Qərb sülh prosesinin Rusiyanın nəzarətindən çıxmasında maraqlıdır - Partiya sədri

“44 günlük müharibədən sonra aparılan sülh görüşlərində Ermənistanın rəsmi mövqeyi dəfələrlə dəyişib. Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduqlarını, Bakının irəli sürdüyü təklifləri qəbul etdiklərini bildiriblər. Eləcə də danışıqların davam etməsində guya maraqlı olduqlarını ifadə ediblər. Amma sonda fikirlərini dəyişərək əlavə şərtlər irəli sürüblər. Sözsüz ki, burada Ermənistanı müdafiə edən İran və Fransa kimi dövlətlərin də müəyyən təsirləri olub. Bu baxımdan indi Nikol Paşinyanın, onun komandasının və bütövlükdə erməni cəmiyyətinin səmimiliyinə qəti inanmıram”.

Bu sözləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Partiya sədrinin sözlərinə görə, əslində qərb ölkələri çalışırlar ki, Cənubi Qafqaz, eləcə də Qarabağ prosesi, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi Rusiyanın nəzarətindən çıxsın:

“Bunun da ən gözəl yolu - Avropa İttifaqı formatında aparılan danışıqlardır. Azərbaycan dəfələrlə elan edib ki, Avropa İttifaqı formatında gedən danışıqlarda iştirak etməyə hazırdır. Sadəcə olaraq Ermənistan tərəfi Fransanı bu formata daxil etmək istədiyi üçün danışıqlar bir müddət dayandı. Hesab edirəm ki, əgər Fransa, İran və ya digər dövlətlər bu formata qatılmayacaqsa, danışıqlar Brüssel formatında davam etdirilə bilər. Mənim qənaətim belədir ki, Qərb sülh prosesinin Rusiyanın nəzarətindən çıxmasında maraqlıdır. Hər halda ümid edirəm ki, proses Rusiyanın nəzarətindən çıxacaq və Brüssel formatında danışıqlar davam edəcək”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, əslində hərbi qarşıdurmanın baş verməsi üçün Ermənistan tərəfi kifayət qədər əsaslar yaradıb, amma Azərbaycanın səbrli və təmkinkli mövqeyi kəskin qarşıdurmaların qarşısını ala bilib:

“Düzdür, ayrı-ayrı hallarda Azərbaycan tərəfinin hərbi və diplomatik cavabı da yoxdur. Hər halda danışıqlar daha münasibdir. Aydındır ki, Azərbaycan ərazilərini işğal etmiş, onu uzun illər nəzarətdə saxlayan bir ölkə ilə razılığa gəlmək xeyli çətin olacaq. Amma hər halda müharibədənsə, danışıqlar daha münasibdir. Ümid edirəm ki, İrəvanda gec-tez anlayacaq ki, danışıqların alternativi yoxdur”.