Jurnalistlər növbəti dəfə bir araya gəldi: 3-cü bina ətrafında süni şəkildə yaradılmış müəmma hələ də davam edir

Prezident İlham Əliyevin sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş 3-cü binanın tam hazır olmasına baxmayaraq bu günə kimi jurnalistlərə paylanmaması əlavə söz-söhbətlərə rəvac verib. Evsiz jurnalistlər dünən növbəti dəfə yığışaraq bina ətrafında yaradılmış qeyri-müəyyənliyi müzakirə edərək birgə məlumat yayıblar. Həmin məlumatı olduğu kimi dərc edirik:

“Prezident İlham Əliyevin 19 iyul 2017-ci il tarixli müvafiq sərəncamı əsasında jurnalistlər üçün inşa edilmiş 3-cü bina ətrafında süni şəkildə yaradılmış qeyri-müəyyənliyi müzakirə etmək üçün dünən növbəti dəfə bir araya gəldik.

Jurnalist həmkarlarımız son günlərdə mediada yayılmış informasiyalar, xüsusilə də Meydan TV-də yayılan MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun jurnalistlərin 3-cü binasının şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etməsinə dair məlumat barəsində fikirlərini bölüşdülər. Müzakirələrin gedişində vurğulanıb ki, üzərindən bir həftəyə yaxın müddət keçsə də, qurumun bu informasiyaya hər hansı formada münasibət bildirməməsi ortadakı qeyri-müəyyənliyi daha da artırıb.

Toplantı zamanı bu müddət ərzində görülən işlər barədə də məlumatlar paylaşıldı. Mətbuat Şurasının sədri Rəşad Məcidin jurnalistlər üçün tikilmiş 3-cü binadakı mənzillərin jurnalistlərə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə müraciət etdiyi xatırladıldı. Jurnalistlər həmin mənzillərin bu il media əməkdaşlarına verilməsinin mümkünlüyü haqda fikirlərini bölüşdülər. Təklif olundu ki, həmin mənzillərin bölüşdürülməsi ilə bağlı kriteriyaların müəyyən edilməsi və sənədlərin qəbulu üzrə işlər Mətbuat Şurasına həvalə edilsə, daha məqsədəuyğun olar. Bunlardan əlavə, məsələ ilə əlaqədar jurnalistlərin Milli Məclisin deputatları ilə dəstək xarakterli görüş keçirmələrinə yönəlik təşəbbüs də bəyənildi.

İştirakçılar müzakirələrin yekununda jurnalistlərin 3-cü binası ətrafında süni şəkildə yaradılmış müəmma və problemlərin aradan qaldırılacağaına və Prezidentin 19 iyul 2017-ci ildə imzaladığı Sərəncamın nəhayət icra olunacağına ümidlərini ifadə etdilər”.