Azərbaycanda multikulturalizm siyasətinin əsas prinsipləri

Getdikcə daha çox ölkələr, xalqlar, müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar, insanlar dərk edirlər ki, kütləvi qırğın silahlarının durmadan artdığı, dövri olaraq baş verən iqtisadi, maliyyə böhranı şəraitində mövcud olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək üçün yeganə yol əməkdaşlıqdır, mədəniyyətlərarası dialoqdur. Bu amillərin də təməli multikulturalizmə nail olmaq, onu yaşam tərzinə çevirmək ilə qoyulur.

İlk dəfə olaraq 1971-ci ildə Kanada öz daxilindəki etno-mədəni müxtəlifliyi qorumaq və uğurla idarə etmək məqsədi ilə rəsmi şəkildə alternativ bir siyasi xətt elan etdi. Kanada rəsmən “Multikulturalizm” siyasətini dövlət siyasəti elan edərək, bununla bağlı hüquqi bazanı formalaşdırmağa başladı. Daha sonralar isə digər Qərb dövlətləri də bu uğurlu siyasət modelini öz ölkələrində tətbiq etməyə başladılar.

Multikulturalizm sözün hərfi mənasında “çoxmədəniyyətlilik” anlamına gəlir. Multikulturalizm siyasəti dedikdə isə bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlmiş humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur.

Çoxmədəniyyətli cəmiyyət dövlətin multikulturalizm siyasəti olmadan mövcud ola bilərmi? Multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsip olmadan sadəcə etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil. Bu prinsiplər aşağıdakılardır:

1. Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin daxilində müxtəlif mədəniyyətin daşıyıcıları olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasətini həyata keçirən dövlətlər bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək həmin xalqların öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir.

2. Mədəni indentiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazım deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə bir qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni qrupa üzvlüyünə görə alçaldıla bilməz.

3. Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Beləliklə, ierarxik ikili identiklik mövcud olur. Buna ən gözəl nümunə Azərbaycan və ya Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra ləzgi, avar, tatdır və s.

4. Etno-mədəni qruplar arası əlaqə prinsipi: Hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsi digər qruplarla və ya nümayəndələri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıq fikirli olmalıdır.

5. Bərabər imkanlara sahib olmaq hüququ: Azərbaycan multikulturalizminin ən mühüm özəlliklərindən biri də onun sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa yönəlmişdir.

6. Siyasi idarəetmə prinsipinin mövcudluğu: Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir.

7. Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması deyilir.

Multikulturalizm siyasətini dövlət siyasəti elan edən hər bir dövlət yuxarıdakı prinsiplərin hər birinə qarant durmalıdır. Bu prinsiplərin mövcudluğu multikulturalizmin siyasi əsaslarının olduğunu göstərir.

Tarixi inkişafdan keçərək formalaşmış çoxmədəniyyətli bir cəmiyyətin mövcudluğu və bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin mövcud olması əslində multikultiralizmin mövcud olmasına əsas verir. Ancaq bu siyasəti qoruyub saxlamaq üçün qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır. Buna misal olaraq, 1988-ci ildə Kanada “Multikulturalizm qanunu”nu qəbul etdi. Azərbaycan Respublikası özünün mədəni müxtəlifliyini qorumaq üçün milli azlıqlar və dini qruplarla bağlı çoxlu sayda normativ hüquqi aktlar qəbul etdi. Aparılan islahatlar nəticəsində ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsi təmin olundu.

Multikulturalizm Azərbaycanda həyat tərzidir, dövlət siyasətidir və hazırda alternativi yoxdur. Güclü multikulturalizmin (dövlət siyasəti müstəvisində) mövcud olduğu hər bir dövlətə bu anlayış xarakterikdir. Hər hansısa qanuni, siyasi quruluşu və ya idarəetmə formasını bir aya, bir ilə və ya bir neçə ilə dəyişmək mümkündür. Ancaq hər hansı bir xalqın mədəniyyətini yüz illər keçsə də dəyişmək mümkün deyil. Bugünkü dünyada xalqların sayı dövlətlərin sayından 10 dəfə çoxdur. Əgər hər bir xalqın öz mədəniyyətini qoruyub saxlamaq hüququ olmasaydı, hər bir coğrafiyada etnik münaqişələrin qarşısını almaq mümkün olmazdı. Bu nöqteyi-nəzərdən multikulturalizm siyasətinin alternativi ksenofobiya, antisemitizm, islamofobiya və ayrı-seçkilikdir.

Multikulturalizmi dövlət siyasəti elan edən dövlətlərdə də insan hüquqları ali dəyər hesab olunur və heç şübhəsiz, öz mədəni identikliyini qorumaq hüququ İnsan Hüquqlarının ayrılmaz tərkib hissəsi hesab olunur. Ancaq miqrasiya prosesinin qarşısını almaqda aciz qalan bir sıra Qərb dövlətlərində mədəni böhran və ya toqquşmalar baş verməyə başladı. Tarixən monoetnik cəmiyyətlərdən ibarət olan Avropa dövlətlərində artıq əsas xalqın mədəniyyətini qorumaq çətinliyi yarandı. Aşkar şəkildə bioloji irqi ayrı-seçkililik etmək isə mümkün deyil. Bu liberal - demokratik Avropa dəyərlərinə ziddir. Ona görə də gəlmə xalqların mədəniyyətlərinin avropa dəyərlərinə və demokratiyaya zidd olduğunu deməkdən başqa çarə qalmırdı. Məcburi inteqrasiya qaçılmaz idi. Əlbəttə, bu da öz növbəsində ayrı-seçkiliyin bir formasıdır.

Avropada baş verənlərin əksinə olaraq, bu gün Azərbaycan öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixə malikdir. Klassiklərimizin əsərlərində, şifahi xalq ədəbiyyatında və s. kifayət qədər multikulturalizm dəyərlərinə dair misallar tapmaq olar. Azərbaycanda katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu, məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında tolerantlıq şəraitində fəaliyyət göstərir. Təbii ki, bu mühiti dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış normalarını, həyat tərzinə çevirməsi yaradıb.

Təsadüfi deyildir ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Təhlilçilərin də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə söykənən milli və dini münasibətlər modeli olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin, xalqların milli-mədəni irsinin qorunması və inkişafına, onların qarşılıqlı faydalı inteqrasiyasına yönəldilmişdir. Müxtəlif etnik mədəniyyətlər arasında ənənəvi birgəyaşayış, qarşılıqlı hörmət prinsiplərinə söykənən bu model sivilzasiyalarası və mədəniyətlərarası dialoq prosesində Azərbaycan Respublikasının çox uğurlu missiyası və töhfəsidir.

Bir ölkənin iqtisadi inkişafı onun mədəni inkişafı ilə düz mütənasibdir. İqtisadi inkişaf xəyali bir vakumda mədəni inkişafdan kənar mövcud ola bilməz. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən də irəli gələn bir göstəricidir.

Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.