Aldığımız hər nəfəsdən biri nəfəsin olsun, Türkiyəm! - Rəsul Mirhəşimlinin yazısı

Gerçək dostlar ulduzlar kimidir, qaranlıq çöküncə ortaya çıxarlar, deyiblər. Bu günlər dogma Türkiyəmizin üzərinə qaranlıqların çökdüyü günlərdir. Azərbaycan Türkiyə sevgisi ilə bu qaranlıqları sökmək üçün əlindən gələnləri edir. Eynilə atəşə atılan Hz.İbrahimin (ə) yanğınını söndürmək üçün ağzında bir damla su daşıyan qarışqa misalı… Lakin biz bunu səfimizi bəlli etmək üçün deyil, Türkiyə sevdamızın bizi sardığı sevgi ilə edirirk. Çünki…

Biz, Şərqi Azərbaycanda Türkmən bəylərinin qurduğu Səlcuqlu dövlətinin yürüşlərində Anadolu coğrafiyasını Qazi Alparslanla Malazgirt zəfərində fəth edib, bu əraziyə birgə yerləşmiş eyni xalq, bir Millətik!

Biz, Hz.Mövlanənin "dostumun yalan xəbərini gətirənə libaslarımı verirəm, doğru xəbərini gətirənə canımı verərəm", dediyi Eşq yolunun ustadı Hz.Şəms Təbrizinin sevgisini qəlbimizdə yaşadan, bu sevgini bütün Anadolu coğrafiyasına yayan eyni xalqıq, bir Millətik!

Osmanlı dövlətinin quruluşundan əvvəl Ankara yaxınlığında dövlət quran Xoydan olan qüdrətli Şeyx Əxi Evrenin nəvə-nəticələri olan eyni Millətik!

Biz, Osmanlı dövlətini quran Osman Qazinin mənəvi lideri, mürşidi, Ərdəbildən olan Şeyx Ədəbalının mənəvi liderliyi, duaları ilə qurulmuş, üç qitəyə yayılmış nəhəng imperiyanın birgə qurucuları olan eyni Millətik!

İstanbulun fəthində Fateh Sultan Mehmetin müəllimi, İstanbulun fəthinin mənəvi memarı, əslən Güney Azərbaycanın Xoy şəhərindən olub, Şihabəddin Sühreverdinin nəslindən gələn, Şirvandan Anadoluya köçmüş Ağ Şəmsəddinin – Məhəmməd ibn Şeyx Həmzənin zikrlərinə könlümüzü vermiş bir Millətik!

Biz, “Qul oldum qapısında” deyib, başını dərgahına fəda etdiyi, yoluna qəlbini verdiyi Yunus Əmrəyə mürşid olan əslən Güney Azərbaycandan Tapdıq Əmrənin sevgisinin tumurcuqlarında böyümüş tək Türk Millətiyik!

Biz, Qarabağdan Anadoluya köçüb, Türkiyənin Amasya şəhərində mürşidi İsmayıl Əfəndiyə qovuşan Seyid Mir Həmzə Nigarinin yolunun mənəvi davamçıları olan eyni Millətik!

Bu gün Türkiyədə baş verən dəhşətli zəlzələyə görə Azərbaycan vətəndaşlarının canı sızlayır, qardaşlarını yardımına qoşursa, bilin ki, Çanaqqala zəfəri üçün canlarını fəda edən 3 mindən artıq Azərbaycandan olan Şəhidimiz də Çanaqqala Şəhidliyində sızlayır…

İllər əvvəl Elazığa səfərimdə bu şəhərdə keçirilən tədbirin təşkilatçılarından biri mənə bu sözləri demişdi: “Əgər mənim milyon ürəyim olsaydı, sərərdim azərbaycanlı qardaşlarımızın ayaqları altına, yeriyəndə ayaqlarına daş toxunub incitməsin. Nə edim ki, bircə ürəyim var. O ürəyi də bölmüşəm milyon parçaya, sərmişəm ayaqlarınız altına”. 

Bu sözlərin qarşılığında nəsə demək üçün bütün sözlər aciz qalar. Qardaşın qardaşa sevgisinin sözdə ifadəsi olan bu kəlmələri hər xatırlayanda gözlərim dolur. 

Bu gün Türkiyə ağır günlərini yaşayır. Azərbaycan Türkiyənin yanında olmağı özünə vəfa borcu bilir. Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi kimi, ikinci Qarabağ savaşında Türkiyənin mənəvi, siyasi baxımdan yanımızda olması kimi…

Bu dəfə qardaşlarımızın yanında olmaq növbəsi bizimdir. Türkiyə ordan bir dəfə “Qardaş” deyər, 50 milyonluq Azərbaycan insanın hər birininin qəlbinin dərinliyindən qopub, göylərə “Can!” nidası yüksələr. 

Ürəyini milyon yerə bölüb azərbaycanlı qardaşlarının ayaqlarına sərən qardaşlarımız indi dardadır. Dağıntılar altında ona uzanacaq yardım əlinin intizarında gözləyir. Saatlar keçdikcə dağıntılar altında qalan qardaşlarımızın nəfəsi azalır. Aldığımız hər nəfəsdən biri nəfəsi tükənməyə doğru gedən soydaşlarımıza nəfəs olsun. 

Babalarımızın Çanaqqala savaşına qoşduğu kimi, yenə Türkiyənin yanına qoşuruq. Babalarımızdan bizə əziz yadigar qalan Türkiyə sevdamız Qiyamətə qədər sönməsin!

Allah qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin!

Allah dağıntılar altında xilas olunmaqlarını gözləyən soydaşlarımızı tezliklə sağ-salamat əzizlərinə qovuşdursun! 

Amin!

Rəsul Mirhəşimli
Avropa.info