QHT “İstedadlı uşaqlara dəstək“ layihəsi çərçivəsində növbəti təlim keçirib

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi fəaliyyət planına uyğun olaraq Bakı şəhəri 185 nömrəli tam orta məktəbdə “İstedadlı uşaqlara dəstək" layihəsi çərçivəsində növbəti  təlimini təşkil etdi.  Şagirdlər qeydiyyatdan keçdikdən sonra layihə rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Sonra tədbir iştirakçıları ayağa qalxaraq Azərbaycan Respublikasının himnini oxudular. Ardınca layihə rəhbəri 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ , Aprel döyüşləri zamanı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi.

İlk çıxış edən Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. O, bir daha Agentliyə və BŞTİ öz təşəkkürünü bildirdi. Layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında  məlumat verərək söylədi ki, layihənin əsas məqsədi şagirdlərin istedadını üzə çıxarmaqla bərabər, onların müəlllim və valideynlərini də bu istiqamətdə maarifləndirməkdir. Çünki təkcə bir dəfə layihə çərçivəsində müəyyən yarışlar təşkil edib şagirdləri həvəsləndirmək onların fitri qabiliyyətləri üzrə inkişafını həmişəlik stimullaşdırmayacaq. Bu, onlarda müvəqqəti həvəs oyadar və zamanla onları tərk edər. Nəticədə onlar yenidən passivləşə bilərlər. Nitq mədəniyyəti haqqında danışan layihə rəhbəri daha sonra  bildirdi kı, Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacibsayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarından nümunə götürməlidirlər.

Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:

  1. Dilin özünün ifadə imkanlarının genişliyi,
  2. Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.

Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dil- özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.

Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmusdur.

Layihə rəhbəri xüsusi olaraq vurğuladı kı,Heç zaman unutmaq olmaz ki, istedadlı uşaqlar yalnız bir fərdin, bir ailənin, bir məktəbin, bir rayonun deyil, bütün dövlətimizin gələcəyinin gözləntiləridir. Onların bir fərd olaraq yaratdıqlarından bütün xalqımız və ölkəmiz faydalanacaqdır. Daha sonra Əli müəllim bir daha bildirdi kı, sonda seir müsabiqəsi təşkil ediləcək və fəal şagirdlərə tərəfimizdən sertifikatlar veriləcəkdir. Qısa tanışlıqdan sonra Əli Cəfərov sözü təlimçi, Bakı Uşaq və Gənclər Teatırının tanınmış aktyoru Mehman müəllimə verdi. Təlimçi bildirdi ki, təlim zamanı sizlərin  nitq mədəniyyəti, diksiyanız və ümümiyyətlə şeir söyləmək məharətiniz yaxşılaşacaqdır.

Tədbirin sonunda söz şagirdlərə verildi. Şadirdlərdən Mahru, Təranə,  Ülkər, Ayan,Zərifə və Murad vətənpərvərlik mövzusunda hazırlamış olduqları seirləri söylədilər. Nuriyyə və Nurcahanın sazda səslənən mahnı sədası altında serləri dillənildi. Bu zaman təlimçi Mehman müəllim yenidən söz alaraq sagirdlərə seir söyləyən zaman nələrə fikir vermələrini izah etdi.