Hulusi Akardan "taxıl" diplomatiyası: Münaqişə şəraitindən ayrı tutulmalıdır

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığında Qara dənizdə “taxıl dəhlizi” ilə bağlı razılaşmanın davam etdirilməsinin vacibliyini vurğulayıb. 

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Akar həmsöhbətləri ilə Ukraynanın üç cənub limanından kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı son hadisələri müzakirə edib. 

“10 milyondan çox məhsulun ehtiyacı olanlara təhlükəsiz ixracına imkan verən və qlobal ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verən “taxıl sazişi"nin fəaliyyətinin saxlanmasının vacibliyi vurğulanıb. Müqavilə həm də problemlərin həlli üçün dialoqun və əməkdaşlığın təşviqində effektiv olduğunu sübut etdi. Kənd təsərrüfatı məhsullarının tədarükü məsələsində dəniz daşımalarının sürəti və rahatlığı qeyd olunub. “Taxıl sazişi” təşəbbüsü məsələsi ilə döyüş əməliyyatlarının aparılması şərtlərinin aydın şəkildə ayrılmasının vacibliyi qeyd edilib”, - məlumatda deyilir.

Akar qeyd edib ki, ehtiyacı olanlara təxminən 10 milyon ton taxıl daşımaqla qlobal ərzaq böhranının həllinə böyük töhfə verən və problemlərin əməkdaşlıq və dialoq yolu ilə həll edilə biləcəyini göstərən taxıl təşəbbüsünün davam etdirilməsi, böyük əhəmiyyət kəsb edir.

Hulusi Akar Qara dəniz dəhlizinin quru yolu ilə müqayisədə taxıl daşınması üçün çox daha sürətli və daha əlverişli olduğunu vurğulayıb: 

“Sırf humanitar fəaliyyət olan taxıl daşınması təşəbbüsü münaqişə şəraitindən ayrı tutulmalı, başda cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bölgədə sülh və humanitar yardım sahəsində indiyə qədər etdiyimiz kimi, bütün səviyyələrdə üzərimizə düşən işi etməyə davam edəcəyik”.