Bakı Bələdiyyə Teatrı "Sehrbaz" tamaşasını təqdim etdi

Həqiqətə tapınmaq, öz-özünə hesabat vermək, həqiqət önündə diz çökərək əbədi yaşam qazanmaq, bütün bunlar insanlığa xas keyfiyyətlərdir.

 

Bakı Bələdiyyə Teatrının Mətbuat Xidmətinin məlumat verir ki

 

 Aprelin 1-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sehrbaz” tamaşasının təqdimatında bütün bu keyfiyyətlərin şahidi olduq.

 

Ədəbiyyat, teatr, kino  mütəxəssilərinin tamaşaçı qismində bir araya gələrək yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” tamaşasının təqdimatında həqiqət axtarışına çıxmışdılar. 

 

İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan,

yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar əslində bir-birlərinə yad olmayan, həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişən qəhrəmanlardır.

Bir-birini  əvəz edən  gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra

müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir...

Baş verən olayların “bələdçisi” əsərin iştirakçılarını və tamaşaçıları öz keçmişlərinə baş vurmağa  dəvət edir. Sirlərlə dolu olan keçmişdə nələr baş verib, səbəblər və s. tamaşaçı auditoriyasını düşüncələrə qərq edir.

Hadisələrin əsas “aparıcısı” olan sehrbaz digər qəhrəmanların keçmişinə sanki parlaq bir işıq salır və bu işığın fonunda və ya gur projektor şüaları altında  tamaşaçılar onların həyatının  ən qaranlıq nöqtələrinə bələd olur.

Faciəvi olduğu qədər də komik situasiyalar da tamaşa boyunca bir-birini izləyir...

Və nəhayət boş yeri olmayan tamaşaçı salonu gurultulu alqışlarla qəhrəmanlarımızı bu sehr dünyasından ayıraraq özünə qaytarır. Bu sadəcə bir yazıçının təxəyyülündən gələrək qələmə süzülən və rejissorun səhnə üçün hazırlayaraq tamaşaçılara təqdim etdiyi, bəlkə dünyamızda baş verən hadislərin fonunda, bəlkə də sadəcə xəyali bir məhsul kimi öz həyatını yaşadı və yaddaşlarda iz buraxdı.

Aktyorların üzərinə düşən vəzifə bəlkə də qat-qat artıq oldu. Çünki yazıçı pyesini rejissora təhvil verincə necə işini bitmiş hesab edir və bu səbəbdən kənara çəkilərərk bütün məsuliyyəti rejissora həvalə edir, eləcə də rejissor eynisini təkrarlayır. Aktyorları qəhrəmanların həyatına bürüyərək kənardan onları seyr edir.

Beləliklə də son sözü aktyorlar deyir və önəmli olan da odur ki, “Sehrbaz” tamaşasında bir araya gələn aktyorlar sözün həqiqi mənasında SÖZ deməyi bacardı. Onların hər birinin hiss həyacanı tamaşaçıya sirayət etdi və sonda ayaqüstə alqışa boyanan tamaşaçı salonu bunu canlı olaraq yaşadı...

 

Xatırladaq ki,  “SEHRBAZ” pyesinin  müəllifi, Əməkdar incəsənət xadimi Firuz Mustafa, quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçısı Elnur Əliyevdir.

Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər.  

 

HAŞİYƏ: Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.