Firidun Ağazadə
Naşir Şahbaz Xuduoğlunun məlum statusuna daha çox kütlə səviyyəsində reaksiya verildi. Bəzən də çox naqis reaksiya. Onun sarkazmını, hiddətini, naəlaclıqdan (!) özünə acığı tutduğunu görənlər də oldu. Adamı tanımayanlar daha irəli gedərək bu fədakar insanı az qala daşqalaq etdi, xəyanətdə suçladı. Hələ də asıb-kəsirlər...
Nə olmuş? Şahbaz Xuduoğlu bu millətə dil və oxu sevgisini təlim və təlqin etməklə kitab və nəşriyyat işinə öz canını qoyur. Soruşuram o adamlardan: “Şahbaz Xuduoğlu kimi neçə insanımız var?” İllərlə, az qala bir qərinədir, onu tanıyıram. Xalqın oğul və qızlarına kitab oxutmaq, dil, elm, bilik öyrətmək onun missiyasıdır. Oxu və mütaliə işinin faydasını nə qədər izah etmək olar? Axır cana gəlmiş, cəzana gəlmiş, demiş ki, “Azərbaycan dilində - öz dilimizdə kitab oxumursuzsa, bu dili birdəfəlik öldürək, keçək türk dilinə, ərəb dilinə, moltanı dilinə...!” Adam özünə də asi olmuş. Daha necə desin?! Hiddətini, narazılığını necə ifadə etsin?!
Sizə dörd pritça (az qala pritça!) təqdim edirəm. Görün, Şahbaz Xuduoğlunun bu hiddət dolu sarkazmının altında nə var.
Birinci pritça
Mircəfər Bağırovun məşhur “ironiyasını”, elə Şahbaz bəyin sarkazmını xatırladan qəzəbi haqqında, yəqin, hamı eşidib: “...Mircəfər Bağırov məhkəmədə o məşhur ironiyasnı belə demişdi: “...Məni asmaq azdır, məni güllələmək azdır, məni şaqqalamaq, dörd yerə bölüb tikə-tikə doğramaq lazımdır... Ki, mən bunlara... inanmışam!. Xalqımın qarşısında vicdanım təmizdir!”
Adam düşmənə inandığına görə və mühitin dözülməzliyindən özünə asi olub, özünə qəzəbini ifadə etmək üçün, tövbə üçün bundan məqbul yol varmı?!
İkinci pritça
Kəndimizdə sovetdən qabaq bir din xadimi olub. O zaman quruluşun zülmündən, həmkəndlilərinin dinə, biliyə, savada biganəliyindən cəzana gəlmiş Axund Molla Məhəmmədəli Kərbəlaya ziyarətə yola düşəndə “Pirəsabə” türbəsinin yanında özünə və kəndin camaatına töhmət və qarğış eləyib: “Siz ki, İslamın buyruqlarına əməl etmirsiz, kitaba, savada, biliyə laqeydsiz, Allah məni sizinlə bir də görüşdürməsin ”. Deyib və qarğışı onu tutub. Axund ziyarətə yola düşüb, ziyarət səfərində vəfat edib, orada da dəfn olunub.
O kişi mühitin naqisliyindən, cahilliyindən dad qılıb, özünə ölüm arzulayıb. Ki, bu cəhalət kütləsini bir də görməsin. Nahaq demirlər ki, kütlə öz xeyrini bilmir.
Üçüncü pritça
Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərindən: “Rüstəm bəy (ayaq üstə, başıaçıq): Ay gədə, o xəncəri sox mənim ürəyimin başına, atam sənə qurban!.. Məni öldürün, ay camaat, mən biimanı dünyada sağ qoymayın!.. Ev-eşiyimə bu saat od vuracağam! Əhməd! Əhməd! Od gətir, küləş gətir, yurdumu gərək xaraba qoyam! Viran edim!”
Öz səhvi, peşmanlığı və mühitin avamlığı ucbatından imdad axtaran kişi əlacı özünü öldürməkdə görür. Bu qəzəb Şahbaz Xuduoğlunun qəzəbidir, bir qələm adamının ironiyasıdır. Daha çox özünə taziyanəsidir. Neyləsin?! Mirzə Fətəli, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir bu qəzəblə kütləni qırmanclamırdımı?
Dördüncü pritça:
“Hindistanın ucqar kəndində bir papaqçı yaşayırdı. O, həsir papaqlar toxuyur, sonra da onları aparıb şəhərdə satırdı.
Bir gün səhər o, papaqları zənbilə yığıb şəhərə yollandı. Onun yolu qalın meşədən keçirdi. Papaqçı xeyli gedib yoruldu. Bir ağac dibində otluq yer tapıb uzandı ki, dincini alsın. O dəqiqə də yuxuya getdi.
Sən demə, bu meşədə çoxlu meymun yaşayırmış. Papaqçının yatdığını görən meymunlar ağaclardan enib ona yaxınlaşdılar. Zənbili açıb papaqları götürdülər. Əcaib səslər çıxara-çıxara yenidən ağaclara dırmaşdılar.
Papaqçı səs-küyə oyandı, baxdı ki, meymunlar papaqların hamısını götürüblər, bircə öz başındakı papaq qalıb. O, hirsindən əl-qolunu oynada-oynada meymunları hədələdi:
– Yaramazlar! Qaytarın mənim papaqlarımı! Axı papaq nəyinizə lazımdır?! Mən bu papaqları satıb pul eləməsəm, ailəm acından ölər.
Meymunlar onun səsinə səs verib çığırışdılar. Papaqçı yerdən bir budaq götürüb meymunlara tərəf atdı. Bunun cavabında meymunlar ağacdan əllərinə keçən meyvəni, budağı qoparıb ona atdılar.
Papaqçı hirsindən az qalırdı ağlasın. Nə edirdisə, meymunlar onun hərəkətini təkrarlayırdılar. Axırda o, papağını başından çıxarıb yerə çırpdı və bərkdən qışqırdı:
– Sizi görüm lənətə gələsiniz! Alın mənim papağımı da, gözünüzə soxun!
Elə bunu demişdi ki, bir də gördü meymunlar öz dillərində nə isə qışqırıb əllərindəki papaqları yerə atdılar. Papaqçı başa düşdü ki, meymunlar bayaqdan onun hərəkətlərini yamsılayırmış. Papaqları zənbilə yığıb yoluna davam etdi”.
Şahbaz Xuduoğlunun özünə qəzəbi tutmuş, mühitin yarıtmazlığına kinayə etmiş! Öz papağını başından çıxarıb yerə çırpmış... və demiş ki, “Niyə öz dilimizdə, ana dilimizdə - Azərbaycan dilimizdə kitab oxumursuz?! Bizim kütlə isə hələ “ağacdan düşməyib...”. Məgər görmürsüz?!
Bakupost.az
© 2020 - Created by İLK XEBER.