Aydınlar Partiyası Qadir İbrahimlinin dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib.
İlkxeber.org xəbər verir ki, başsağlığı mətnində deyilir:
"Qadir İbrahimli Aydınlar Partiyasının qurucularından olub. Partiyanın yaranmasında, fəaliyyət sənədlərinin hazırlanmasına böyük əmək sərf edib, partiya sədrinin iqtisadi məsələsələr üzrə sədr müavini kimi təşkilati işlərdə daim özünün xüsusi fəallığı ilə seçilib. Qadir bəyin dünyasını dəyişməsi Aydınlar Partiyasının bütün üzvlərini möhkəm sarsıtdı.
Qadir İbrahimli peşəkar iqtisadçı və istedadlı jurnalist kimi hər iki sahənin xüsusiyyətlərindəki ictimai motivləri cəmiyyət mənafeləri baxımından prioritet vəzifələrə çevirməyi bacarırdı.
O, həm də nüfuzlu QHT sədri kimi həyata keçirdiyi çoxsaylı layihələri ilə respublikamızda vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli tövhəsini vermişdi.
Qadir bəy gənc yaşlarında, tələbə ikən ötən əsrin sonlarında Azərbaycanda vüsət alan xalq hərəkatında yaxından iştirak etmiş və Azərbaycanın müstəqilliyi uğrunda fəal mübarizə aparanlarla bir sıarada olmuşdu.
Qadir İbrahimli Əfqanıstan və Qarabağ müharibəsinin veteranı idi. İşğal altında olan torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdi.
Əməksevərliyi, prinsipiallığı, sadəliyi, hadisə və proseslərə məxsusi baxışı ilə əqidə yoldaşlarının, eləcə də jurnalist həmkarlarının hörmətini qazanmış Qadir İbrahimlinin dünyadan köçməsi ilə barışmaq son dərəcə çətindir. Qadir bəyin simasında cəmiyyətimiz işıqlı və vətənpərvər ziyalısını, istedadlı jurnalistini, sədaqətli dostunu, gözəl bir ailə başçısını itirdi.
Aydınlar Partiyası mərhum əqidə dostumuzun doğmalarına, əzizlərinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun!"
© 2020 - Created by İLK XEBER.