Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar" təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. 

Ilkxeber.org "qafqazinfo"ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin həbsi ilə bağlı bəzi məqamlar artıq üzə çıxıb.

R.Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük Komitəsində həyata keçirdiyi əməliyyatların və Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə həbs edilib.

Belə ki, bir neçə gün əvvəl DTX Naxçıvan MR Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, müxtəlif rəhbər vəzifəli şəxslər məsuliyyətə cəlb edilərək həbs ediliblər.

Aparılan cinayət işi üzrə Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu da həbs edilib. Həmin vəzifəni isə 2020-ci ilin avqust ayınadək Rafael Rza oğlu Əliyev tutub.

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun 19 avqust 2020-ci il sərəncamı ilə Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilib. Bundan sonra Mənsur Əsgərov Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə gətirilib.