“Erkən nikahlar ənənə deyil, zorakılıqdır” – QHT Ağstafa və Tovuzda bu mövzuda təlim keçirib

Demokratik İslahatlar və Hüquq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Erkən nikahlar ənənə deyil, zorakılıqdır” adlı  layihəsinin icrasını davam etdirir. Bu barədə İlkxeber.org-a Demokratik İslahatlar və Hüquq İctimai Birliyinin sədri, layihə rəhbəri Mərhəmət Əsgərova məlumat verib.

M.Əsgərova bildirib ki, layihə çərçivəsində Ağstafa rayonunun Yenigün kənd tam orta məktəbində Yenigün, Xətai, Aşağı Göycəli, Qaçak Kərəm kənd tam orta məktəblərinin, Qırılı kənd tam orta məktəbində Qırılı, Həsənsu, Eynallı, Köçəsgər, Vurğun  kənd tam orta məktəblərinin və Tovuz rayonunun Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbində Ağbulaq, Əsrik Cırdaxan və Əsrik kənd tam orta məktəblərinin, eləcə də rayonun Mərdan Musayev adına Əlimərdanlı  kənd tam orta məktəbində Əlimərdanlı, Girzan, Qaraxanlı, Xatınlı və Qədirli kənd tam orta məktəblərinin müəllimlərinin, valideynlərin və yuxarı sinif şagirdlərinin – 50 nəfərin iştirakı ilə “Erkən nikahlar ənənə deyil, zorakılıqdır” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara erkən nikahların səbəbləri, erkən nikahların nəticələri izah edilib.

Daha sonra erkən nikahların ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi ilə əlaqələndiirlməsi fikrinin yanlış olması ətraflı əsaslandırılıb. Erkən nikahlarla bağlı qızların qaçırılması halları, erkən nikaha daxil olanların dövlət müdafiəsi ilə bağlı təhsil işçilərinin, ictimaiyyətin, valideynlərin və erkən nikahdan zərər çəkənlərin atmalı olduqları addımlar, müraciət ünvanları diqqətə çatdırılıb. Erkən nikahların və erkən nişanlanma hallarının doğurduğu psixoloji, sosial, tibbi problemlərə də toxunulub və erkən nikahların qarşısının alınması üçün addımlar ardıcıl olaraq izah edilib.  

Təlimin sonunda iştirakçıların sualları müzakirə edilmiş, sertifikatlar verimiş və kiçik hədiyyələr paylanıb. Eyni zamanda, təlim iştirakçılarına layihə çərçivəsində  hazırlanmış  “Erkən nikah ənənə deyil, zorakılıqdır” adlı bukletlər və kitabçalar paylanıb. Kitabçada erkən nikahların nəticələri, erkən nikahlarla mübarizə haqqında qanunvericiliyin tələbləri, erkən nikahların qurbanlarının dövlət müdafiəsi haqqında biliklər, bukletdə isə erkən nikah hallarında müraciət ünvanları  və digər məlumatlar verilib.

Təlimin sonunda erkən nikah və nişanlanmalarla bağlı problemləri olan valideynlər və yetkinlik yaşına çatmayanlara konfidensial yardım göstərilib.