Şəhidimizin qardaşı həkimlərə təşəkkür etdi

 

 

"Bakının Məhəmmədi kəndində yerləşən modul tipli xəstəxanaya gələndə vəziyyətim pis idi. Burada tibb işçiləri tərəfindən elə bir qulluq gördüm ki, əvvəlcə elə bildim, şəhid ailəsi olduğuma görə tapşırılmışam ona görə belə rəftar edirlər. Lakin özümə gələndən sonra müşahidə etdim ki, bütün xəstələrin eyni şəkildə cani-dildən qayğısına qalınır. Bu xəstəxananın çox gözəl kollektivi var".

Bu sözləri Redaktor.az-a 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev bildirdi.  Şəhidimizin qardaşı saytımız vasitəsilə TƏBİB-in rəhbərliyi başda olmaqla şöbə müdiri İmran həkimə, Mübariz həkimə, o cümlədən bütün kollektivinə, həmçinin xəstəxananın rəhbərliyinə, tibbi personalına, şəxsən şöbə müdiri Rasim həkimə təşəkür etdi:

"Burada personal çox peşəkardır. Sözünü düzü əvvəlcə qorxurdum, gəlmək istəmirdim. Amma yaxşı ki, gəlmişəm. Həkimlər gecə səhərəcən gözlərini qırpmadan müalicəmlə məşğul olub məni ağır vəziyyətdən xilas etdilər. İndi şükür Allaha, yaxşıyam, palataya köçürülmüşəm. Bu xəstəxanada Rasim adlı bir şöbə müdiri var. Yüksək intellektual səviyyəyə malik həkimdir. Mən bilmirəm, o, insana necə təşəkkür edim. Mənə dedi ki, narahat olma, yanvarın 5-ə kimi səni tam sağaldıb ayaq üstə evə buraxacağıq. Rasim həkim bildirdi ki, "bayram günlərində də sənə görə mən gəlib işə çıxacağam, müalicəni tam boynuma götürmüşəm və bunu edəcəyəm". Mən indiyə kimi belə şey görməmişdim. Heç bir təmənna güdmədən xəstələrə doğmaları kimi münasibət göstərib, qayğılarına qalırlar. Bu nədir belə? Sanki möcüzəvi yerə düşmüşəm. Mən çox razı qaldım. İki-üç günün içində ağrılarımın hamısı demək olar ki, gedib. Bu adamlar tam professionaldırlar. Bütün xəstələrə çox mülayim davranırlar, çox yaxşı rəftar bəsləyirlər. Həyatdan üzülmüş vəziyyətdə gəlmişdim, indi amma hər şey yaxşıdır. Ona görə də bir şəhid ailəsi kimi Rasim həkimə və xəstəxananın rəhbərliyinə, həmçinin bütün şəxsi heyətə təşəkkürümü bildirirəm".