2 il öncənin bu günü Ermənistan Gəncəyə növbəti raketi atıb- Statistika

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir.

Musavat.com xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub.

Nəticədə ölən və yaralanan olmayıb.

Ancaq şəhərin infrastrukturuna ciddi ziyan dəyib. Ümumiyyətlə, bu gün müxtəlif Qərb dairələrinin və dövlətlərinin müdafiə etdiyi Ermənistan 44 günlük Vətən müharibəsi dövründə dəfələrlə sivilləri hədəfə alıb. Ən çox zərəri görən şəhərlərimizdən biri elə Gəncə olub.

Cəbhədən xeyli uzaq məsafədə yerləşən Gəncə şəhəri  4 oktyabr ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə  1 mülki şəxs şəhid olub, 30-dan çox mülki şəxs isə yaralanıb. Bu hadisədən 1 gün keçmiş cəbhədə rəzil duruma düşən Ermənistan silahını yenə də silahsızlara- Gəncənin mərkəzinə çevirib. Nəticədə 5 oktyabr 2020-ci ildə 3 mülki şəxs yaralanıb. 8 oktyabrda da yuxarıda qeyd etdiyimiz kimi Gəncə ermənilər tərəfindən raket atəşinə məruz qalıb. Ancaq xoşbəxtlikdən həlak olan və yaralanan olmayıb. Oktyabrın 11-də təcavüzkar Ermənistanın Gəncəyə növbəti raket zərbəsi nəticəsində isə 10 mülki şəxs şəhid olub və 40-dan çox insan yaralanıb. Cəbhədə Azərbaycan ordusunun qarşısından qaçan, qaçmayanı isə qırılan Ermənistan silahlı qüvvələri 17 oktyabrda yenə də Gəncəni hədəfə alıb. Bu dəfə isə 16 nəfər şəhid olub, 55 nəfər  yaralanıb.

 

Bir daha qeyd edirik ki, bu hadisələrdə yaralanan və şəhid olanların hamısı mülki şəxslərdir.

Ermənistan bununla necə təcavüzkar, sülhdən yana olmayan dövlət olduğunu bütün dünyaya göstərmiş oldu. Haqdan yana olanlar hadisəni görüb, pislədilər. Ancaq 30 illik işğal dövründə susanlar bunlara da susdular. Onlar sussa da, Azərbaycan ordusu, dövləti susmadı. Haqqı olanı geri aldı, əzəli torpaqlarını düşmən tapdağından xilas etdi. 30 il biz buna sülh yolu ilə çox cəhd etdik. Ancaq Gəncə hadisələri də göstərdi ki, terrorçu Ermənistanın sülhlə işi yoxdur.

 Gəlin, 44 günlük Vətən savaşında bu gün cəbhədə baş verənlərə də nəzər salaq.

Müharibənin 12-ci günü

Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahına, infrastrukturuna və silah-sursat anbarlarına bölmələrimiz tərəfindən artilleriya zərbələri endirilib. Yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikasından ibarət hərbi kolonu dəqiq artilleriya atəşi ilə sıradan çıxarılıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusuna məxsus 10-dək tank, 6 ədəd “D-20” top, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan Horadiz kəndində Ermənistan ordusu hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları zirehli texnikalar, düşməndən əldə olunan hərbi qənimətlərin videogörüntülərini paylaşıb. 

 “Azərkosmos” ASC işğaldan azad olunmuş Cəbrayıl şəhərinin “Azersky” peykindən əldə edilmiş təsvirini yayıb.

 Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 8 oktyabr saat 13:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ə çatıb, 928 ev, 133 mülki obyekt və 45 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.

Göründüyü kimi düşməndən fərqli olaraq Azərbaycan Ordusu yalnız hərbi obyektləri susdurub, işğalçını öz torpaqlarımızda məhv edib. Bu gün də “dəmir yumruq” yerindədir və düşmənin hər yanlışı onun üçün faciə ilə bitir.

 

Əli Rais,
Musavat.com