Həsrətin dözülməzdi, Yanına apar məni...

Pərvanə O-nurlu

Nə olaydı, bir gün durub yuxudan,

Görəydik ki, yalan olub ayrılıq…

Ya da:

Bir səhər yuxudan durub ölənləri sağ görəsən,

Görəsən hamı evdədir, özünü uşaq görəsən...

Kaş ki...

Yenə noyabr... Ağrımızın, acımızın ayı… O gecə bizim üçün dünyanın ən qaranlıq gecəsindən belə zülmət olan bir gecəydi… Bizim üçün bir dünya olan, yaşam qaynağımız, həyat eşqimiz, qürur mənbəyimiz Qardaşımın qəzaya düşdüyü xəbərini aldıq o gecə... Amma üzmədik ümidimizi, onu itirməyi düşünmədik belə, çünki onu itirmək bizim üçün dünyanın sonu demək idi... Vəziyyətinin ağır olmasını bildik, amma ondan daha ağır olacağını, dünyamızın yıxılacağını bilmədik… Amma bilməliydik, çünki yağış heç kəsmədi, buludlar bizimlə ağladı səhərə qədər. Dualarımız, nəzir-niyazlarımız, qurbanlarımız qəbul olunmadı o gecə… Sabahı dualarla, göz yaşları içində ümidlə açdığımız, sabahı ümidsiz gecə idi o gecə...

1993-cü ilin 3 noyabr səhəri. O səhər ki, dan yeri ağarmadı, günəşi görünmədi. O səhər ki, zaman dayanmışdı, ümidimiz kəsilmiş, dünyamız dağılmışdı... O səhər ki, bir daha qardaşımla açılmayacaqdı... O səhər ... O səhər...

İllər ötüb keçir, amma hər ilin bu günü o gündür - səslərin uğultuya, qışqırığa çevrildiyi o dəhşətli gün... İllər ötüb keçir, amma hər ilin tək bu günü deyil, hər gəncin əbədi gedişi bu yaranı təkrar-təkrar qanadır, həmin günü xatırladır bizə.

İşlərinin çoxluğundan bəzən gec çıxıb gecə gəlib çatardı evimizə, hər kəs yatandan sonra… Anamla mən oyanardıq, qalanları oyatmazdıq, sabaha sürpriz olsun deyə... Qəfil və sürpriz gəlişləri qəfil və dəhşətli, əbədi gedişlə əvəz olundu ...Anam-atam bu dərdlə yaşadılarmı? Məncə, yaşamadılar, yaşlandılar...

Hər gəlişi bir bayram olurdu. İndi isə illərdir ki, gəlişinə, şirin -şirin gülüşünə həsrət, səsinə, sözünə, özünə həsrətik...

Yuxuma gəl, nə olar,

Bir yol da görüm səni,

Həsrətin dözülməzdi,

Yanına apar məni.

Ürəyim, canım qardaş,

Damarda qanım qardaş,

Hər yuxuma qonaq ol,

Aşikar sanım, qardaş...