Ana dilimiz, orfoqrafiya islahatı, tələffüzdən yazıya doğru - Ekspertlər nə düşünür?

"Bu gün Azərbaycan dilinin işlənməsində problem sözlərin hansı qaydalar üzrə tələffüz olunması deyil, dildə ağırlıq yaradan alınma sözlərin çoxluğudur”.

Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist Rəsul Mirhəşimli AMEA-nın Dilçilik İnstitutunun orfoepiya normalarına edilən təkliflərdən danışarkən deyib.

Ekspert yeni qaydaların hər dəfə geniş müzakirələrə səbəb olduğunu bildirib:"Bir çox hallarda bu müzakirələrdə Dilçilik İnstitutunun təklifləri ciddi narazılıqlarla müşahidə olunur. Bu narazılığın bir səbəbi də ondadır ki, dilimizin ağırlaşdıran bir çox sözlərin üzərində uzun-uzadı dartışmalar açılır. Məncə, Dilçilik İnsitutu daha zəruri olan işlərin görülməsinə vaxtını sərf etməli, dilimizi ağırlaşdıran sözlərin qarşılığını tapmaq üçün nələrsə etməlidir. Qədim dillərdən biri olan Azərbaycan dili böyük inkişaf yolub keçib. Dil xalqın özünüqoruma instiktini gücləndirən, xalqı birləşdirən ən etibarlı vasitədir. İnsan hansı dildə düşünürsə, hansı dili daha yaxşı hiss edirsə, ən çox da o dilə bağlı olur”. 

Rəsul Mirhəşimli hesab edir ki, dildə aparılan bu qədər dəyişiklik cəmiyyətdə çaşqınlıq yaradır:

"Son illərdə Azərbaycan dilinin qaydaları ilə bağlı o qədər dəyişikliklər aparılıb ki, bir çox hallarda bəzi sözlərin hansı formasının doğru, yaxud yanlış yazılması (tələffüz olunması) tam şəkildə aydın olmur. Məncə, Dilçilik İnstitutu alınma söz kimi dilimizə gələn "aeroport" sözünün üzərində səs cihazları ilə müşahidələr aparınca bu sözün dilimizdə çox rahat səslənən "hava limanı" qarşılığının tətbiqi ilə təklif versəydi, daha doğru olardı”. 

Media eksperti Qulu Məhərrəmli AMEA Dilçilik İnstitutunun yeni tələffüz qaydaları ilə bağlı aparılan müzakirələri çox normal hesab etdiyini vurğulayıb: "Əvvəllər neçə il bir-birinin ardınca dərc olunan orfoqrafiya qaydalarında çox ciddi nöqsanlar, çatışmazlıqlar olduğuna görə cəmiyyət artıq dillə bağlı gedən proseslərə biganə qalmaq istəmir. Bu baxımdan  Dilçilik İnstitutunun yeni rəhbəri, professor Nadir Məmmədlinin də bu məsələlərə yanaşması çox doğru və praqmatikdir. Bu prosesləri ictimaiyyət nümayəndələri, ilk növbədə dilçi mütəxəssislərlə aparmaq lazımdır. Bağlı qapılar arasında lüğət tərtib eləmək praktikasına son qoyulmalıdır”. 

Azərbaycan dilinin yeni orfoepiya normalarına gəldiksə isə, Qulu Məhərrəmli  hesab edir ki, əslində bu normalar 2021-ci il iyun ayında Dilçilik İnstitutunda tələm-tələsik hazırlanıb:

"Nazirlər Kabineti də onu təsdiq edib. Gedişiatda məlum oldu ki, orada bir sıra nöqsanlar və çatışmazlıqlar var ki, bunlar aradan qaldırılmalıdır. Bu əsasən bəzi sözlərin deyilişi ilə bağlıdır. Yerdə qalan müəyyən olunmuş normalar əlbəttə ki, qəbul olunandır. Amma prinsipial məsələlər var. Xüsusən səs artımı, tələffüzdə bitişdirici "y” sammitinin iştirakı, sözlərin fonetik prinsipə görə yazıldığı kimi deyilməsi ilə bağlı bəzi nüanslar var. Bunlar müzakirə olunub. Azərbaycan ədəbi dilinin tələffüz normaları mükkəməl şəkildə mövcud deyil”.