Aydınlar Partiyası Arif Rəhimoğlunun vəfatı ilə bağlı başsağlığı verib

Aydınlar Partiyası Arif Rəhimoğlunun vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığı mətnində deyilir:

"Azərbaycan Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan, uzun illər İsveçdə qürbət həyatı yaşayan Arif Rəhimoğlunun dünyasını dəyişməsi Aydınlar Partiyasının üzvlərini də möhkəm sarsıtdı. 

Arif Rəhimoğlu ötən əsrin sonlarında Azərbaycanda vüsət alan Xalq Hərəkatının öncüllərindən biri kimi tanınırdı və Azərbaycanın müstəqilliyi uğrunda fəal mübarizə aparan nurlu şəxsiyyət idi. AXC-nin Məramnamə və Nizamnaməsinin müəlliflərindən biri olan Arif bəy ictimai-siyasi fəaliyyəti ilə yanaşı, elmi işlərindən də əl götürməməmişdi.

Ömrünün son illərini İsveçin Göteborq şəhərində yaşayan Arif Rəhimoğlu dilçi alim kimi 20 kitab və 250-dək elmi məqalə müəllifi idi. 

1985-ci ildə “Mahmud Kaşğarinin “Divanu luğat-it türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdı.

Aydınlar Partiyası adından Arif Rəhimoğlunun ailəsinə, millətimizə, bütün sevənlərinə dərin hüznlə başsağlığı verir və Arif bəyə Allahdan rəhmət diləyirik. 

Ruhun şad, məkanın Cənnət olsun, Böyük İnsan".