Şəhid bacısı Mehriban xanım Əliyevaya məhkəmələrdən şikayət etdi: “Budurmu məhkəmənin ədaləti?”

Yeganə İmanova: “Məhkəmə isə ədalətsiz qərar qəbul edərək, üzərimizə elə bir yüksək məbləğ qoymuşdur ki, həmin məbləğ ailəmiz üçün əlçatmazdır”


Yardımlı şəhər sakini, şəhid bacısı Yeganə Əlixan qızı İmanovanın redaksiyasımıza göndərdiyi məkutubunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya yazdığı şikayət ərizəsindən bəhs olunur.  İlkxeber.org həmin ərizəni olduğu kimi dərc edir.                                    

“Hörmətli Mehriban xanım!

Mən şəhid bacısıyam. Sizə aşağıda geniş izahını verdiyim, ailəmizin üzləşdiyi bir problemlə bağlı müraciət etmək istəyirəm. Çünki bu problemin ədalətli həll edilməsi üçün ədalət umduğumuz müxtəlif məhkəmə instansiyalarına, eləcə də digər aidiyyatı qurumlara bir ildən artıqdır etdiyim müraciətlərimə hələ də müsbət cavab ala bilməmişəm.

Məlumat üçün Sizə bildirirəm ki, oğlum Bədirov Müşviq Tarquli oğlu Ağdam rayon sakini Abdullayeva İlahə Teyyub qızı ilə Bakıda tanış olmuş və 2009-cu ildə İlahənin razılığı ilə onu götürüb qaçmışdır. Həmin il oğluma el adətincə toy etsəm də, onlar 2011-ci ildə rəsmi nigaha daxil olmuşlar. Bu nigahdan 3 övladları (2 qız, 1 oğlan) olmuşdur. Düz 12 il gəlinim, oğlum və digər ailə üzvlərimiz birlikdə çox mehriban yaşamışıq. Bunu bizimlə qonşu olan insanlar da təsdiqləyə bilərlər. 2021-ci ildə gəlinim İlahə Müşfiqə ata-anasının xəstə olduğunu deyərək 10-15 günlüyə icazə istəmişdir. Gəlinimin dediklərinə inanaraq həmin ilin fevralın 24-də onu mehribanlıqla atası evinə yola salmışıq. Ancaq gəlinim atası evindən bir daha geri dönməyib. Sonrada öyrənmişik ki, onun ata-anasına baxan yoxdur və bizi aldadaraq evdən bəhanə ilə çıxıb gedib. Onu da öyrənmişik ki, gəlinin 1 qardaşı var, o da ailəsindən boşanmışdır.

Qeyd edim ki, gəlinim Ağdama gedərkən 3 nəvəmi və özünə aid geyim əşyalarını, pal-paltarının hamısını özü ilə aparmışdır. Bu müddətdə oğlum bir yeznə kimi qaynatası evinə mütəmadi olaraq baş çəkmişdir və məlum olmuşdur gəlnim İlahənin atası daimi alkaqol içkisi qəbul edəndir. Lakin bütün bunlara baxmayaraq oğlum gəlinimlə dəfələrlə telefonla danışaraq onun geri dönməsini xahiş etmişdir. Ancaq İlahə oğluma ata-anasını tək qoyub geri dönməyəcəyini və boşanmaq üçün məhkəməyə müraciət etməsini məsləhət etmişdir.

Beləklə, oğlumla gəlinim Yardımlı rayon məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı ilə rəsmən boşandılar və məhkəmə 18 yaşına çatanadək hər uşağa mənim pensiyamdan tutulmaqla 100 manat aliment kəsdi. Həmin gündən o pulu ödəyirik və bundan imtina etməmişik.

Lakin mənim narazılığım ondan ibarətdir ki, Yardımlı rayon məhkəməsinin hakimi İlqam Həsənquliyev (yeri gəlmişkən, gəlinimlə eyini rayondandır) mənim evimə baxış keçirmədən, eksperiza təyin edilmədən ümumi çəkisi 68 qram olmaqla 5180 manat dəyərində qızıl-zinət əşyalarını, eeləcə də cehizi 8814 manat qiymətləndirərək ödənilməsini bizdən tələb etmişdir. Yeri gəlmişkən, məhkəmə zamanı oğlum qaynanası Sona Abdullayeva tərəfindən 3 dəfə kobud surətdə təhqir olunsa da, tələb etməyimizə baxmayaraq bu hal protokolla qeydiyyata alınmamışdır.

Eyni zamanda hakim iclas zamanı dəfələrlə iddiaçıya işarə edib, deyirdi ki, “Bu qızılları sənə hədiyyə almışdılar?”, “sənə padarka veriblər?”. Cavabdeh olaraq hakimin dəfələrlə özünü belə aparmasından başa düşdük ki, o, iddiaçıya köməklik edir. İddiaçı iddiada qeyd etdiyi, lakin mövcud olmayan qızıllarla və bəzi cehiz əmlakı ilə bağlı suallara da, ziddiyyətli cavblar vermişdi. Bəs nə üçün bu hal hakimə şübhəli gəlməmişdir ki, iddiaçı yalan danışır.

Tam məsuliyyətimlə bildirirəm ki, iddiaçıların bizdən bu qədər əmlak və qızıl tələb etmələri açıq-aşkar böhtandır və ağ yalandır, buna görə qanun qarşısında məsuliyyət daşıyırlar. Əgər gəlinimin qızılları olsaydı paltarları ilə birlikdə onları da özü ilə aparardı.

Məhkəmə iclaslarında tərəfimizdən dəfələrlə bildirilmişdir ki, doğurdan da, iddiaçı olan keçmiş gəlinim İlahə xanımla oğlum Müşviq evli olmuş, 2021-ci il tarixdə nikahları pozulmuş və hazırda ayrı yaşayırlar. İddiaçıya aid olan əşyalara dair siyahı da məhkəməyə təqdim edilmişdir, həmin əşyalar ayrıca otağa yığılıb, saxlanılır və hər an qaytarmağa hazırıq.

Qətiyyətlə bildirirəm ki, bizdən tələb olunan digər əşyalar heç vaxt mövcud olmamışdır. Qızıl zinyət əşyaları isə digər gəlinim Ağayeva Elnarə Xanoğlan qızına məxsus olmuşdur, toy edərkən, həmin qızılları Elnarədən borc şəklində götürmüşdük ki, gəlin toyda qonaqların qarşısında və şəkillərdə qızılla görünsün. Təbii ki, toy bitdikdən sonra isə, qızıllar da  öz sahibinə geri qaytarılmışdır. Bu xüsusatları qızılların sahibi Elnarə Ağayeva da, şahid qismində izahat verərkən, təsdiq etmişdir.

Çox maraqlıdır, necə olur ki, iddiaçının izahatı ilə heç bir sübutu olmadığı təqdirdə dedikləri məhkəmələr tərəfindən təsdiqini tapır, cavabdeh  olaraq bizim  dediklərimiz isə təsdiq olunmur. Baxmayaraq ki, şahidimiz məhkəmədə izahat verərək, dediklərimizi təsdiq etmişdir.

Məhz bu cür səbəblərdən, birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmə müdafiəsi hüquqlarımız pozularaq, mövqeyimizə qərəzli yanaşıldığına görə qərardan narazı qalıb Şirvan Apellyasiya məhkəməsinə müraciət etmişdik. Əfsuslar olsun ki, Apelyasiya instansiyası da, qeyd edilənlərlə bağlı heç bir araşdırma aparmadan, ədalətsiz və qanunsuz qərarı təsdiq etdi.

Belə ki, 25 aprel 2022-ci ildə Apellyasiya məhkəməsi (hakimlər – Nüsrət Mirzəyev, İlham Əsədov və Samir Mayılov) işə Masallı Rayon Məhkəməsinin inzibati binasında baxarkən, kamera olan zalda işıqlar söndürülmüş (baxmayaraq ki, digər yerlərdə işıq yanırdı), cavabdehlərin təqdim etmək istədikləri 3 nəfər şahid dindirilməmiş, fotoşəkillər maddi sübut kimi götürülməmişdir. Telefon cihazının işığı ilə tələsik şəkildə iclas başa çatdırılmışdır. Maraqlıdır ki, buna səbəb nə olmuşdur? Halbuku təcrübədən də, bilinir ki, belə vəziyyətdə məhkəmə təxirə salına bilərdi.

Eyni zamanda məhkəmədə mənim şahidlərim dindirilməmiş, əlimdə olan foto-şəkillər maddi sübut kimi götürülməmişdir. Hakim Nüsrət Mirzəyev cehizlə bağlı siyahının isə Yardımlı rayon məhkəməsi tərəfindən təqdim olunmadığın deyəndə 3 dəfə şəhid qardaşımın ruhuna and içib demişəm ki, bizim qızılımız olmayıb, gəlinə qızıl verməmişik. Ancaq həmin siyahını təqdim edəndə qəbul etmək istəmədi, yalnız digər hakim “şəhid bacısıdır” deyəndən sonra götürdü. Ancaq nə olsun ki? Yenə də 20 dəqiqə ərzində telefon işığında bizə qarşı 14994 manatlıq qeyri-qanuni təzminat ödəməyimizlə bağı ədalətsiz qərar qəbul etmişdir. Oğlum Müşfiq hakimə “27 yanvar 2015-ci ildə İlahənin qardaşının toyunda iştirak etmək üçün birlikdə Yardımlıdan Bakıya gedəndə onun üstündə qızıl yox idi”, deyəndə hakim oğluma “bəlkə kefinə düşmədiyi üçün taxmayıb” cavabını vermişdir.

Onu da bildirim ki, ailəmizin imkanı olmaması səbəbindən biz toy vaxtı qızıl ala bilməmişdik. Mən özüm həmişə yol süpürüb, aldığım kiçik məvaciblə həm ailəmizi, həm də Müşviqin 3 övladını saxlamışam. Burada sözügedən qızıllar isə digər oğlumun həyat yoldaşına məxsus olmuş və müvəqqəti olaraq iddiaçıya verilmişdir. Əlimizdə fotoşəkillər də mövcuddur, hansı ki, illər öncə, iddiaçı gəlin gəlməmişdən əvvəl həmin qızılların digər gəlinim Elnarə Ağayeva tərəfindən taxılması sübut olunur.  Məhkəmə isə ədalətsiz qərar qəbul edərək, üzərimizə elə bir yüksək məbləğ qoymuşdur ki, həmin məbləğ ailəmiz üçün əlçatmazdır.

Əgər məhkəmələr prosesə ədalətli yanaşsaydılar təqdim edə bilmədiyimiz şahidlər Kərimova Qəribə Murtuz qızı, Əmirov İbrahim Dünyamalı oğlu və Xudaşova Nərminə Qulammirzə qızı da, hıqiqətləri bildirib, iddiaçının dediklərinin həqiqətə uyğun olmamasını sübut edəcəkdilər. Məhkəmələrin qərəzli və birtərəfli aparılması səbəbindən, həmin şahidlər təqdim edilmədilər. Apelyasiya məhkəməsi isə, ümumiyyətlə şahidlərin dindirilməsi barədə vəsatəti təmin etmədi.

O, da maraqlıdır ki, məhkəmələr heç bir araşdırma aparmadan, yəni tələb olunan əmlakların dəyərini dəqiq müəyyən etmədən, elə iddia ərizəsində qeyd edildiyi kimi, qətnaməyə köçürmüşlər. Deməli iddiaçı cehiz və qızılların dəyərini milyon manat göstərsəydi, elə həmin məbləğ də, tutulacaqdı. Yəni iddiaçının tələb etdiyi məbləğlərə dair qiymətləri necə hesablaması, hansı əsasla o qədər pul tələb etməsi məhkəmələr üçün də, maraqlı olmamışdır. Hansı ki, məhkəmələr ən azından prosessual qaydaya uyğun olaraq, qızılların və əmlakın dəyəri ilə bağlı ekspertiza təyin edə bilərdilər (Onsuz da cavabdeh kimi həmin hissədə iddianı qəbul etmirk və etməyəcəyik). Lakin məhkəmələr prosessual pozuntu edərək, bunu da, etməmiş, tələsik qərar qəbul edərək, iddiaçı tərəfi sevindirmişlər. Apellyasiya məhkəməsi yalnız gözdən pərdə asmaq üçün 433 manatı cavbdeh qismində bizdən tutmamış və beləliklə Yardımlı rayon məhkəməsinin ədalətsiz qərarını qüvvədə saxlamışdır. Yəni cavbdehlərin maraqlarını nəzərə almadan, açıq aşkar hüquqlarını pozaraq  ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə tərəfindən şahidlərin izahatlarının alınmaması, iclasın qaranlıq şəraitdə, çəkiliş olmadan keçirilməsi, açıq aşkar olan faktlara qiymət verməməsi buna bariz nümunədir.

Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(106)-1026/2022 saylı qətnaməsi ilə  konstitusion hüquqlarımız pozulmuş, məhkəmə mülki işə baxarkən qanunu düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməsində apelyasiya şikayətinin dəlilləri sadalanmış, lakin daha sonra heç bir əsas və sübut olmasa da, göstərmişdir ki, “Məhkəmə qeyd edilən qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə şəklində alındığını nəzərə alaraq hesab edir ki, həmin əşyalar iddiaçıya hədiyyə olaraq alındığı üçün ona məxsus olmaqla onun mülkiyyətidir”. Maraqlıdır ki, tərəfimizdən kifayət qədər sübut hər iki məhkəmə instansiyasına təqdim edilsə də, iddiaçının izahatına inanılmış, həmin izahat əsas götürülərək ədalətsiz qərar qəbul edilmişdir.

İddiaçı iddia ərizəsində nə tələb etmişsə, məhkəmə həmin əmlakları və dəyərlərini iddiada göstərildiyi qədərdə və məbləğdə bizdən tutmuşdur. Yalnız dəyəri, 433 manat olan paltarlar hissədə iddianı təmin etməmişdir. Burada maraqlı sual yaranır, görəsən hakimlər hansı araşdırma nəticəsində böyük məbləğləri cavabdehlərdən tutmuş, yalnız 433 manatı təmin etməmişdir. Budurmu məhkəmənin ədaləti? 

Hörmətli Mehriban xanım!

Hazırda Şirvan Apellyasiya Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(106)-1026/2022 saylı qətnaməsini ləğv edərək, iddianın cavbdehlər təqdim etdiyi siyahıda olan əmlaklar hissədə təmin edilməsinə, iddianın digər hissədə, yəni qızıl zinyət əşyalarının və cavbdehlərdə mövcud olmayan əmlaklar və geyim əşyaları hissədə rədd edilməsinə dair qərar qəbul etməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya şikayəti vermişik.

Çünki məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin bu tələbini pozaraq, yalnız iddiaçının istəyinə uyğun olaraq, mövcud olmayan əmlak və qızıl zinyət əşyalarının cavbdehlərdən alınmasını, yaxud dəyərinin ödənilməsini təmin etmişdir. Hansı ki, həmin əmlakların mövcudluğu sübuta yetirilməmiş, məhkəməyə

iddiaçı tərəfdən iddiada qeyd edilənlərdən başqa heç bir sübut təqdim edilməmişdir.

Ona görə də, Sizdən xahiş edirik ki, ədalət naminə pozulmuş hüquqlarımızın bərpası üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ədalətli qərar qəbul etməsində bizə yardım göstərəsiniz”.

P.S. Sözügedən şikayət ərizəsinin surətləri, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə xanım Qafarovaya,  Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədova,  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri cənab Sənan Hacıyevə ünvanlanmşdır.