Gülnara İnanc 1962-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini 1993 -cü ildə bitirib. Həmin ildən müxtəlif qəzetlərdə fəaliyyət göstərib.1996-cı ildə “Avrasiya” qəzetində çalışarkən Çeçenistana səfər edərək həmin dövrdə müstəqil dövlət qurmaq üçün savaşan çöl komandirləri ilə reportajlar hazırlayıb.
Hər bir konfliktin özünəməxsus xüsusiyyətləri var...
Konfliktlərin bu, və ya digər fazasının mövcud olduğu Çeçenistan, İnquşetiya, Gürcüstan, Dağıstan, İsraildə olmuşam. Hər birinin özünəməxsus xüsusiyyətləri var. Məsələn, İranda münaqişə qərblədir. İran qapalı dövlətdir. Ona görə də təcrid olunmuş dövlətlərə məxsus proseslər yaşayır. İranın hazırkı vəziyyətini Sovet dövlətinə bənzədirlər.Qərb xüsusən də ABŞ İranın hazırkı sistemini terrorçu hesab edir. Məsələn, SEPAH Ağ Evin terror təşkilatları siyahısındadır.
Konflik deyəndə yalnız aktiv döyüşlərin getdiyi məkanlar nəzərdə tutulmur...
Radikal düşüncə, dünyəvi dövlətçilik sistemlərinə qarşı olan cərəyanların fəaliyyəti də konfliktlər kateqoriyasına daxildir. Burada açıq döyüş olmasa da, onlar informasiya toplayan jurnalist, yaxud araşdırmaçının güvənliyi üçün təhlükəlidir. Məsələn, belə qapalı və radikal dini-etnik toplumlarla Dağıstanda görüşmüşəm. Burada həmçinin, ikisi bir-birinə qarşı olan dini məzhəb və təriqətlərin hər biri ilə sıx təmaslarım olub.
Döyüş bölgəsi olmasa da Dağıstan kimi bölgələrdə işləmək jurnalistin həyatı üçün təhlükəlidir. Sən orada yerlilərin təqdimatı ilə əlaqələr qurursan, getdiyin ünvanda səni kimin və nəyin gözlədiyindən xəbərsizsən. Önündə sənə, sənin dövlətinə, xalqına, əqidənə nifrət edən birisi olacaq və onun davranışlarını öncədən bilmək mümkün deyil.
2002-ci ildə İnquşetiyadan artıq ikinci savaşın başladığı Çeçenistana keçmək istəyərkən Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən ölkədən deportasiya olundum.
Dağıstanda isə bir radikal dini təriqətin rəhbəri və icma üzvləri ilə görüşmək üçün ardımca gələnlərlə bom-boş çöllüklə yol gedirdik. Onların tikdikləri məscid çölllükdə yerləşirdi. Həmin anda üstünə mərmi yağmır, ancaq canının kimlərin əlində olduğunu bilmirsən. Bu halda alovdan kömür götürmək istəyi və ehtirası güclüdür.Sən gündəmə başqalarının etmədiyini gətirmək istəyirsənsə, risk etməlisən.
Əks halda etirazçı kütlənin içində polislə üzbəüz qalırsan və sənin həyatın güvəndə deyil...
Şəhər şəraitində etiraz aksiyalarında iştirak etmək də münaqişə şəraitində fəaliyyət kateqoriyasına daxildir. Aksiya zamanı heç vaxt provakasiyalar istisna edilmir. Xatırlayaq ki, 2003-cü ildə və sonralar Bakıda keçirilən etiraz aksiyalarında vətəndaş və jurnalistlər xəsarət alıb. Şəhərdaxili kütləvi aksiyalarda güc strukturları çənbər qurmazdan əvvəl ordan uzaqlaşmağı bacarmalısan, əks halda etirazçı kütlənin içində polislə üzbəüz qalırsan.
Bəzi hallarda sıravi vətəndaş kimi görünmək daha güvənlidir....
Açıq-aşkar təhlükə varsa, oradan uzaq durmalısan. Jurnalist bələdçinin verdiyi informasiyanı bir-neçə dəfə , müxtəlif mənbələrdən yoxlamalıdır. İlk vaxtlarda keyfiyyətli kadrlar çəkmək çətin olsa da sonralar təhlükəsiz rakursdan keyfiyyətli kadrlar çəkmək mümkün olur. Xarici görünüşündə jurnalist atributlarının olması həmişə təhlükəsizliyə zəmin olmadığı üçün, bəzi hallarda əksinə sıravi vətəndaş kimi görünməyin səni daha çox qoruya bilər.
Ən vacib olanı götürüb qaçmağa hazır olmalısan....
Jurnalist müsahibi ilə mübahisə etməməmli, əks fikirdə olduğunu, onun baxışlarını özünə düşmən bildiyini dilə gətirməməli, hakim rolunda çıxış etməməlidir. Bu münaqişəli zonada güvənliyi qoruyan amillərdən biridir. Mobil və çevik olmaq vacibdir. Ən vacib olanı götürüb qaçmağa hazır olmalısan.
24 saat ərzində ölkəni tərk etməyi tələb edən sənəd verdi...
Daha öncə də qeyd etdiyim kimi İnquşetiyadan deportasiyam. İnquşetiya müftisinin bacısının evində qaldığım üçün ardımca OMON gəlməmişdi. Bir nəfər FTX-nın əməkdaşı evə gələrək 24 saat ərzində ölkəni tərk etməyi tələb edən sənəd verdi.
Hava limanında pasportlar yoxlanan zaman gərginlik artır...
2003-cü ildə sentyabr ayında jurnalist qrupu ilə İrana səfər etmişdim. Noyabr ayında isə İsrail XİN-in dəvəti ilə İlqar Rəsul, Qənirə Paşayeva ilə birlikdə İsraildə idim. Pasportunda İran vizası olaraq İsraildə olmağın özü bir psixoloji təzyiqdir. Hava limanında pasportlar yoxlanan zaman bu gərginlik artır. Bütün səfər boyu tədbirdə digər jurnalistlərlə birgə olduğum üçün narahatlıq hiss etmirdim. Geri qayıdanda Təl-Əviv hava limanında uçuşu gözləyən zaman güc strukturlarının formasında olan bir nəfər yaxınlaşaraq sənədlərimi yoxladı və suallar verdi. Xarici işlər nazirliyinin dəvətlisi olmağım məsələni həll edirdi məncə.
Çeçenistanda olanda mənə tək gəzməyə icazə verilmirdi. Yanımda daim silahlı mühafizəçi vardı. Bir gün Qudermes rayonunda olanda darvazadan çıxıb gəzmək istədim. Bir az getmişdim ki, ev sahibinin ardımca qaçaraq gəldiyini gördüm: “Biz sənin təhlükəsizliyinə məsuluq. İndi Qudermesdə hər kəs bilir ki, bizdə jurnalist qonaq var. Səni girov götürə bilərlər”. 90-cı illərdə Çeçenistan savaşı və sonrakı dövrlərdə jurnalistlərin girov götürülməsi ,sonra pul müqabilində azadlığa buraxılması baş verirdi.
İlk növbədə içində pasportum və pullar olan əl çantamı götürüb bayıra çıxdım...
Dağıstanda oteldə gecə vaxtı partlayış səsi gəldi. Həmin dövrdə Şimali Qafqaz , o cümlədən Dağıstanda terror aktları adi bir hal sayılırdı. Partlayış səsini eşidən kimi, ilk növbədə içində pasportum və pullar olan əl çantamı götürüb bayıra çıxdım. Məlum oldu ki, elektrik transformatoru partlayıb.
Ekstremal şəraitdə insanın dinc həyatda özünü göstərməyən keyfiyyətləri üzə çıxır...
İnsan ilk növbədə daha ehtiyatlı olur, gəlmələrə güvənmir. Etibar qazanmaq üçün onlardan biri olmalısan. Yadımdadır ki, İnquşetiyada diqqət çəkməmək üçün paytaxt Maqasa gələn kimi bazardan yerli qadınların geydiyi uzun paltar və baş örtüyü aldım. Bu halda ən azından sənin gəlmə olduğunu anlayana qədər manevr üçün zaman qazanırsan.
Digər tərəfdən də, münaqişə zonasındakı insanlar özünə dəstək axtarır, o cümlədən jurnalistlər. Belə şəraitlərdə insanlar ədalətə inamını itirir, dünya ilə təkbətək qaldığını hiss edir. Çıxış yolu olmadığını düşünür. Onda düşmən obrazı-stereotipi mövcuddur və baş verənlərin hamısında onu günahlandırır.
Çeçenlərlə sıx təmasda olanda tez-tez belə bir ifadə eşidirdim :” Filankəs satqındırsa, onun qanı qarışıqdır. Əsl çeçen xəyanət etməz.” Təbii ki, bu,insanın özünü inandırmaq və ədalətli olduğunu göstərəmək üçün özünü aldatmaqda istifadə olunan bir ifadədir.
Belə bölgələrdə gizlin aqressiyanın açıq aqressiyaya keçmək təhlükəsi var. Bu isə insanları daim gözləmə mövqeyindədirlər.
Münaqişə zonasında yaşayan insanların psixoloji durumunda deformasiya yaranır. Hər şeyi bu münaqişə prizmasından görürlər. İnsan zamanla belə bir şəraitə alışır. İllərdir gah alovlanıb gah közərən İsrail-Fələstin konfliktində insanlar adi həyatını yaşayır, ərəb və yəhudi yanaşı yaşayır, amma qarşılıqlı etimad yoxdur. İllərlə davam edən belə münaqişələrdə etimadsızlıq və aqressiya güclüdür. Bununla mübarizə aparmaq mümkün deyil.
Müəllif: Nərgiz Abbasova
© 2020 - Created by İLK XEBER.