“Xalqının vizit vərəqi” olanlar seriyasından: Cənab Professor...

Aydın Can

Fransada Əhmədiyyə Cəbrayılov;

İtaliyada-Yuqoslaviyada Mehdi Hüseynzadə qəhrəmanlıqlarıyla;

Amerikada Lütfi Zadə;

Yaponiyada Rafiq Əliyev alimlikləriylə mənsub olduqları “xalqın vizit vərəqi” sayılıb!

Rusiyada da bu ranqda təmsilçilərimiz olub– həm çar, həm də sovet, üstəlik də müstəqilllik zamanı, - bir az sayları çoxdur: xoş olmasa da BELƏ “vizit vərəqi” olmaq!

Bəli, I Pyotrdan üzübəri istək, II Yekaterina hökmdarlığından real müstəmləkəsi olduğumuz Rusiyanın istər çar dönəmində, istər sovetlik mərhələsində hər şey ondan asılı idi ki, millətin vassal-qubernatorları nə qədər Əlahəzrətin və Ülyahəzrətin rəğbətini qazanmışdı... hədiyyələriylə və töhfələriylə! Tarixin ən cansıxıcı kəsimi olub “orden, medal, bayraq” şəklində “xalqın vizit vərəqi” olanlarımıza əl çalmaq! Eyni aqibəti bizə İran da yaşadıb: “azərbaycanlı”, əslində isə xas türkün Dövlət ərkanında təmsilçiliyinə yer verməklə!

İki imperialist strukturlu rejimin mahiyyəti bu olub ki, xalqı onun “vizit vərəqi” olanlarla mancanaq kimi əzsin!

Hərçənd bu, siyasi tale olsa da, bu siyasi talenin içində belə bu xalq üçün çox işlər görmüş “vizit vərəqi” olanlarımız təsəllimizdir: Nəriman Nərimanovdan, Mircəfər Bağırovdan ta Heydər Əliyevəcən – kifayət qədər xilaskarlıq etməyi bacarıblar!

Bir var tarixin özü, bir də var müntəxəbatı! Amma tarixin fəlsəfəsini də yaddan çıxarmaq lazım deyil: düşünən başlar Tarixin Özünü, Müntəxəbatını oxuyur, amma Tarixin Fəlsəfəsi üstündə dəyər verməyi bacarır!

Son 30 ildə nə Tarix var, nə Tarixin Müntəxəbatı! Tarixin Fəlsəfəsi mövcud dönəmin kateqoriyasına ad tapmaq barədə düşünür!

Zaman keçəndən sonra, görüntüdə “Rusiya-Ukrayna savaşı”, mahiyyətdə “Şərqin müdrikliyi, yoxsa Qərbin zoru” sualının cavabı bilinəndə MƏRHƏLƏNİN adı bilinəcək... “renessans”mı, “səlib yürüşü”mü?

Azərbaycanda... dünyada elm olaraq qəbul edilən Tarix fənninin falsifikasiyası və Tarixlə manipulyasiya dönəmidir! Gələcəyə - Dövlətin, Millətin və Tarixin özünün sabahına ipucu verməli olan jurnalistika isə SIFIR səviyyəsində!

Tarixi Fatehlər yazır – məlum! İzahına-açmasına təfərrüatlarına varmadan deyim ki, bu ölkənin bugünkü taixçiləri heç son 200 ilin möhtəşəm 44 günlük qələbəsini layiqincə çatdıra bilmir nəinki dünyaya, heç özünün qaragüruh azərbaycanlısına, handa ola savadlı nümayəndəsinə! Durum bu qədər fəci, kötü, nonsens: ərazinin işğaldan azad olunan hissəsi üstündə manipulyasiya edənlər Tarixi Tabuların darmadağın edilməsini (erməni lobbisinin yatırımlarının, qonşu, müttəfiq dövlətlərin məkrli hamiliyinin sıfırlanmasını) lazımınca dəyərləndirə bilmir! Mövzudan yayınmadan deyim ki, Rusiyanın Qarabağdakı fiaskosu bu gün Ukrayna üçün böyük stimul oldu: bu elə həmin Ukrayna və ukrain xalqıdır da, Qarabağdan on dəfə artıq ərazini 2014-də Rusiya əlindən almışdı – heç “mıqq” etməmişdi nəinki Ukrayna, elə Avropa və NATO da!

Jurnalistika isə... “kart-blanş”dır milləti, dövləti sevən vətəndaş-jurnalistin əlində!

Jurnalistika da elə Tarix kimi keybalaxanım və əfəl obrazında!

Ölkə Prezidenti ilə jurnalistlərin görüşündə bu bir daha təsdiq olundu... verilən sualların səviyyəsi ilə: halbuki qarşılarında BBC-nin, Röyterin, “Vaşinqton Post”un, SİTA-nın, İRNA-nın ən şovinist və lobbist jurnalistlərinin ən məkrli və şantajedici, kompromatlı suallarına çox dəqiq və konkret, sərrast cavab verən bir Prezident oturmuşdu!

Fizikadan anlayışı olanlar bilir ki, şəbəkədə kondensator varsa, hansı sualın cavabı sıfırdır!

Azərbaycan jurnalistləri cavabı sıfır olan suala göz yumaraq, çıxmışdılar efirə!

Və fb statuslarımda Azərbaycanın iqtisadi qüdrətini, siyasi gücünü, elmi potensialını ifadə edən faktları açıqlamışam! Deyəcəyim bir odur ki, bu gün sosial-məişət çatışmazlıqları nəzərə almasaq, Azərbaycan dövləti hərbi gücünü nümayiş etdirməklə Tarixin bu adsız və qaydasız döyüş meydanından qismən də olsa zərərsiz və fayda ilə adlaya bilib!

Bu, indiki mərhələdə qənaətbəxş sayılmalıdır!

Ölkənin bu potensialı ilə bu, möcüzədir!

Niyə?

Təsəvvür edin: 20 ildir bu ölkə jurnalistikası Professor, hüquq elmləri doktoru İlham Rəhimova ildə bir dəfə müsahibə üçün müraciət edir, hərləyib-fırlayıb eyni sualı verir: siz Rusiya Prezidentinin tələbə yoldaşısınız, münasibətləriniz indi necədir və növbəti suallar da eyhamlı şəkildə komplo xarakterli!

20 ildir bu jurnalistika bu sual və mahiyyəti bu sualın törəməsi olan eyhamlardan o yana adlayıb keçməyib!

20 ildir bu jurnalistika İlham Rəhimova kiməsə yardımçı olmaqda minnətdarlıq, kiməsə də yardımçı olmamaqda ittiham edir!

Halbuki...

İlham Rəhimov nümunəsi imkan verirdi ki, ABŞ-ın dövlət katibi də, Nigeriyanın Prezidenti də, Böyük Britaniyanın Kralı da, Ukraynanın Prezidenti də, AŞ PA-nın, NATO-nun rəhbərliyi də seçiləndə, ilk mətbuat konfransını keçirəndə məhz Vladimir Putin kimi deməliydi: “Azərbaycan mənim üçün İlham Rəhimov deməkdir!”

Mən.... 2005-ci ildən İlham Rəhimovu tanıyandan, ilk növbədə onun İnsanlığını, ondan sonra onun Alimliyini, ardınca da İnsanlığı ilə Alimliyini birləşdirib bu vətən, bu dövlət, ən başlıcası, Türklük üçün mücadiləyə yönəltdiyini vurğulamışam!

Bax bu üç amildir İlham Rəhimovu “xalqının vizit vərəqi” edən!

Adnan Menderesdən sonra pozulan Rusiya-Türkiyə münasibətlərinin bərpası istiqamətində İlham Rəhimovun müstəsna xidmətləri var!

Azərbaycanlıların Rusiya Federasiyasının paytaxt və digər iri şəhərlərinin ticarət mərkəzlərindən deportasiyasını qarşısına məqsəd qoyan daxili işlər naziri Ruşaylonun məkrli planının pozulmasında, qarşısının alınmasında əvəzsiz xidmətləri var!

Bir çox digər missiyaları var ki, bu gün siyasi və diplomatik etiketlərə görə, məqbul sayılmır cəmiyyət üçün açıqlanması!

İlham Rəhimov ranqda və rütbədə, sanbalda xalqın bir təmsilçisi varsa, o ranqda və rütbədə, sanbalda təmsilçini digər xalqlar bu və ya digər formada ələ alır, dövlətin və xalqın lehinə fəaliyyətə məsul edir! Fəqət... İlham Rəhimov heç bir dəstək, təklif, vəd olmadan bunu öz istəyi, öz sevgisi ilə edir, Azərbaycan jurnalistikası Azərbaycan siyasi isteblişmentinin, nazir-oliqarx-məmur şəbəkəsinin yal tulaları qismində komplo və şantaja əl atır!

Tanıdığım bu illər ərzində bircə dəfə də görmədim ki, Rusiyadakı diaspor cameəsi İlham Rəhimovun əlaqələrindən faydalanlb mobil lobbi formalaşdırmağa görə siyasi dəstək üçün müraciət etsin: müraciətlərin yüzdəyüzü fərdi xahişlərdən, ambisioz iddialardan ibarət oldu!

Hətta elə jurnalistlər oldu ki, Azərbaycan efirlərindən utanmaz-utanmaz maliyyə yardımı etməyə borclu olduğunu səsləndirdilər!

Ən dəhşətlisi isə Rusiya Prezidenti ilə yaxınlığı qaxınca çevirmək oldu! Heç birinə də deyilmədi ki...

Mənim tələbə yoldaşlarım var: deputatdırlar, vəzifə sahibidirlər, baş redaktordurlar, nəinki mənimlə maraqlandılar, hətta birinin ev telefonunu tapıb zəng edəndə daş atıb başını tutdu ki, evimin nömrəsini hardan tapmısan, sanki Klinton-zad imiş, telefonu məxfi imiş, digəri hətta korrektor, onu da qeyri-rəsmi götürmüşdü işinə, sağ olsun Rauf Arifoğlu, ittihama çevirdi, rəsmiləşdirdilər!

Heç biri başa düşmək istəmir ki, a bala, qrup, tələbə yoldaşı olmaq hələ heç nə demək deyil, etimadı qazanmaq azdır, gərək tələbə yoldaşın da alilik bilə, üstəlik də əgər adam gəlib Rusiya Prezidenti olubsa....

Deməli, bu İnsan öz Ağlı, Əxlaqı, uzun illər sərgilədiyi İnsanlığı ilə bunu haqq edib!

Azərbaycan iqtidarına bir bax, Azərbaycan müxalifətinə bir bax, mətbuatına bir bax, üç il-beş il bir yerdə mübarizə apara bilməyənlər, bir yerdə işləyə bilməyənlər, bir-birini satanlar, bir-birinə atanlar... göz deşir!

Belə bir toplumun təmsilçisi əgər natamam 17 yaşından 50 yaşınacan dostluğu, xətir-hörməti qoruyubsa, bu dostluq, bu xətir-hörmət xalqın özü boyda, dövlətin özü qismində ifadə olunubsa, bundan ancaq və ancaq yararlanmaq olar!

Adam 250 milyonluq şovinist ölkədə ən gənc hüquq elmləri namizədi olubsa, hüququn ən müxtəlif sahələri üzrə fundamental elmi məqalələr və monoqrafiyalar müəllifidirsə, sən, sadəcə, fəxr etməli, qorumalı, daha çox dəyərləndirməlisən!

Erməni və rus mətbuatının əxlaqına sığışdırıb yazmadığını Azərbaycan mətbuatında ildə bir dəfə görmək adamı içindən qırır!

Hətta son bir ilin olayları zamanı Rusiya oliqarxlarına tətbiq olunan sanksiyalarda belə adı hallanmayan bir imkanlı iş adamın varsa, bununla qürur duymalısan: deməli, sənin xalqının nümayəndəsi heç bir halda cəmiyyətdə, hakimiyyət ierarxiyasında və dövlət strukturlarındakı əlaqələrindən yararlanaraq ölkədaxili və beynəlxalq şəffaflıq mərkəzlərində qara siyahıya düşməyib! Unutmaq lazım deyil ki, rus jurnalistikası ən qəddar və şovinist jurnalistika olub, Heydər Əliyev ümumittifaq əhəmiyyətli pensiyaçı kimi, dövlət bağında qalanda “Arqumentı i faktı” qəzeti manşet vermişdi 1992-ci ildə: “Heydər Əliyev niyə o qədər pensiya alır Rusiya büdcəsindən, SSRİ dağılıbsa?”

İlham Rəhimov elm adamı kimi, hüquq elmləri doktoru, professor olaraq, Balkan ölkələrində, Türkiyədə, Rusiyada xüsusi nüfuza malik bir təmsilçimizdir!

“Xalqın vizit vərəqi” seriyasından onu həm də dünyanın görkəmli adamlarından saymaq bizim idrak borcumuzdur!

Bizim onu etiraf etməyimiz ürək məsələsidir, etiraf etməməyimiz hüquq elminin vecinə deyil! Necə ki, Rafiq Əliyevi işsiz qoymaq, dışlamaq elm adamı olan heç bir yaponu ilgiləndirmir, o yapon üçün Rafiq Əliyev iş adamı, vəzifə sahibi önəmi daşımır, onun adını eşidəndə qeyri-iradi deyir: “Azərbaycan!”

Sovet Rusiyasında “Azərbaycan”a bərabər imzalar çox olub, elə sovet dönəmində də qalıblar, amma gələcəyindən asılı olmayaraq, müstəqil Rusiyada İlham Rəhimov Azərbaycanın “vizit vərəqi” olaraq qalacaq: hüquq elminin gözəl nümayəndəsi kimi, çünki cənab Professoru Balkanlarda, Qara dəniz akvatoriyasının o üzündə də, bu üzündə də qəbul edirlər! V.V.Putinin tələbə yoldaşı olmaq isə, sadəcə, tərcümeyi-halın “dövlət rəhbərinin nəzərində xalqına, dövlətinə bərabər isim” qədərincə möhtəşəm memuar faktıdır!

Təbriklər, Professor!

Tarixin Özünə, Tarixin Müntəxəbatına və Tarixin Fəlsəfəsinə ayrıca fəsil əlavə etdiyiniz üçün!

Sizi Tarixin bütün təqvimlərində sıravi, orta, ali azərbaycanlı zaman-zaman əzizləyəcək: çünki heç bir zaman ucaldığınız mövqelərdə dövlətin, xalqın mənafeyi ilə uyğun gəlməyən heç bir olayda yoxsunuz!

Bunu 70 yaşacan və ondan sonra da qorumağı bacarmaq İnsanlıq və Alimlik Simfoniyasıdır!

Üzünüzə Günəş gülsün, arxanızca yellər əssin!