimlə söhbətdə restoranın administratoru Kamil İskəndərov deyib ki, bayram ayı olsa da, insanlar iftar vaxtına görə müraciət etmirlər: “8-ə işləmiş heç kimə sərf etmir, hamı saat 6-da toyuna başlayır. Biz artıq bilirik, ona görə bu aylarda təmir-bərpa işlərini həyata keçiririk. İşlərimizi sahmana salırıq”.

“Sapfir” şadlıq sarayından isə bildirildi ki, yalnız bir müraciət var ki, o da nişan mərasimi ilə bağlı olub: “Gələn ildən bu vəziyyət düzələcək, orucluq qış aylarına təsadüf edəndə iftar vaxtı saat altının yarısına təsadüf edəcək. Odur ki, yəqin ki, o zaman müraciətlər daha çox olacaq”. 

Rəsul Mirhəşimli: “Ramazan qaydalarına əməl edərək, insanlar çox rahatlıqla toylarını keçirə bilərlər”

Mövzu ilə bağlı ilahiyyatçı Rəsul Mirhəşimli “Yeni Müsavat”a dedi ki, Ramazan ayı İslam aləmində müstəsna yeri olan mübarək aydır və ayın müstəsna olmasının bir səbəbi də bu ayda Qurani-Kərimin nazil olmasıdır: “Ramazan ayı boyunca müsəlmanlara əvvəlki ümmətlərı vacib olduğu kimi, oruc tutmağın vacib olması əmr edilib. Bu da günün bəlli saatlarında yemək-içməkdən və digər qadağalardan uzaq durmaqla bağlıdır. Əlbəttə, Ramazan ayı matəm ayı deyil. Bu ayın əlamətləri bərəkəti ilə ölçülür, oruc tutmaq, yardımlaşmaq, yaxınlarla birlikdə iftar süfrələrinə toplaşmaq, bu süfrələrə imkansız insanları da dəvət etmək, fitrə zəkatı ilə yoxsul insanları sevindirməklə və sairə ilə sıralanır.

Ramazan ayı boyunca kiminsə toy etməsinə başqaları qadağa qoya bilməz. Bu məsələ də insanların öz seçimindədir. Sadəcə olaraq, Ramazan ayında vətəndaşlar onun üçün toy etməkdən kənar durur ki, bu aya xas olan adətləri yerinə gətirmək çətin ola bilər. Toy edənlər Ramazan qaydalarına da əməl etməklə bu şənlikləri keçirmək istəsələr, o zaman iftardan sonra yemək süfrələrinin açılması qaydalarına əməl etməlidir".

İlahiyyatçı əlavə edib ki, bu il Ramazan ayı elə zamanda başlayıb ki, iftar təxminən 19-dan sonra başlayır və toy şənliklərində də qonaqlar elə bu vaxtlarda məclisə toplaşa bilir: “Lakin Ramazan ayında toy etməkdən çəkinənlər iftara qədər yemək yeyilməsinə görə narahat olduqları üçün deyil. Spirtli içki məclisinin qurulacağını bildikləri üçün insanlar bu ayda toy etmək istəmirlər. İçki məclisləri təşkil etmək, spirtli içki təkcə Ramazan ayında deyil, ilin bütün günlərində, bütün fəsillərində, hər zaman haramdır. Bu harama girənlər də böyük günah qazanmış olurlar. Onun üçün də insanlar Allahın haram buyurduğu işlərdən bütün zamanlarda aralı dursalar, daha gözəl olar. Bir daha qeyd edim ki, Ramazan qaydalarına əməl edərək, insanlar çox rahatlıqla toylarını keçirə bilərlər”.