Türkiyə: turistlər ölkəsi - İstanbul, Sivas və Ərzincandan səfər təəssüratı (FOTOLAR)

II YAZI

Qardaş və dost ölkə Türkiyəyə bir neçə gün öncə gerçəkləşən 3 günlük səfərdən хoş təəssüratla geri döndüm. Qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşən - noyabrın 15-dən 18-dək davam edən səfər olduqca maraqlı və yaddaqalan oldu. Bu imkanı bizə yaradan Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə öncədən təşəkkür edirəm.

Qeyd edim ki, bu səfərdə Azərbaycandan olan bir qrup həmkarımla yanaşı, digər ölkələrdən - Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Rumıniya, Makedoniya və Serbiyadan da jurnalist və blogerlər iştirak edirdilər... 

(Yazının əvvəli bu linkdə: http://ilkxeber.org/news.php?id=54476)

Sivas – ən qədim svilizasiyaların məskəni

    

Türkiyəyə səfərimizin növbəti günü - noyabrın 16-sı səhər tezdən İstanbuldan Sivasa uçduq. Ən qədim svilizasiyaların məskəni kimi tanınan Sivas xarici və yerli turistlərin diqqətini cəlb edən coğrafi məkanlardan biridir. Bütün dövrlərdə əhəmiyyətli inzibati mərkəz olan Sivas, hititlərin strateji qalası, Kadı Bürhanəddin, Danişment, Eretna bəyliyinin paytaxtı, Səlcuqlu dövlətinin Darül Alası, Osmanlının əyalət mərkəzi və Anadoluda Cümhuriyyətin əsaslarının atıldığı bir bölgədir. Bu mənada Sivasın Cümhuriyyət küçəsində yerləşən Konqres Mərkəzi tarixi baxımdan mühüm əhəmiyyətə malikdir. Çünki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk 1919-cu il sentyabrın 4-də Sivasa gələndə bu binadan Cümhuriyyətin təməlinin qoyulduğunu elan edib. Binanın daş divarları üzərinə həkk olunmuş “Cümhuriyyətin təməlini burada atdık” yazısı da elə uzaqdan diqqəti cəlb edir... 

Sivas təkcə tarixi abidələri ilə cəlbedici deyil. Burada keyfiyyətli optik linzalar istehsal edən müəssisələr, eləcə də digər məhsullar istehsal edən zavod və fabriklər fəaliyyət göstərir. Sivas “Balıklı Kaplıca” adlı sanatoriyası ilə də çox məşhurdur. Nə qədər qəribə səslənsə də, bu şəfa ocağında xəstələri müalicə edən həkimlər deyil, balıqlardır. “Garra rufa” adlanan “həkim balıqlar” bir sıra dəri xəstəliklərini həmin sahəyə toxunmaqla, ölmüş hüceyrələri dəridən qoparmaqla müalicə edirlər. Sadəcə, buraya gələn xəstələrin müəyyən müddət suda qalması və “həkim balıqlar”ın “müalicəsini” səbrlə qəbul etməsi lazımdır.

Gök Mədrəsənin tac qapısındakı yazı: “Allah onun dövlətini daim saxlasın"

Sivasın mərkəzində tanış olduğumuz qədim tarixi-memarlıq abidələri, eləcə də digər turistik məkanları olduqca maraqlı idi. Məsələn, buradakı Gök Mədrəsə-muzeyi çox qiymətli tarixi abidədir, maraqlı ziyarət məkanıdır. Mədrəsə Səlcuqlu Türk dövlətinin padşahı Qiyasəddin Keyxosrov tərəfindən 1271-ci ildə səlcuqlu türk arxitekturasına uyğun tikilib. Gök Mədrəsənin tac qapısında ərəbcə yazılıb: "Böyük sultan, ali şah, dünyanın və dinin köməkçisi Kılıç Arslanın oğlu Keyhüsrev dövlətinin zamanında tikilib. Allah onun dövlətini daim saxlasın". Mədrəsənin giriş qapısı və kandarı mərmərdən tikilib. Mədrəsə-muzeydə 19 otaq var ki, vaxtı ilə həm ibadət edilib, həm də ilin 9 ayı dərslər keçirilib.

Burada tələbələrə İslami elmlər - ərəb dili, qrammatika, Quran təfsiri, gözəl bədii qiraət ilə yanaşı o dövr üçün vacib olan dünyəvi elmlər  - fəlsəfə, hikmət, astronomiya, hüquq və hesab dərsləri də tədris olunub.

Qoşa minarəli tac qapısı və darvazanın üzərindəki bəzəklər binanın ən möhtəşəm hissəsidir. Dekorasiyalarda 9 növ heyvan başı, ulduz, həyat ağacı motivlərindən istifadə olunub. Divarları yonma əhəngdaşı olan mədrəsənin minarələrinin uzunluğu 25 metrdir. Mədrəsənin girişində sağda məscid var. Çini ilə ilə örtülmüş məşhur minbərin üzərində Ayet-el Kürsi yazılıb. Qübbəyə keçidin üçbucaqlarla təmin edildiyi məscidin günbəzi və ətəkləri çini ilə bəzədilib. Mədrəsəyə girişin sol tərəfindəki kvadrat planlı günbəzli otaq Dar-ül Hədis bölməsidir. Daxili divarlar suvaqlıdır. Açıq düzbucaqlı daxili həyətin ortasında hovuz mövcuddur. Bu Anadoluda ən böyük Səlcuqlu hovuzudur. Gök Mədrəsə təmirdən sonra hazırda muzey olaraq istifadə olunur, hər gün çoxlu sayda xarici və yerli turist bu tarixi abidəni ziyarət edir.

Keykavusun tikdirdiyi Darüşşifa Kale kompleksi və Kale camisi

Sivasda əski dövrlərə aid abidələr əsasən şəhərin mərkəzi olan Səlçuk Parkında yerləşir. Burada tanış olduğumuz abidələrdən biri 1217-ci ildə tikilmiş Darüşşifa Kale kompleksi idi. Bu kompleks türklərin dənizlərə çıxışını təmin edən ilk türk hökümdarı kimi tarixə düşən Səlçuqlu sultanı I İzzəddin Keykavusun göstərişi ilə inşa olunub. Kompleksdə, vaxtilə 2 mədrəsə, karvansaray, hamam və müalicəxana fəaliyyət göstərib. Sultan Keykavusun türbəsi də buradadır. Türbənin divarında Keykavusun fars və türk dillərində son vəsiyyəti asılıb: 

Ma cahan-ra gozaştim u şodim

Renci-rahat nigaştim u şodim

Bad ez-in nevbet-i gomaşt ki ma

Nevbet-i hiş daştim u şodim

              *****

Biz dünyadan geçib gittik 

Sıkıntıyı da rahatı da görüb gittik 

Artık sıra size gelmişdir 

Biz növbəmizi savip gittik. 

Sivasın mərkəzindəki möhtəşəm tarixi abidələrdən biri də Osmanlı Sultanı 3-cü Murad dövründə Sivas valisi olan Əli Bəyoğlu Mahmud Paşa tərəfindən inşa etdirilən Kale Camidir.1580-ci ildə inşa edilən Kale Cami adını qala planı ilə kvadrat formada tikildiyi üçün almışdır. Məscidin divarı yonma daşdan, minarəsi isə kərpicdən hörülmüşdür. Osmanlı dövrünün məscid memarlığının ən əhəmiyyətli əsərlərindən olan Kale Caminin hər iki tərəfindəki iki daş diqqəti cəlb edir. Bu daşlardan biri məscidin həyətinin qarşısında yerləşən qismən oyulmuş daşdır. Bu daş Sədəqə Daşıdır. Məscidin minarəsinin altındakı içi boş daş isə İtirilmiş Daş adlanır. Sədəqə daşı Osmanlı cəmiyyətində insanların bir-birinə olan hörmət və məhəbbət dərəcəsini ifadə edən, çox yüksək və ülvi məna daşıyan, məscidlərdə və dini-ictimai xidmət yerlərində içərisində və ya üstündə adı həkk olunmuş daşdır. Xüsusilə gecə namazına gedən müsəlmanlar həmin gün vermək istədikləri sədəqəni həmin daşın oyuğuna qoyub gedirdilər. Eləcə də, qaranlıq gecədə iffət və iffətinə görə yoxsulluğunu gizlədən fəqirlər oradan ancaq lazım olanı götürər və başqa kasıbların haqqına hörmət edərdilər. İtirilmiş Daş isə itmiş əşyalar üçün nəzərdə tutulurdu. Yaxınlıqda tapılan əşya daşın içindəki çuxura qoyulur və sahibi tərəfindən götürüləcəyi gözlənilirdi. Əşyasını itirən şəxs də əvvəlcə bu çuxur Daşa baxardı.

Divriği Ulu Camesi və Darüşşəfa xəstəxanası kompleksi

Növbət ünvanımız Sivas vilayətinin Divriği rayonunda Kale Mahallesi ərazisində, Sivasın mərkəzindən 80 kilometr məsafədə yerləşən Divriği Ulu Camisi oldu.

Öncədən qeyd edim ki, hazırda bərpa işləri ilə bağlı olduğu üçün bizə zanbaq oymalı bu Ulu məscidin içərisinə girməyə icazə vermədilər. Ancaq bələdçimiz yaxın günlərdə məscidin yenidən ziyarətçilərin üzünə açılacağını deyib bizi müjdələdi.   

Divriği Anadolu Sәlcuqlılarına aid Mәngücükoğulları bәyliyi dövründә tarixi ipәk yolu üzәrindә olan әhәmiyyәtli bölgә olub. Mәngücükoğulları bәyliyinin başçısı Süleyman Şahın oğlu Әhmәd Şah 1228-ci ildә külliyәni inşa etdirmәyә başlayıb. Külliyә 13-cü әsrin ortalarında tamamlanaraq hәmin il ibadәtә açılıb. Bu abidəyə məscid, mədrəsə və xəstəxana daxildir. Abidənin qapıları önündə Qurani-Kərim ayələri ilə bərabər Məhəmməd peyğəmbəri simvolizə edən zanbaq gülünün əks olunduğu oymalar həkk olunub. Burada həm də ruhi xəstələri su səsi ilə müalicə edirdilər.

Mәsciddә 20-yә yaxın memarlıq üslubuna rast gәlmәk mümkündür. Mәscidin mehrabı kimi minbәri dә diqqətsiz qalmır. Mәscidin Şah dairәsi, xalça vә kilimlәri dә olduqca heyranedicidir. Kompleksin memarı Axlatlı Hürrәm Şahdır. Bina Sәlcuqluya xas olan memarlıq üslubu ilә tanınır.

Divriği Ulu Cami kompleksinin məscid hissəsində üç qapı var, Darüşşifa hissəsində bir qapı var. Beləliklə, cəmi 4 qapı var. Cənnət Qapısı adlı darvaza tikilinin ən görkəmli və möhtəşəm qapısıdır. Qapıdakı bütün motivlər cənnəti təsvir etmək məqsədi ilə işlənmişdir. Qapının üstündə qazan motivi də var, onun altında od yanır. Bu motiv Anadolu Səlcuqlu dövlətinin bolluğunu və bərəkətini simvollaşdırır. Eyni zamanda, cəhənnəm təsviri də çəkilir. Məscidin qərb qapısı maraqlı bir xüsusiyyətə malikdir. May və sentyabr aylarında əsr namazından təxminən 45 dəqiqə əvvəl qapıda insan silueti görünür. Bu siluet Quran oxuyan qadın şəklindədir.Yaxınlaşdıqca əli bağlı namazda duran bir insana çevrilir.
Məscidin cənub divarına bitişik şəkildə inşa edilən Darüşşifa, yəni xәstәxana o dövrdə həmin ərazidən keçәn insanlara və yerli xalqa xidmət edirdi. Bu bina da Әhmәd Şahın hәyat yoldaşı Mәlikә Turan Mәlәyin göstərişi ilə inşa edilib.

Türk mәdәniyyәtindә әhәmiyyәtli dәrәcәdә yeri olan belә komplekslәrdә ehtiyacı olanlar yemәklә, xәstәlәrsә tibbi xidmәtlә tәmin olunurdu. İçəridə beş hissәyә bölünmüş uzun ibadәt meydanı var. Bundan başqa mәscidin yanında hamam vә bulaq inşa edilmişdi. Külliyә memarlıq üslubuna görә diqqәti cәlb edirdi.

Mәscidә simal tərəfdə yerlәşәn giriş qapısında mövcud olan naxışlı daşlar görәnlәrin diqqətini cәlb edir. Daşa belә şәkil vermәk ancaq orta әsrin inkişaf edәn memarlıq sәnәtinin bir nәticәsi idi. Mәscid bələdçisinin dediyinə görə, akustika için nəzərdə tutulan dəliklər, hündür, dağlıq ərazidə yerləşən məkanda saysız göyərçinlərin olması adamı heyrətə gətirir. Məscidin minbərin tikintisi təxminən 12-13 il çəkib, tikintisində xüsusi mismarlardan istifadə olunub. Qapıdan təxminən 2 metr hündürlükdə divarda daşlar elə hörülüb ki, məscidin xaricində nə qədər səs-küy olsa da, içəridə eşidilmir. Amma içəridə oxunan quran səsini qapı arxasında rahatca dinləmək mümkündür.

Onu da qeyd edək ki, hazırda restavrasiya olunan Türk-İslam memarlığı və incəsənətinin әn gözəl nümunәlәrindәn biri olan Divriği Camesi - mәscidi və Darüşşəfa xəstəxanası kompleksi 1985-ci ildә UNESKO-nun mәdәni irs siyahısına daxil edilib.

65 ton ağırlığa davam gətirən şüşəli meydança

Divriği Ulu Cami kompleksini ziyarət etdikdən sonra yaxınlıqda, təxminən 1000-1200 metr yüksəkilikdə yerləşən dağlara qaxdıq. Yollar dolanbac, sərt yoxuş olsa da, daşlarla səliqəli döşənmişdi. Buradan ətraf, şəhər ovuc içi kimi görsənir, çox mənzərəli məkandır. Dağın lap zirvəsində uzunluğu və eni təxminən 10 metr olan şüşə konstruksiyadan yığılmış çıxıntılı meydança var. Şüşə meydançaya ayaq basanda adamı vahimə bürüyür, çünkü ayağının altındakı şüşədən aşağı baxanda təxminən 300 metr aşağıda nərilti ilə axan Qarasu çayı və nəhəng qayalar görsənir və bir anlıq qorxudan gözlərini yumursan. Bu qorxu hissi keçici olsa da, qrup yoldaşlarımızın bəziləri şüşə meydançaya ayaq basmadılar. Amma dostlarımızın qorxusu əbəs imiş, sən demə, üstünə ayaq basmağa ehtiyat etdiyimiz şüşəli meydança tam təhlükəsizdir, 65 tonluq ağırlığa davam gətirə bilir.

Kemaliye – arzuların gerçəkləşdiyi şəhər

Sivasdan sonra səfərimiz Ərzincanda tolerantlıq nümunəsi sayılan Kemaliye ilçəsi ilə davam etdi. Gecəni “Kemaliye” hotelində qaldıq. Bu hotel Kemaliyənin sonuncu məntəqəsi olsa da, çox mənzərəli yerdə tikilib. Ətraf meşəlikdir, sol tərəfindən isə kiçik dağ çayı axır. Kemaliyə daha çox bəhməzi, balı, əllə toxunan xalçaları ilə məşhurdur, əhalisi əsasən baramaçılıq və arıçılıqla məşğuldur. Buranın duzunun da olduqca keyfiyyətli olduğunu deyirlər.

Qeyd edim ki, gözəl bir vadidə qərar tutan Kemaliyə keçmişdə Eğin kimi tanınıb, 1923-cü ildə Atatürkün şərəfinə Kemaliye olaraq dəyişdirilib. Kemaliyə qəsəbəsinin mərkəzi və ona tabe olan yaşayış məntəqələri türk memarlıq ənənələrini əsasən qoruyub saxlayır. Hər tərəfdən uca dağlarla və meşələrlə əhatələnmiş Kemaliyənin küçələri təbii daşlarla döşənib. Qəsəbənin ortasından sürətli dağ çayı axır. Bu çayın üzərində tikilmiş su dəyirmanı gecə-gündüz işləyir. Təbii gözəllikləri ilə məşhur olan Kemaliye orijinal memarlıq xüsusiyyətləri seçilən tarixi abidələri ilə də məşhurdur. Kemaliyenin çox vaxt “İşığın doğulduğu yer”, “Anadolunun Doğuya açılan qapısı” aadlandırırlar. Yayda bu yerlər turistlərin sevimli məkanına çevrilir. Ev kirayəsi də münasibdir, ayı 120 manatdan bir illiyə əvvəlcədən də ev kirayələmək olar. 3000-ə yaxın əhalisi olan bu qəsəbənin sakinlərinin böyük əksəriyyəti İstanbul və başqa iri şəhərlərə köçüblər. Kemaliyenin əhalisi də olduqca mehriban və qonaqpərvərdirlər. Yerli sakinlərdən biri Azərbaycandan gəldiyimi biləndə çox sevinir. “Biz sizləri çox sevirik” deyən həmsöhbətim söhbət əsnasında Kemaliyə ilçəsində 4-5 kənddə azərbaycanlıların yaşadığını deyir: “Burada yaxınlıqda Başəkrək köyü var, onlar da eynən sizin kimi danışırlar”...

Müsəlmanların yardımı ilə tikilən erməni kilsəsi

Kemaliyə ilçəsinə bitişik ərazilərdə vaxtilə ermənilər də yaşayıblar. Lakin onlar Lozanna sülh müqaviləsinin şərtlərinə əsasən buranı tamamilə tərk ediblər. Sonradan bu yerlərə Orta Asiya və digər ərazilərdə yaşayan türklər köçürülüb.

Hazırda burada bir nəfər də olsun erməni yaşamasa da, onlara məxsus tarixi abidələr dövlət tərəfindən qorunur. Məsələn,1865-ci ildə tikilmiş Supgevorq erməni kilsəsi tarixi abidəsi ilə tanış olanda bunun şahidi oldum. Deyilənlərə görə, vaxtilə ermənilər bu kilsənin tikən zaman pulları qurtarıb və tikili yarımçıq qalıb. Ancaq müsəlmanların yaxından dəstəyi ilə kilsənin inşasını başa çatdırıblar. Hazırda bu abidə Kemaliyə Etnoqrafiya Müzeyi kimi fəaliyyət göstərir. Muzeydə yerli əhaliyə məxsus maddi-mədəniyyət nümunələri saxlanır, özəl muzey olmasına baxmayaraq, burada əhalinin təşəbbüsü ilə xeyli eksponat toplanıb. Abidənin alt mərtəbəsində isə parça sexi fəaliyyət göstərir. Qadınların çalışdığı bu sexdə pambıq iplərdən müxtəlif növ parçalar toxunur.

Dünyada ikinci olan “Qaranlıq konyon”

Kemaliye həm də böyüklüyünə görə dünya üzrə ikinci olan “Qaranlıq konyon”u, “Daş yolu” ilə məşhurdur. “Qaranlıq konyon” Fəratın ən böyük qolu olan “Qarasu” çayını sol və sağ tərəfdən əhatəyə almış  hündür və əzəmətli qayaların arasındadır. Uzunluğu, təxminən 8 km-dir.

Qrupumuzla birlikdə qayıqda “Qarasu” çayı boyunca vahiməli “Qaranlıq konyon”u müşahidə etmək olduqca maraqlı olaydı. Qayıqda oturub başınını yuxarı qaldırıb hündür qayaları seyr edəndə adamın gözləri qaralır. Çayın sahilindəki yamacda quraşdırılmış hündür yelləncək də əməlli-başlı adrenalin təsiri bağışlayır...

Qeyd edəək ki, həddən artıq sərt və sıldırım qayalardan “Daş yolu”n salınması ideyası Osmanlı dövrünə gedib çıxsa da, bu yolun açılması üçün ilk cəhdlər

1949-cu ildə edilib. İbtidai alətlərlə başlanan iş, təəssüf ki, uğurlu alınmayıb. Bu yolun tikintisinə 1993-cü ildə dövlət tərəfindən yenidən başlanılıb. Yolun açılması nəticəsində Kemaliye ilçəsindən Ankara və İstanbula qədər olan məsafə 220 km. qısaldılıb. Bundan əlavə, 7 kəndin rayon mərkəzinə nəqliyyat vasitəsilə gedişi təmin olunub. Beləliklə, “Daş yolu”nun istifadəyə verilməsi “Qaranlıq Kanyon”, Divriği-Kəmaliyə və Harput marşrutları üzrə turizmin sürətli inkişafına səbəb oldu.

Kemaliyenin maraqlı ünvanlarından biri - "Təbiət Muzeyi"

Kemaliyedə maraqlı ünvanlardan biri də "Təbiət Muzeyi"dir. Bu muzeydə saxlanılanların əhəmiyyətli bir hissəsini TÜBİTAK tərəfindən dəstəklənən və 48 elm adamının iştirak etdiyi “Kemaliye və ətraf mühitinin biomüxtəliflik baxımından araşdırılması” layihəsi çərçivəsində bölgədən toplanmış geoloji və bioloji nümunələr təşkil edir.

Burada müxtəlif bölgələr və Kemaliye ətrafından götürülmüş minerallar, daşlar, torpaqlar və hər cür geoloji materiallar rəflərdə müvafiq qablarda nümayiş etdirilir. Türkiyədən və dünyanın müxtəlif yerlərindən mineral, büllur, torpaq və qaya nümunələri sərgilənir. Kemaliye və ətrafının Gastropad, Bivalvia və Echinodermata qruplarına aid fosil nümunələri müəyyən edilərək rəflərdə sərgilənib. Mikroskop altında birhüceyrəli bitki və heyvanların təsvirlərinin təqdim edildiyi bölmə var.

Əhəmiyyətli sayda onurğasızlar, etiketləri olan bankalarda formol və spirtdə təqdim olunur. Həşəratların əksəriyyəti elmi nümunə hazırlamaq üsulu ilə balzamlaşdırılır, xüsusi həşərat iynələrinə keçirilir və lövhələrdə (muzey əyani materialı kimi) və ya parazitlərə qarşı xüsusi mühafizəsi olan açılan muzey şkaflarında saxlanılır. Böcəklər və herbari materialları muzeyin ən mühüm hissəsini təşkil edir...

Xülasə, bu muzeydə çox maraqlı canlı nümunələrinə rast gəlmək olar.

Müjdə! Müjdə! Müjdə! Fil geliyor!..

Muzeyin maraqlı eksponatlarından biri də burada saxlanılan böyük fil skeltidir. Bu filin Türkiyəyə gətirilməsinin çox maraqlı bir tarixçəsi var və muzeydə  qiymətli hədiyyə kimi qorunmaqdadır. Muzey bələdçisinin dediyinə görə, Amerikanın 1945-ci ildə Yaponiyaya atdığı atom bombası nəticəsində Ueno zooparkında saxlanılan və uşaqların sevimlisi olan 3 fil də zəhərlənərək ölür. Yapon uşaqları Hindistan baş nazirinə məktub yazaraq onlara fil göndərməsini xahiş edirlər. Baş nazir uşaqların bu arzusunu həvəslə yerinə yetirir.

Bu hadisədən Türkiyəli uşaqlar da xəbər tutanda onlar da Hindistan baş nazirinə məktub yazaraq fil göndərməsini xahiş edirlər. Təbii ki, Hindistanın baş naziri Nehru türk uşaqlarının da arzusunu məmuniyyətlə yerinə yetirir. Nehru baş nazir Adnan Menderesə yazdığı məktubunda türk cocuqlara hədiyyə olaraq 5 yaşlı 1 ton çəkisi olan Mohini (Şirin) adlı fil balasını Hindistandan gəmi ilə yola saldığını və gəminin yaxın günlərdə İstanbulda olacağını qeyd edib. Bu xəbəri türk cocuqlar eşidəndə küçələrə çıxaraq “Müjdə! Müjdə! Müjdə! Fil geliyor!..”- deyəsevincdən qışqırırmışlar...

Dəfn edilməyən Səlcuqlu sərkərdəsi kimdir?

Ərzincanın Kemah ilçəsində isə günümzə qədər dəfn edilməyən Səlcuqlu sərkərdəsi Sultan Məlik Məngüçək Əhməd qazinin türbəsini ziyarət etdik. Türbənin üzərində “Kemah. Sultan Məlikqazi türbəsi. (1191)" yazılmış lövhə asılıb. Qeyd edək ki, Sultan Məlik Məngüçək Əhməd qazi Arparslanın çox sevdiyi sərkərdələrdən biri olub.

Qrupumuzla görüşən ilçənin başçısı Muhammed Şükrü Pekpak Kemah yaşayış məntəqəsi barədə məlumat verərək qeyd etdi ki, Kemahın 3 min illik tarixi var. Yerin adı Urartu dövləti dönəmindən gəlir. Eyni zamanda Kemah Sultan Arparslan tərəfindən səlcuqluların mülkünə çevrilib. Daha sonra Əmir Teymur tərəfindən işğal olunub. Sonralar Osmanlıların tərkibində olub. Zaman-zaman bura ruslar tərəfindən işğal olunsa da, Osmanlılar tərəfindən geri alınıb. Kemah özünün duz yataqları ilə də Türkiyədə çox məşhurdur...

Qeyd edim ki, Sivas və Ərzincana qısa müddətli bu səfərimiz olduqca maraqlı xatirələrlə yaddaşımda qaldı. Doğrudur, bu qədim türk torpağında vaxtımızın məhdudluğu səbəbindən görə bilmədiyimiz, getmədiyimiz maraqlı ünvanlar da oldu. Ərzincan şəhərinə yetişəndə artıq qaranlıq düşmüşdü. “Hilton” hotelinə yerləşəndən sonra şam edib dostlarla Ərzincanı bir-iki saatlığa gəzə bildik. Digər türk yurdları kimi Ərzincan da olduqca doğma gəldi mənə, gecələri həddən artıq cazibədar, füsunkar idi...

Təəssüf ki, Türkiyənin digər məşhur bölgələri ilə müqayisədə Sivas və Ərzincana xarici turistlər az gəlir. Ancaq bu yerlərin təbiəti, qədim tarixi-memarlıq abidələri, eləcə də digər turistik məkanları turistlər üçün çox cəlbedici olduğuna qəti əminəm.

Xanoğlan Əhmədov

Bakı - Istanbul - Sivas - Ərzincan