Türkiyənin turizm üçün yeni hədəfi: 50 milyon turist və 44 milyard dollar gəlir – Nazir AÇIQLADI

Türkiyənin bu il üçün turizm gəliri 2019-cu ilin rəqəmlərini keçə bilər. 

Ilkxeber.org xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Aralıq dənizi Bölgəsi Otelçilər Assosiasiyasının (AKTOB) təşkil etdiyi 12-ci Beynəlxalq Turizm Konqresinin açılışında bildirib. 

“Bütün göstəricilər Türkiyənin turizm sahəsində “Super Liqa”da olduğunu göstərir”, - deyə Ərsoy bildirib. 

Nazirin sözlərinə görə, Türkiyə bu sahədə ciddi uğurlar əldə edib. 

Nazir xatırladıb ki, 2021-ci ildə konfransda turist axını və gəlirləri üzrə hədəflərə yenidən baxılıb. "Belə ki, 2021-ci ilin yekunlarına görə Türkiyəyə 30 milyondan çox turist gəlib və turizm gəlirləri 30,2 milyard dollar təşkil edib”, - deyə Ərsoy bildirib. 

Onun sözlərinə görə, 2022-ci ilin əvvəlində turizm sektoru qarşısına 42 milyon turist və 35 milyard gəlir hədəfi qoyub. 

“Lakin bu rəqəmlərə ilk dəfə iyul ayında yenidən baxılıb və yeni hədəf 47 milyon turist və 37 milyard dollara yüksəlib. Oktyabr ayında yeni bir düzəliş edildi. Bundan sonra yeni hədəf 50 milyon turist və 44 milyard dollar turizm gəliridir”, - deyə Ərsoy bildirib. 

Nazir ilin sonuna kimi bu məqsədə nail olunacağına ümidvar olduğunu bildirib: “2002-ci ildə 12,4 milyard dollar olan turizm gəliri 2019-cu ildə 38,9 milyard dollara yüksəlib. 2022-ci ilin rəqəmləri ilə 2019-cu ilin rəqəmlərini müqayisə etdikdə rəqiblərimizdən fərqli olaraq pandemiya prosesinin öhdəsindən çox yaxşı gəldiyimiz aydın olur”. 

Onun sözlərinə görə, 2019-cu il və 2022-ci ilin ilk 7 ayında ziyarətçilərin sayına görə 2019-cu illə müqayisədə İtaliya 29 faiz, İspaniya 18 faiz və Yunanıstan 12 faiz geridədir. Nazir bildirib ki, Türkiyə bu fərqi 7 faizə endirməyi bacarıb. 

Ersoy qeyd edib ki, 2019 və 2022-ci ilin ilk 7 ayında turizm gəlirləri müqayisə edilərkən 2019-cu ilin göstəriciləri ilə müqayisədə İtaliya 13 faiz, İspaniya 6 faiz, Yunanıstan isə 4 faiz geriləyib.