Şəhid atası xəstəxanaya yerləşdidirildi

Yardımlı rayonunun Çayüzü kənd sakini, Birinci Qarabağ müharibəsinin qazisi, şəhid leytenant Tural Aslanovun atası Elşən Aslanov şəxsi avtomobilində təmir işləri apardığı zaman gözündən xəsarət alıb. Ehtiyatsızlıq üzündən gözünə  vint açan dəyərək ciddi xəsarət  alan Elşən Aslanov dərhal Bakı şəhəri Zərifə Əliyeva adına Göz xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

Yaxınlarından aldığımız məlumata əsasən hazırda E.Aslanovun vəziyyəti normaldır və müalicəsini həmin xəstəxanada həkim nəzarəti altında davam etdirir.

Qeyd edək ki, Tural Elşən oğlu Aslanov 1992-ci il iyunun 5-də Yardımlı rayonunun Çayüzü kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Tural Aslanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb. Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və Yardımlı rayonunun Çayüzü kəndində dəfn olunmuşdur.
Tural Aslanov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.