Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb

Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Report-a açıqlamasında bildirib ki, “Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. Bu günə qədər 25 nəfərin qalıqları aşkarlanıb”.

Onun sözlərinə görə, ola bilər ki, bir həftə bundan əvvəl 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil:

“Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”.

O bildirib ki, Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq: “Kütləvi məzarlıqların bu yerdə aşkarlanması davam edəcək”.

İlkxeber.org