“Ermənistanın Baş nazirini hakimiyyətə gətirən qüvvələr var ki, onu danışdıran da həmin qüvvələrdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev söyləyib.
Siyasi analitik Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasında səsləndirdiyi “Azərbaycan Qarabağ ermənilərinə soyqırımı etməyə hazırlaşır” ifadələrinə münasibət bildirib.
Politoloq bu açıqlamanın pərdəarxasındakı məqamlara toxunub:
“Bildiyiniz kimi, Fransa parlamentində Azərbaycan əleyhinə sənədin qəbul edilməsi planlaşdırılır. Xüsusilə də insan haqları və hərbi cinayətlər barəsində. Hesab edirəm ki, o sənədin əldə edilməsi üçün Paşinyan kimi avantüristlərin bu cür həqiqətə uyğun olmayan yalanları bəyan etməyi lazımdı”.
Siyasi təhlilçi deyib ki, tarixə baxsaq, görərik ki, bu illər ərzində Ermənistan Azərbaycan ərazilərində müxtəlif soyqırımlar həyata keçirib:
“İstər Xocalı soyqırımı, istər Ağdaban faciəsi, istərsə də Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın itkin düşən soydaşlarımızın yekun taleyi barəsində hələ də məlumatlar verilmir. İşğaldan azad olunan ərazilərdə də kütləvi qəbiristanlıqlar tapılıb. Bu faktlar isə bir daha onu göstərir ki, bu cür soyqırımı, eləcə də hərbi cinayəti törədəcək şəxslər Ermənistan dövləti və onların varisi olan Paşinyan hakimiyyətidir”.
Analitikin fikrincə, Paşinyanın bu cür avantürist çıxışları gələcək sülh sazişinə mane olmağa hesablanıb:
“Düşünürəm ki, Ermənistanın bu cür çıxışları təxribat xarakteri daşıyır və onları hakimiyyətə gətirən qüvvələrin əlinə “povud” niyyəti görünür”.
A. Məsiyevə görə, Ermənistan çalışır ki, böyük sülh prosesini uzatsın:
“Böyük sülhə aparan yol isə 10 noyabr sazişidir. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, Ermənistan öz üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Yəni böyük sülhü əldə etmək istəyirlərsə, ilk növbədə, birinci addım olaraq, 10 noyabr sazişinin müddəaları həyata keçirilməlidir. Ondan sonra isə böyük sülhün detalları barəsində müzakirələr aparılmalıdır. Ermənistan isə müvafiq sənədi icra etməməklə böyük sülhün əldə olunmasına maneçilik törədir. Bu cür açıqlamalar da Azərbaycanla münasibətləri gərginləşdirməyə hesablanıb”.
© 2020 - Created by İLK XEBER.