Blinkendən Bayramov-Mirzoyan görüşü barədə: “Birbaşa dialoq uzunmüddətli sülh üçün ən yaxşı yoldur"

Xəbər verdiyimiz kimi, ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilib. 

Xatırladaq ki, bu, Amerika tərəfinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan diplomatlarının başçılarının ikinci görüşüdür. Bundan əvvəl Bayramov və Mirzoyan BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar. 

ABŞ dövlət katibi Vaşinqtondakı görüşü Nyu-Yorkda baş tutan danışıqların “davamı” adlandırıb, həmçinin İrəvan və Bakı arasında sülh danışıqlarının irəliləyişinə dair ABŞ-ın mövqeyinin dəyişməzliyini vurğulayıb. 

“Birbaşa dialoq uzunmüddətli sülh üçün ən yaxşı yoldur. Biz bu prosesə verilən dəstəkdən razıyıq. Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü fəal şəkildə dəstəkləyir”, - Blinken bildirib. 

Onun sözlərinə görə, 30 il davam edən münaqişə tərəflər üçün humanitar və maddi yüklərlə dolu olub və bu, hər iki ölkə üçün dərin yara yaradıb. “Lakin bu gün biz tərəflərin davamlı sülhə doğru həqiqi və qətiyyətli addımlar atmaqla keçmişin səhifəsini necə bağlamaq istədiklərini görürük. Hər iki ölkə Cənubi Qafqazda sülhün və parlaq gələcəyin tərəfdarıdır”, - Blinken bildirib. 

ABŞ Dövlət Departamenti görüşdən sonra heç bir açıqlama verməyib.