Yardımlının Şiləvəngə kəndində 27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfəri tariximizin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Bu tarixi gün təkcə Bakıda deyil, bütün rayonlarda, hətta ucqar kəndlərdə belə şəhidlərimizin ruhu böyük ehtiramla yad olunaraq qeyd olunub.

Bu münasibətlə Yardımlı rayonunun Şiləvəngə kəndində də  27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbir şəhid Qədir Xəlilov adına Şiləvəngə kənd tam orta məktəbi, Şiləvəngə kənd kitabxanası və klubunun birgə təşkilatçılığı ilə Şiləvəngə kəndində şəhidlərin şərəfinə ucaldımış xatirə kompleksin qarşısında baş tutub.

Tədbirdə şəhidlərimizin ailələri, qazilər, məktəblilər və kənd sakinləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin məzarını ziyarət ediblər, sonra isə abidənin önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirələrini böyük ehtiramla yad ediblər. Tədbirdə çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından qürur duyduqlarını qeyd ediblər.

Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ucaldılmış xatirə kompleksin ətrafında salınmış kiçik parkda bir sıra təmizlik işləri görülmüş, yeni ağaclar əkilmiş və suvarma işləri aparılmışdır.

Sonra tədbirdə məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər səslənidrilmişdir.

Tədbirin yekununda, saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.