Gəlmə, qan qoxur yollar,
Dərdə yoluxub yollar.
Yorğunam, yuxu yolla
Yatım, qurtarım səni. (Qulu Ağsəs)
Zaman bizi sınağa çəkir. Bu dünyanın çətinliyi, acısı, yaşadıqlarıdı insanın imtahanı. Girərsən imtahana, hazırsan deyə düşünüb, bu sınaqdan da keçəcəyinə əmin olarsan. Amma bu həyatda elə imtahan var ki, onun sınağına girib, “əla” qiymətlə çıxacağına güman yoxdu. Orda sual da yoxdu çünki, tək bir nida var: Dostum öldü!
Sevdiyini yola salarsan, bir gün qarşılamaq ümidi ilə. Gələcəyinə əminsən. Gedəcəyi kimi gələcək. Qarşılayarsan, sarılarsan, oturub səfər təəssüratlarını dinləyərsən. Sual verərsən, onun sevindiyinə sən də sevinərsən, gəzdiyi yerləri xəyalınla səyahət edərsən. Bir səfər də var ki, gedənlər dönməz bu səfərdən.
Limandan qalxıb, bir daha geriyə dönməyəcək bir gəmini yola salırsan sanki. Sənə o gəminin ardınca həsrətlə baxmaq qalar, sənə ondan qalan xatirələri yada salmaq təskinlik olar.
Biz ard-arda iki dostumuzun itkisini yaşadıq. Bu itki yerindən qalxmaq istəyərkən qəfil zərbə ilə yerə sərilən insanın yaşadıqlarından daha betər olurmuş. O iki dostumuzdan biri – Dilavər Əzimli öndən getdi. Ardınca Qadir İbrahimlini yola saldıq. Sağ yanından güllə yarası alan birinin yarasını sarımağa çalışdığı o ağrılı zamanda sol yanından daha bir güllə yarası alması kimi...
İnsan hərdən düşünür, bizim dostluğumuz nə zamandan başlamışdı? Sayarsan, əmin olmazsan, tarixi bir də dəqiqləşdirərsən. Bizi bu qədər yaxınlaşdıran hansı hadisə olmuşdu, nə idi bu doğmalığın səbəbi? Bu dünyada bu sualların cavabı yoxdu. Dünyalıq deyil bu işlərin hesabı…
Bir qüdsi hədis var. Allah insanları Yer üzünə göndərəcəyini bəyan edəndə bir-birilərindən ayrı, Allahdan uzaq düşəcəklərinə məyus olar yaradılmışlar. Bu hədisin davamında ilahi vəd insan qəlbinə susuzluqdan təşnə olan qəlbə bir udum su təskinliyi gətirir. “Sizi qum dənələri kimi Yer üzünə səpələyən qüdrət onları bir yerə toplamağı da bilir”. Biz dostlarımızla Yaradanın qum dənələrini bir yerə toplamasının nəşəsini yaşadıq. Bu sevinc iki dostumuzun ayrılığı ilə nisgilə döndü. “Dostluğumuzun tarixi nə zamandan başlayır?” sualının cavabı da bu hədisin hikmətindədi. Bizim dostluğumuz bu dünyadan başlamamışdı. Ələstə bizi bir-birimizə dost edən Rəbbimiz dünyada da qum dənələri kimi toplayıb, bizim dostluğumuzu dünya adlı kölgəlikdə bizə yenidən xatırlatdı.
Biri cəmiyyət üçün peşəkar tarixçi, alim, tələbələrinin sevimli müəllimi idi. Dünyadakı dostluğumuz müddətində bir dəfə də olsun inciyib, küsmədiyimiz DOST idi. Dilavər Əzimlini tanıyanlar kimsənin qəlbini qırmayacaq, kimsəni incitməyəcək insan kimi xatırlayır. Elə biz də belə xatırlayırıq. Allah şahiddi ki, bizi üzəcək, bizdən inciyəcək heç nə olmadı aramızda.
Bir dostun ölümündən sonra həyat əvvəlki kimi olmur. Həyatından bir parça qopar, özü ilə əbədiyyətə götürər. Sən isə onun xatirələri ilə ovunarsan...
Böyüyərsən, zaman keçər yaşa dolarsan, düşünərsən ki, gün gələcək valideynləriniz sizi tərk edib, bu dünyadan köçəcək. Övlad özünü daim ata-anasının itkisindən sonrakı həyata hazırlayar. Amma bir insanın özünü dost itkisinə hazırlaması mümkün deyil. Çünki ağlından keçməz, bu gerçəyi qəbul edə bilməzsən. Sanki bir gün tanış olub, dostlaşdığın kimi, gün gələcək dünyadan da birlikdə köçəcəksən. Dost itkisi gözləmədiyin yerdə gözləmədəyin birindən qəfil zərbə almağa bənzəyir.
Həyatımızda qarşılaşmalı olduğunuz hər bir itki unikal və müstəsnadır. Görərsən ki, dost itkisi ata-ana itkisinə belə bənzəməz. Ölüm taleyin qaranlıq tərəfi ilə sizin dostunuzu, ən gizlin sirlərinizi bölüşdüyünüz insanı sizdən ayıra bilər. Gedər və o sirləri də özü ilə götürər.
Hər iki dostumuz barədə yazmaqla bitməyən xatirələrimiz var. Bizə də qalan bu xatirələrdi bəlkə. 2007-ci ildə Həcc ziyarəti zamanı Mina dağında dostum Azər Rəşidoğlu ilə bir yerdə idik. Qərara gəldik ki, Qadirə zəng edək. Qadir telefonu açdı. Ona bu sözləri demişdim: “Qadir, bu müqəddəs yerlərdə bütün dostlarımız üçün dualar etdik. Dostlarımızın qəlbindən keçib, bizim bilmədiyimiz dualarının da qəbul olunmasını dilədik. Amma indi sənin öz səsin Minada eşidilir. Qəlbindən nə keçir, hansı duanı etmək istəyirsən, et o duaları. Allah bu müqəddəs yerdə edəcəyin duanı geri çevirməz”. Qadir telefonun o başında bir müddət susdu. Sonra çox zəif eşidiləcək səsi gəldi. Danışmağa başlayanda etdiyim bu təklifdən özünü itirən, həyəcandan boğazı düyümlənən Qadir özünü toparlayıb, bu duanı etdi: “Allah qızımı xoşbəxt eləsin, bir də mənə ev nəsib etsin”. O zaman Qadirin qızı Arzu kiçik idi, hələ oğlu Əli dünyaya gəlməmişdi.
Qadirin bu duaları Allah qatında qəbula yetdi. Arzu Türkiyədə universitet tələbəsi olmaq adını qazananda Qadir sevindiyindən az qala quş olub uçurdu.
Dilavər də övladları üçün, onların gələcəyi üçün eyni cür fərəhlənirdi. Oğlu Əliyarın magistr adını qazandığı vaxt, təhsilini Macarıstanda davam etdirəndə, ilk qazancı ilə atasına telefon alanda, nişanlanada Dilavər bu dünyanın ən xoşbəxt insanı idi.
Övlad hansı yaşda olursa-olsun ana ağuşunun həsrətini çəkər. Yetkin insan olarsan, ən yorğun, ən kədərli anında başını ananın dizinə qoyarsan, dünyanın huzuru çökər qəlbinə. Fərəhlə dolar qəlbin...
Siz heç dünyadan köçmüş anasının yanına tələsən oğul gördünüzmü? Biz gördük. Uzun illər anasızlığın yanğısı ilə həsrət çəkən Qadir dostlarının əli ilə anasının məzarına endi, anasının qoynuna sarıldı. Bu dünyaya gələrkən anasının qucağında sakitlik tapdığı kimi, dünyadan köçəndə təkrar o huzura qovuşdu. Həsrətini dərdi ilə acısını dağa döndərən övlad anasının ətrini aldı. O ana oğul həsrətindən nə qədər darıxsa da, oğlunun bu qədər tez gələcəyini istəməzdi. Çünki balası bu dünyanı doya-doya yaşaya bilməmişdi.
Bu dünya yanğın yeridi. Dostlar gedər, sənin qəlbinə köz basıb, köçər, sən bir ömür o közün yanğısını söndürə bilməzsən. Dost gedər, sən xatirəsini danışdıqca bir zamanlar güldüyün, qəlbinə aram verən xatirələr ürəyini parça-parça edər.
Dilavər də, Qadir də dostlarını çox sevirdi. Bircə ümidimiz var. Hər ikisi ağılları kəsəndən, qəlblərinə girib, bu dünyadan sevməyə başladıqları DOSTLARI ilə bərabərdi. Allah bizi də o dostlara qovuşdursun!
Hamımız bilirik ki, biz bu möhtəşəm, gözlənilməz və bəzən son dərəcə qəddar dünyada müvəqqəti müsafirlərik!
Gün gələcək, bizim üçün də bu dünya sürgünü bitəcək. Gün gələcək, bu fani dünyadan əbədi dünyaya hicrət edəcəyik. O gün gələndə Allah bizi bu dünyadan bizdən öncə köçən dostlarımıza təkrar yoldaş eləsin. Allah bizə Dilavər və Qadirlə bir yerdə DOST camalını görməyi nəsib etsin!
Bir qapısı açıldı, gəldik bu dünyaya, indi o biri ucundakı qapı hər gün bir az aralanır. Növbəmizi gözləyirik. Dost itkisi ilə bir daha sınağa çəkilməmək ümidi ilə...
Rəsul Mirhəşimli
Avropa.info
© 2020 - Created by İLK XEBER.