Deputat məhkəmələrdən şikayətləndi: “Müraciət edəndə keçir şantaja...”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşu zamanı söz alaraq, vacib bir məsələni həmkarlarının diqqətinə çatdırmaq istədiyini bildirdi.

Deputat bildirdi ki, bununla həmkarlarının bütün narahatlıqlarını bölüşür: “Biz son zamanlar müşahidə edirik ki, qanunvericilik təşəbbüsü subyektindən - hazırda da bu işi əsasən Prezident Administrasiyası görür - gələn qanunların çoxunda əlavə və düzəlişlərdə yalnız məhdudlaşdırıcı normalar daxil olur. Hər kəs kiçik araşdırma aparsa, görər ki, məsələn, cəzaları sərtləşdiririk, bəzən əsaslandırmadan niyə sərtləşdiririk? Yəni bu sahədə cinayətlərin sayında artım varmı? Yəni bu nədən qaynaqlanır? Cərimələr, rüsumlar artırılır. Dövlət orqanlarına səlahiyyətlər verirlər ki, özü öz xidmətlərinə görə, vətəndaşdan rüsum tələb eləsin. İndi də bu növbəti məhdudiyyətdir”.

Q.Həsənquliyev əlavə etdi ki, liberallaşmanın yerinə, biz məhdidiyyətlər təbiq edirik: “Yəni bu tendensiya görünən, hiss olunandır. Artıq insan bir istiqamətə meyllənsə, o istiqamətdə işlər davam edəcək. Biz çalışmalıyıq ki, cəmiyyətimiz iqtisadi və digər sahələrdə liberallaşsın. Məsələn, konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyətinin qanadları bir-biri ilə qarşılıqlı fəaliyyətdə işləyirlər. Amma məsələn, bir millət vəkili məhkəməyə müraciət edəndə ki, niyə uzun illərdir süründürməçiliklə məşğul olursan, niyə qərar qəbul eləmirsən? Əgər iddiaçı haqsızdırsa, qərar qəbul elə! Amma qərar qəbul eləmir, illərlə, aylarla təxirə salır, insanı süründürür”. Ardınca deputat sensasion fikirlər söylədi: “Müraciət edəndə keçir şantaja, bildirir ki, siz bizim işimizə qarışa bilməzsiniz. Hakimiyyətin bir qanadıdır. Halbuki, biz qarşılıqlı əlaqədə işləməliyik. İcra orqanına bu barədə deyəndə bildirirlər ki, biz hakimiyyətin müstəqil qanadıyıq, siz bizim üçün icrası məcburi olan göstəriş, qərar qəbul edə, verə bilməzsini və sair. Amma bizim onlar tərəfindən gələn qanunlara mən ciddi müqavimətimizi görmürəm. Yəni onlar pis-yaxşı hələ ki öz vəzifəsini yerinə yetirir. Yəni yeri gələndə hakimiyyətin qanadının mövqeyini qoruyurlar. Amma gələn qanun layihələrini biz səsə qoyuruq və qəbul edirik”.

Musavat.com