“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət olur. 5 üzvü Azərbaycan Prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi təyin edir. Yeni çağırış Milli Məclisin 2020-ci il 5 iyun tarixli Qərarı ilə parlamentin 5 üzvü Komissiyaya təyin olunub. Komissiyanın əsas vəzifələri-korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək, bu sahədə dövlət orqanlarının və digər qurumların fəaliyyətini əlaqələndirmək; korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının icrasına nəzarəti həyata keçirmək; korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək və müvafiq dövlət orqanlarına təkliflər vermək; korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq etməkdir.
Bundan əlavə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir və bu qurum kifayət qədər geniş səlahiyyətlərə malikdir: korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; korrupsiya ilə bağlı cinayətlərin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə, tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görür; korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına mütəmadi olaraq məlumat verir; korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanları və digər qurumlarla əməkdaşlıq edir; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil edir, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin edir; “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirir; korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır və fəaliyyətində aşkarlığı təmin edir; korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə və profilaktik tədbirləri həyata keçirir.
Bu vaxta qədər korrupsiya ilə bağlı xeyli sayda istintaq fəaliyyəti həyata keçirilib. Amma idarə daha çox kiçik və orta çinli məmurlarla bağlı istintaq işləri aparır ki, bu da vətəndaş cəmiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanır. Qurumların fərqli funksiyalarının olması səbəbindən iki qurum bir-birindən müstəqil fəaliyyət göstərirlər. Bəzi hallarda, Korrupsiyaya qarşı mübarizə İdarəsi ilə Komissiyanın səlahiyyətləri üst-üstə düşür. Xüsusən bunlar analitik tədqiqatlar, ictimai məlumatlandırma və beynəlxalq əməkdaşlıqla bağlı məsələlərdir
Korrupsiyaya qarşı səmərəli mübarizə aparmaqdan ötrü dövlət son bir-iki ildə bu problemin həlli istiqamətində, bir hissəsini artıq yuxarıda qeyd edilən işləri daha da genişləndirmək və onlara sistem xarakteri verməklə daha geniş anlamda və daha sərt şəkildə, amma modern və rasional üsullarla təsirini, çəkindirici effektini və nəticəliyini daha da artırmalıdır. Hər şeydən əvvəl mövcud qanunvericiliyin təkmilləşdirilməsi, yeni reallıqları nəzərə almaqla onun beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması və yeni qanunların qəbul edilməsi istiqamətində iş sürətləndirilməlidir. Beynəlxalq praktikadan məlumdur ki, korrupsiyaya qarsı mübarizə sahəsindəki qanunvericilik aktlarının səmərəli işləməsi xeyli dərəcədə dövlət hakimiyyət orqanlarının fəaliyyətindən asılıdır.
İnformasiya-kommunikasiya texnologiyalarının modern variantların tətbiqi, rəqəmsallaşma daha da genişləndirilməli, dövlət orqanlarının fəaliyyətini daha geniş planda əks etdirən internet səhifələrinin tərtib edilməsi sürətləndirilməlidir. Müvafiq hökumət strukturları və özəl sektorda korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədilə dövlət və qeyri-hökumət təşkilatlarının birgə iştirakı ilə monitorinqlər və digər ixtisaslaşdırılmış tədqiqatlar həyata keçirilməlidir.
Dövlət qulluğuna qəbulun səmərəliliyinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilməlidir. Dövlət qulluqçularının fəaliyyətinin dəyərləndirilməsi məqsədilə işlənib hazırlanmış obyektiv, rasional təkliflərin tətbiqi istiqamətində sistemli real addımlar atılmalı, dövlət qulluğunun nüfuzunun artırılmasına xidmət edən tədbirlər kompleksi hazırlanmalı və həyata keçirilməlidir. Mövcud qanunvericilikdə dövlət qulluqçularının fəaliyyətində maraqlar ziddiyyətinin aradan qaldırılmasına imkan verən müvafiq dəyişikliklər edilməlidir. Vəzifəli şəxslərin əmlak və maliyyə vəziyyəti haqqında beynəlxalq praktikada özünü doğrultmuş mexanizmlərdən səmərəli istifadə etməklə bu sahədə obyektiv, şəffaf və etibarlı nəzarət sistemi yaradılmalıdır.
Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasının vacib şərtlərindən biri dövlət hakimiyyət orqanlarının öz aralarında, eləcə də dövlət, cəmiyyət və fərd arasında koordinasiya sisteminin yaradılmasıdır. Dövlət hakimiyyət orqanlarının korrupsiya ilə mübarizə sahəsində həyata keçirdikləri fəaliyyətlərin bir-biri ilə əlaqələndirilməsinin səmərəliliyinin artırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması və açılmasına görə hüquq-mühafizə əməkdaşlarının stimullaşdırılmasının təsirli mexanizmi hazırlanmalı və müvafiq dövlət orqanları tərəfindən həyata keçirilməlidir. Məhkəmə sisteminin, hakimlərin, vəkillik fəaliyyətinin, eləcə də notariat işinin təkmilləşdirilməsi istiqamətində müvafiq proqramlarda nəzərdə tutulan tədbirlərin tam reallaşdırılması işi sürətləndirilməlidir.
Korrupsiyanın dairəsinin genişlənməsində digər amillərlə yanaşı inhisarçılıq da ciddi rol oynayır. Dövlət hakimiyyət orqanlarının və müstəqil ekspertlərin əsaslandırmalarına görə, Azərbaycanda kiçik və orta sahibkarlığın “sıxılmasında”, öz potensialına uyğun səviyyədə fəaliyyət göstərməsinə imkan verilməməsində, qiymətlərin süni surətdə artırılmasında və əhalinin əmək haqqı, pensiya və digər ödənişlərinin inflyasiyanın «yeminə» çevrilməsində digər amillərlə yanaşı inhisarçılıq da ciddi rol oynayır. İnhisarçılıq öz mövqeyindən sui-istifadə hallarını artırır və korrupsiyanın artması üçün əlverişli şərait yaradır. Ona görə də ölkədə inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və ədalətli rəqabətin təmin edilməsindən ötrü, hər şeydən əvvəl bu sahədə etibarlı qanunvericilik bazası yaradılmalı, Rəqabət Məcəlləsinin qəbulu sürətləndirilməlidir.
Təbii inhisarların tənzimlənmə mexanizminin təkmilləşdirilməsi ilə yanaşı, mövcud qanunvericiliyi pozmaqla yaranan yeni inhisarçılıq təzahürlərinin də aradan qaldırılması üçün həm inzibati, həm iqtisadi, həm də təşkilati xarakterli tədbirlər görülməlidir.
Nəzərdə tutulan tədbirlər kompleksinin sistemli şəkildə həyata keçirilməsi ümumiyyətlə ölkədə korrupsiyanın dairəsinin daraldılması, dövlət vəsaitindən istifadənin səmərəliyinin artırılması, Azərbaycanın gələcəyi, yaxın, orta və uzun perspektivləri baxımından böyük aktuallıq kəsb edən bir məsələnin optimal variantda həllində, yəni işğaldan azad olmuş əraziləri bərpa etmək və məqbul sayıla bilən müddətdə ölkənin ümumi iqtisadi sisteminə qoşmaqdan ötrü hazırlanan fəaliyyət proqramlarının məqbul templərlə, optimal hesab olunan xərclər çərçivəsində və müasir tələblərə cavab verən səviyyədə yüksək keyfiyyətlə icra olunmasında mühüm rol oynaya bilər.
Ədəbiyyat siyahısı.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Ali məktəb tələbələri arasında antikorrupsiya mədəniyyətinin formalaşdırmasına media məlumatlarının təsirinin öyrənilməsi və tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.