Aygün Əliyeva: “Vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini təqdir etmək əvəzinə...”

“Agentlik hər hansı bir aksiyanın keçirilməsindən asılı olmayaraq qrant müsabiqələri keçirir”

Bu günlərdə Mikroskopmedia.com elektron resursunda “Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması” adlı yazı dərc olunub.

İlkxeber.org xəbər verir ki, məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək məqsədilə şərait yaradılması üçün 12 dekabr 2022-ci il tarixdən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eko-fəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlayıblar.

“Aksiyaçıların əsas tələbləri monitorinq üçün şəraitin yaradılması, Azərbaycanın təbii sərvətlərinin talanmasının qarşısının alınması, ermənilər tərəfindən aparılan ekoloji terrorun sona çatdırılmasından ibarətdir. Qeyd olunduğu kimi aksiyanı vətəndaş cəmiyyəti nümayəndələri keçirir. Təəssüflə qeyd etməliyik ki, hər zaman olduğu kimi dövlətin milli maraqları naminə aparılan işlər bəzi üzdəniraq qüvvələri narahat edir”.

“Qeyd etdiyiniz sayt da milli maraqlar üçün vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini təqdir etmək əvəzinə qarayaxma ilə məşğuldur” – deyə, A.Əliyeva əlavə edib:

“Agentlik hər hansı bir aksiyanın keçirilməsindən asılı olmayaraq, il ərzində qeyri-hökumət təşkilatları üçün qrant müsabiqələri keçirir. Məsələn 2022-ci ildə 500-dən çox QHT maliyyəlşdirilib. Əvvəlki illərdə də bu belə olub, bundan sonra da davam edəcək. Bu bizim fəaliyyət istiqamətimizdir, Azərbaycanda dövlət qeydiyyatına alınan bütün QHT-lər qrant müsabiqələri çərçivəsində maliyyə yardımı ayrılması üçün Agentliyə müraciət edə bilər”