Bələdiyyə sədrindən Şəhid ailəsinə HÖRMƏTSİZLİK - FOTO - VİDEO

Şəhidin şərəfinə əkilmiş ağacları Gədəbəy rayonunun Novosaratovka kənd bələdiyyəsinin sədri Fəridə Əliyevanın göstərişi ilə çıxarıb tullayıblar

Gədəbəy rayonunun Novosaratovka kənd sakini Sənan Tağıyevin İkxeber.org-un redaksiyasına ünvanladığı məktubunda sakini olduğu kəndin bələdiyyə sədri Fəridə Əliyevadan şikayətçi olduğunu bildirilir. S.Tağıyevin yazdığına görə, qardaşı Rasim Tağıyev Birinci Qarabağ savaşında şəhid olub. Anasının arzusu ilə qardaşının xatirəsini kəndlərində əbədiləşdirmək istəyib. Lakin bələdiyyə sədri Fəridə Əliyeva ananın bu arzusunun həyata keçməsinə imkan verməyib: “Anam elə hey deyirdi ki, “bala Rasim yuxumdan çəkilmir. Xatirəsini əbədiləşdirsəydin rahat olardım”. Mən də anamın istəyi, arzusu ilə kəndin girişində qardaşımın şəkli olan plakatını qoydum. Plakatın yerləşdiyi ərazi bələdiyyəyə məxsus olsa da, çox zibilli və yararsız idi. Qərara gəldim ki, oranı, təxminən 2-3 sot olardı, təmizləyib bəzək ağacları əkim. Elə də etdim, təxminən 30-a yaxın şam ağacı basdırdım, əlavə 40 ədəd də əkəcəkdim. 200-300 metrlikdən su çəkib bulaq da tikmək niyyətində idim. Lakin əkdiyim ağacları mənə məlum olmayan səbəblərdən bələdiyyə sədri Fəridə Əliyevanın göstərişi ilə çıxararaq kənara tullayıblar. İndi həmin ərazi zibilxanaya çevrilib, ətraf boş araq şüşələri ilə doludur. Dəfələrlə təmizləmişik. Görəsən, Vətən  torpağı uğrunda uğrunda şəhid olan bir oğula 1-2 sot yararsız torpağı qıymamağın adı nədir”?

Sənan Tağıyev məktubunda onu da qeyd edir ki, bələdiyyə sədrindən bu barədə soruşanda sədr ona bildirib ki, həmin torpağı pulu ilə icarəyə verə bilər. “Əgər icarəyə vermək olardısa, ağacları çıxarıb tullamaq, niyə”?-deyə S.Tağıyev sual edir.

“Mənə torpaq lazım deyil” deyən Sənan Tağıyevin yazdığına görə, ona təsir edən şəhidlərini ruhuna qarşı edilən hörmətsizlikdir: “Əvvala, o torpaq əkinə yararsızdır. Orada nəsə əkmək fikrim yoxdur. Digər tərəfdən şəhid qardaşımın övladlarına dövlət tərəfindən ev tikiləndə də haqsızlıqla üzləşdik. Evi tikmək üçün torpaq sahəsi ayırmadılar, məcbur oldum özümə məxsus torpaqdan 5 sot ayırdım. Həmin torpağın üstündə də ev tikildi.

Qeyd edək ki, şəhid Tağıyev Rasim Məhəmməd oğlu 1969-cu ilin yanvarında anadan  olub. 1987-ci ildə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətə çağırılıb və ordudan qayıtdıqdan sonra 1990-cı ildə könüllü olaraq cəbhəyə yollanıb və şərəfli döyüş yolu keçib.

O, Gədəbəydə Bölükdaşı istiqamətində gedən döyüşlərdə, eləcə də Mutudərə, Kaftar, Mormor, Başkənd əməliyyatlarının keçirilməsində qəhrəmancasına iştirak edib. O sürücü  olmaqla yanaşı, həm də sərrast atıcı idi. Həmin döyüşlərin birində düşmənlərin üç tankının  partladılıb sıradan çıxarılmasında və bir tankının isə qənimət götürlməsində Rasimin böyük rolu olub.

Bundan başqa, Rasimgilin dəstəsi ermənilərin müasir tipli radiostansiya ilə təchiz olunmuş  “UAZ” və “Niva” markalı avtomaşınlarının  ələ keçirilməsində fəal iştirak  edib.

Gədəbəy bölgəsində gedən döyüşlərdə bir ildən artıq vuruşan Rasimin son döyüşü 1992-ci ilin avqust ayının 30-da Hörükdaş əməliyyatı olub. Bu döyüşdə  böyük  qəhrəmanlıq göstərərək şəhidlik  zirvəsində ucalıb.

Qeyd: Bələdiyyə sədri Fəridə Əliyevanın mobil telefonuna dəfələrlə zəng etsək də telefonu açmadı. Qarşı tərəf kimi onun da mövqeyini işıqlandırmağa hazırıq.

İlkxeber.org