Qaxda şəhid ailələri ilə görüş keçirilib

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsini həyata keçirən Jurnalist Qadınlar Assosiasiyası Qaxda şəhid ailələri ilə görüşü olub. Tədbiri giriş sözü ilə JQA-nın rəhbəri Sevil Yusifova açıb. O bir sıra qanunların xülasəsini görüş iştirakçılarının diqqətinə çatdırıb. S.Yusifova ölkəmizdə həssas qruplara aid kateqoriyada olan vətəndaşlarımızın problemlərinin həll edilməsi yönündə atılan əməli addımları sadalayıb. Natiq öz çıxışında sosial mediyada yayılan xoşagəlməz xəbərlərə də toxunub. O təssüf hissilə deyib ki, həssas qruplara aid edilən vətəndaşlarımızın bir qismi qanunvericiliklə onlara verilən hüquqlar haqqında az məlumatlıdırlar. Son iki ildə dövlət bu sahəyə xüsusi diqqət ayırıb. Sadəcə hər zaman olduğu kimi yerlərdə məmurların bu işləri necə yerinə yetirməsi məsələsi var. Bəzi rayonlardan gözəl xəbərlər alırıq, bəzi rayonlarda isə məmur savadsız və yarıtmaz fəaliyyət göstərir. Bu da haqlı narazılıqlara gətirib çıxardır. Yerlərdə hər cür əyər- əskikliklərin aradan qaldırılması bizim sizlərlə birgə əməkdaşlığımızdan irəli gələcək. Tədbirdə iştirak edən Qax şəhər İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev təmsil etdiyi qurumun fəaliyyətindən qısa məlumat verib. O məlumat üçün bildirib ki, Qaxın 175 şəhidi var, bunlardan 29 nəfəri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış sakinlərimizdir. 24 nəfər müharibə əlili qeydiyyatdadır. M.Həmzəyev deyib ki, onlara yönələn müraciətlərin bir çoxunun həllinə nail olublar. Rayonda 6 şəhidin adı əbədiləşdirilib. Belə ki, şəhid adına küçələrimiz var. Digər şəhid adlarının da adının əbədiləşdirilməsi məsələsi gündəmdədir, bu istiqamətdə işlər görülür. M.Həmzəyev üzünü tədbir iştirakçılarına tutub deyib: “daha doğru olardı ki, bizim fəaliyyətimizdən sizlər danışardız. Bu iki ildə bir-birimizin yanında olduq. Artıq bir ailə kimiyik. Şəhid anaları şöbəmizin işçilərini öz övladları kimi qəbul edirlər. Bizim qusurlarımızı, uğurlarımızı sakinlərimiz daha yaxşı bilir”. JQA-nın rəhbəri şəhid adlarının əbədiləşdirilməsi sahəsində aparılan işləri təqdirə layiq hesab edib. Çünki digər rayonlarda ən çox narazılıqlardan biri də şəhid adlarının əbədiləşdirilməsi məsələsinin həllini tapmamasıdır. Tədbirdə layihənin eksperti İnqilab Şirinli layihə çərçivəsində edilən müraciətlərin əsasında ümumi vəziyyəti təhlil etdi. O həssas qruplarla işləyən qurumlardan gələn şikayətlərin monitorinqinin aparılmasının vacibliyini dilə alıb. Görüşdə çıxış üçün söz alan şəhid anası Arzu Osmanova son iki ildə müraciət etmədiyi qurum qalmadığını bildirib. O ailədə ər-arvad hər ikisinin işsiz olduğunu və adiyyatı qurumların onların problemlərinə biganə yanaşmasından gileylənib. İş istəyənə deyirlər sizi mövsümü işlə təmin edəcəyik. Niyə ştata almırlar? Nə mövsümü, nə də daimi iş verən yoxdu. Axı bilirik ki, bizim müraciətdən sonra təhsil müəssələrinə neçə işçi alınıb. Təhsil nazirliyinin Regional müraciət etmişik. Bəhruz və Araz müəllimlə görüşmüşük. Oranın mühasibi deyir ki, get hara şikayət edirsən et. Şəhid anası İsrafilov Təranə xanım iki ildir ki, məşğulluğa müraciət edib. Heyvandarlıq sahəsində müəssə qurmaq üçün lazım olan bütün işləri görüb. “İki ildir get-gəldəyəm. Sənədləri toplamışam. Tələb olunan hər məsələni həll etmişəm. İndi də cavab verirlər ki, sən iki il gecikibsən. Ən sonda isə DSMF-nin işçisi mənə deyir ki, qanunda şəhid ailələrinə nəisə etmək maddəsi yoxdur” Şəhid anası Gültəkin xanım da işsizlikdən gileyləndi. Hara üz tuturuq deyirlər iş yoxdu. Axı bura kiçik bir rayondu hər yerdən, hər işdən hamının xəbəri var. Müzakirələrdən aydın oldu ki, İcra hakimiyyətində müharibə iştirakçılarını ev qeydiyyatına alıblar. Şəxsi ev tikilməsi üçün iki sot yer ayrılması məsələsi isə hələ həllini tapmayıb. Mollayev Molla şəhid atası şəhidlər arasında ayrı-seçkiliyin qoyulmasında üzüldüyünü dilə alıb. Onun oğlu 2015-ci ildə şəhid olub. “İndiyə kimi bizim qapımızı bir deputat, bir məmur tanımır”. Şəhid atası 4 saylı (rus dilli) məktəbdən də narazı olduğunu vurğulayıb… Zalda oturanlar da M.Mollayevin çıxışının davamı kimi bildiriblər ki, Qaxda rus məktəbi kimi tanına 4 saylı məktəbin fəaliyyətində milli vətənpərvərlik məsələləri yer almır. O məktəbdən məzun olan şəhidimiz haqqında belə məlumatsızdırlar. Müzakirələrə qatılan Omarova Elza, Şabanova Rəsmiyyə, Məmmədova Səlimə və başqaları JQA-nın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Və çıxış edənlər jurnalistlərlə əməkdaşlığa hazır olduqlarını dilə alıblar. Tədbir iştirakçılarının problemlərin həlli yolları layihənin eksperti tərəfindən izah edilib, onların sualları cavablandırılıb. Tədbirin sonunda Sevil Yusifova qanunvericiliyə əlavə və dəyişikliklər barədə təklif paketinin müzakirəsini təklif edib. Görüş iştirakçıları da öz təkliflərini irəli sürüblər. Qeyd edək ki, 05 dekabrda layihənin müddəti bitir. Və layihə bitdikdən sonra layihəyə töhfə olaraq bütün görüşlərdə irəli sürülən təkliflər hüquqşünaslar tərəfindən sistemləşdirilib Milli Məclisə göndəriləcək.