“Xan qızı” - Bakı Bələdiyyə Teatrının təqdimatında

İyunun 14-də Bakı Bələdiyyə Teatrı “Xan qızı” tamaşasının premyerasını keçirdi. Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində nümayiş olunan və olduqca maraqla qarşılanan tamaşa Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə hazırlanmış, Azərbaycan xalqının Milli Qurtuluş Gününə, eyni zamanda yazıçı dramaturq İlyas Əfəndiyevin və  teatr və kino aktrisa, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunmuşdu.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi bir çox silsilə tədbirlərin həyata keçirilməsinə yol açdı. Prezidentin digər Sərəncamına əsasən bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ilinin  tamam olması münasibətilə Mədəniyyət Nazirliyi şairənin yubileyinə həsr edilmiş tədbirlər planı hazırlayıb həyata keçirməkdədir. Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşası da məhz həmin tədbirlər planının bir hissəsi idi.

İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi tarixi mövzuda yazılan, müasir həyatımızla səsləşən ən qiymətlı əsərlərdən biri hesab olunur. Sonuncu Qarabağ xanının qızı, təmiz və incə duyğulara malik bir şairənin əsərlərindəki kədər sosial səciyyə daşıyır ki, bu da yazıçını daha çox cəlb etmiş və bu baxımdan, Natəvanı həm ictimai xadim, həm də elinə-obasına bağlı şairə kimi təqdim etmişdir.

Xatırladaq ki, pyes əsasında rejissor Mərahim Fərzəlibəyovun 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram teatrının səhnəsində hazırladığı eyni adlı tamaşada Natəvan obrazını görkəmli teatr bə kino aktrisası Amaliya Pənahova yaratmışdır.

Azərbaycan teatr tarixində Xurşidbanu Natəvan obrazını ilk dəfə olaraq Amaliya Pənahovanın bənzərsiz və özünəməxsus şəkildə yaratması

onu sadəcə bir şairə kimi deyil, eyni zamanda böyük bir şəxsiyyət, özünün siyasi görüşləri olan, dövrünün çatışmazlıqları ilə mübarizə apara bilən bir azərbaycanlı qadını kimi canlandırması geniş tamaşaçı auditoriyasının yaddaşında silinməz izlər buraxmaqla yanaşı, eyni zamanda teatr tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin illərdə aktrisa Şuşa şəhərində keçirilən Natəvan poeziya günlərində iştirak etmiş və xalqın yaddaşında bu günə qədər də Xurşidbanu Natəvan obrazında canlanır.

Tamaşanın yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyovdur.

Yeni quruluşda Natəvanın həyatından dramatik səhnələr, eləcə də 1872-ci ildən Xan qızının rəhbərliyi ilə sarayında davam etdirilən, otuzdan çox üzvü olan “Məclisi-üns və şəxsi həyatı yer alıb. Eyni zamanda tamaşada şairənin şeirlərinə də geniş yer verilib.

Yeni quruluşda olan tamaşada iştirak edirlər:

Xurşidbanu Natəvan - Ülviyyə Rza (Humay mükafatı laureatı)

Xasay bəy - Tural Əhməd (Humay mükafatı laureatı)

Canişin - İsmayıl Atakişiyev

Mirzə Ruhulla – Rafiq İbrahimov (Əməkdar artist)

Mirzə Rəhim – Toğrul Rza (Humay mükafatı laureatı)

Həsən bəy – Əhməd Salahov

Mirzə Məmmədqulu – Mehman Abdullayev

Fəhim xanım – Zülfiyyə Qurbanova (Humay mükafatı laureatı)

Süsən – Təzəgül Məmmədova

Qönçə - Zülfiyyə Məmmədova (Humay mükafatı laureatı)

Bəyim – Aynur Abbasova

Pakizə Bəyim – Günel Həmidova

Gülgün – Əzizə Həşimova

Yaradıcı heyət:

Quruluşçu rəssam – İlham Əsgərov (Əməkdar mədəniyyət işçisi)

Plastik səhnələrin quruluşu – Bəhruz Vaqifoğlu (Əməkdar artist)

Musiqi hissə müdiri – Nazim Əbidov (Əməkdar mədəniyyət işçisi)

İşıq rəssamı – Tərlan Ələsgərli

Kostyum sexini müdiri – Leyla Əkbərova

Əruz üzrə məsləhətçi – Firudin Qurbansoy

Dizayn işləri üzrə tərtibatçı – Elnur Ehtiramoğlu

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir. Teatr yarandığı gündən bu günə kimi saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, cəbhə bölgələrində, eyni zamanda xaricdə uğurla təbliğ edir.