Mərhum tarixçi-alim Dilavər Əzimli ad günündə yad edilib – FOTOLAR

Bütöv Azərbaycan Ocaqlarının (BAO) qurucu üzvlərindən biri, tanınmış tarixçi alim, tarix üzrə fəlsəfə doktoru, dosent, 1980-ci illərin axırlarında Azərbaycanın Quzeyində formalaşmış milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuş mərhum Dilavər Əzimlinin anadan olmasının 63-cü ildönümüdür. Bu gün bu münasibətlə mərhumun doğulduğu Cəlilabad rayonunun Ağdaş kənd qəbristanlığındakı məzarı ziyarət edilib. 

Ziyarətdə AMEA Tarix İnstitutunun əməkdaşları - t.ü.f.d. Haçı Həsənov, t.e.d. professor Şahin Fərzəliyev, t.e.d. Xeyirbəy Qasımov, t.ü.f.d. dosent Alı Balayev, t.ü.f.d. dosent Elçin Qarayev, elmi işçi Aslan Şirəliyev, elmi işçi Paşa Həsənli, Bütöv Azərbaycan Ocaqlarının (BAO) üzvləri, həyat yoldaşı Arzu xanım Qazıyeva, qızı Nərgiz xanım Əzimli, eləcə də alimin digər yaxınları və kənd əhalisi iştirak ediblər. Dilavər Əzimlinin məzarı üstündə mərhumun ruhuna dualar oxunub. 

Anım mərasimində tarixçi alim Hacı Həsənov və tarix elmləri doktoru Şahin Fərzəliyev, Elçin Qarayev, Zahid Usubov və həyat yoldaşı Arzu xanım Qazıyeva çıxış edərək Dilavər Əzimlinin çox dəyərli bir milli ziyalı, vətən və millət üçün gərəkli bir insan olması haqqında öz fikirlərini bölüşmüş, mərhum haqqında maraqlı xatirələrini danışmış, onun dünyasını dəyişməsini Azərbaycan elmi və Bütöv Azərbaycan mücadiləsi üçün ağır itki olduğunu vurğulamışlar.

Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diploma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib.

1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.

2020-ci ilin dekabrında koronavirusa yoluxan Dilavər Əzimli Fövqəladə Hallar Nazirliyinin Zığdakı modul tipli xəstəxanasına yerləşdirilsə də həyatını xilas etmək mümkün olmadı. 2021-ci ili martın 3-də 62 yaşında xəstəxanada dünyasını dəyişdi.

Evli idi, iki övladı var.

Allah rəhmət eləsin...