Uzun illərdir ki, Azərbaycanda korrupsiyaya qarşı tədbirlər görülür. Lakin bununla belə, bəzi sahələrdə problemlər qalmaqdadır. Ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı müxtəlif istiqamətlərdə mübarizə tədbirləri, proqramlar hazırlanaraq həyata keçirilib. Bundan əlavə, əhalinin ən çox istifadə etdiyi 300-dən yuxarı xidmət Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin (ASAN Xidmət) mərkəzləri tərəfindən təqdim olunmağa başlanıb.
Onu da qeyd edək ki, son illər Azərbaycanda xeyli sayda yüksək vəzifəli dövlət məmuru fəaliyyətində yol verdiyi korrupsiya əməllərinə görə həbs olunub. 2020-ci ildə də davam etdirilən bu proses zamanı 6 rayon icra hakimiyyətinin başçısı, müxtəlif nazirliklərdə yüksək vəzifə tutan şəxslər bilavasitə cinayət əməli törədərkən yaxalanaraq həbs ediliblər. Eyni zamanda korrupsiya fəaliyyətlərinin genişlənməsində, himayəçilik biznesinin inkişafında yüksək rolu olan məmurlar vəzifələrindən alınıblar. Lakin cəmiyyətin bu sahədə gözləntiləri hələ qalır, ölkə həyatının, iqtisadiyyatının müxtəlif sferalarında korrupsiya hallarının qarşısının alınması üçün hökumətdən növbəti addımlar gözlənilir və ekspertlər də bildirirlər ki, bu cür addımlar davamlı olacaq.
Korrupsiya bütün dövrlərdə və cəmiyyətlərdə tərəqqiyə mane olan ən ciddi problemlərdən biri olub və müasir dünyanın da əsas təhlükələri sırasında ön yerlərdən birini tutur. Korrupsiya, qanunun aliliyini və dövlətin institutsional əsaslarını zəiflətməklə ümumi inkişaf prosesinə və beləliklə iqtisadi artıma və sosial tərəqqiyə ciddi zərbə vurur Ona görə də Azərbaycanda da korrupsiya iqtisadi potensialımızdan daha dolğun istifadə edilməsinin və sosial iqtisadi tərəqqimizin həmin güclü iqtisadi potensialımıza uyğun səviyyədə olmasının qarşısında duran ən ciddi maneələrdən və cəmiyyəti narahat edən ən ciddi problemlərdən biridir. Son illər “ASAN xidmət”in dairəsinin genişləndirilməsinə, dövlət orqanlarının fəaliyyətinin şəffaflığının artmasına, kölgə iqtisadiyyatının dairəsinin daraldılmasına, maliyyə rejiminin liberallaşmasına, qanunların işləməsinə nəzarətin bir qədər artmasına və s. bu kimi məsələlərin həllinə yönəlik islahatların həyata keçirilməyə başlaması, eyni zamanda həm də birbaşa və dolayısı ilə müəyyən qədər korrupsiyaya qarşı mübarizəni də özündə ehtiva edir. Bu istiqamətdə atılan addımlar ilkin nəticələrini verməkdədir.
Azərbaycandakı korrupsiyanın miqyasları, real durum, cəmiyyəti narahat etmə dərəcəsi, eləcə də bir sıra beynəlxalq araşdırmalarda Azərbaycanın yeri göstərir ki, korrupsiyaya qarşı mübarizədə hələ çox iş görmək lazımdır. Azərbaycanda post-konflikt mərhələsi başlayır. İşğaldan azad olmuş əraziləri bərpa etmək, canlandırmaq, ölkənin ümumi iqtisadi sisteminə qoşmaqdan ötrü fəaliyyət proqramları hazırlanır. Həmin proqramların reallaşdırılmasının ümumi maliyyə tutumu on milyard dollarla vəsait tələb edir. İlk mərhələdə işğaldan azad olmuş ərazilərin bərpasına yönəldilməyə başlayan və bundan sonra da yönəldiləcək vəsaitin, xüsusən də infrastruktur layihələrinin reallaşdırılmasının, geniş miqyaslı tikinti-bərpa işlərinin həyata keçirilməsinin əksər hissəsi dövlət vəsaiti hesabına olacaq. Həmin işlərin məqbul templərlə, optimal hesab olunan xərclər çərçivəsində və müasir tələblərə cavab verən səviyyədə yüksək keyfiyyətlə icra olunması dövlət xərcləmələri sahəsində şəffaflığın, hesabatlılığın artırılmasını və nəzarətin gücləndirilməsini, korrupsiya imkanlarının isə aradan qaldırılması tələblərini fövqəladə dərəcədə önə çəkir.
Ona görə də dövlət vəsaitindən istifadənin səmərəliliyinin artırılmasının effektli fəaliyyət göstərən mexanizmlərinin hazırlanıb həyata keçirilməsinə ciddi ehtiyac var. Maliyyə nəzarətinin keyfiyyətinin artırılması, nəticəliliyinin yüksəldilməsi, bu sahədə şəffaflığın və aşkarlığın təmin edilməsi iqtisadi inkişafa və təhlükəsizliyə böyük təminat yaradır. Son dövrlərdə bu istiqamətdə ölkədə müəyyən tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bir sıra ciddi problemlər hələ də qalmaqdadır ki, bu da öz növbəsində maliyyə nəzarətinin təkmilləşdirilməsini obyektiv zərurətə və tələbata çevirib. Bu məsələyə kompleks yanaşılmalı, çoxsahəli bir sistemi özündə ehtiva edən maliyyə nəzarətinin ayrı-ayrı istiqamətlərini təkmilləşdirməkdən öncə, ölkəmizdə maliyyə nəzarəti üzrə vahid konsepsiya, onun hüquqi təminatı və işlək mexanizmi işlənib hazırlanmalıdır. Həmin konsepsiyada dövlət maliyyə nəzarətinin mövcud vəziyyətinin obyektiv təhlili, arzu olunan vəziyyəti, maliyyə nəzarəti sisteminin təşkili və həyata keçirilməsi üzrə əsas istiqamətlər öz əksini tapmalıdır. Bu konsepsiya dövlət maliyyə nəzarətinin hüquqi bazasının möhkəmləndirilməsi, təşkilati tədbirlərini və s. özündə əks etdirən təkmil bir sənəd olmalıdır.
Məmur sahibkarlığının aradan qaldırılmasının magistral yolu islahatları radikal şəkildə dərinləşdirmək və genişləndirməklə mövcud idarəetmə sisteminin fəlsəfəsinin əsaslı surətdə təkmilləşdirilməsindən keçir. Korrupsiyaya qarşı mübarizədə inzibati xarakterli tədbirlər nə qədər vacib olsa da, qabaqlayıcı antikorrupsiya tədbirlərini həyata keçirmədən, cəza tədbirlərinin ciddi səmərə verəcəyindən danışmaq olmaz. Ona görə də qanunu pozan məmurlara qarşı antikorrupsion tədbirlər məmur işdən çıxarıldıqdan sonra yox, qeyri-qanuni fəaliyyətə başladığı andan tətbiq edişməlidir. Bu baxımdan, beynəlxalq praktikadan çıxış edərək demək olar ki, korrupsiyaya qarşı mübarizədə ən çox istifadə olunan qabaqlayıcı tədbirlər bizdə də sistemləşdirilmiş formada və davalı olaraq tətbiq edilməlidir:
Korrupsiyadan danışılarkən tez-tez mübahisə obyektinə çevrilən məsələ ona qarşı mübarizə vasitələridir. Sinqapur və Malayziyanın təcrübəsinə istinad edərək buna daha yaxşı aydınlıq gətirmək olar. Belə ki, 1965-ci ildən 1990-cı ilədək Sinqapur hökumətinə rəhbərlik etmiş Li Kuan Yu belə hesab edirdi ki, “Korrupsıyanın boğazından yapışmaq üçün ən səmərəli üsul məmurlara bolluca maaş verməkdir”. Lu Kuan Yu hökumətə rəhbərlik etdiyi 25 il ərzində dövlət qulluqçularının maaşlarını özəl sektorda uyğun vəzifə tutanların maaşlarının 80 faizinə çatdırılmasına nail oldu.
Bununla əlaqədar olaraq o bildirmişdi ki, biz nazirlərə vicdanla maaş verməyə başladıq, amma əvəzində onlardan da vicdan tələb etdik. Nəticədə, Sinqapur ölkələrin korrupsiya səviyyəsinə görə siyahısında sonuncu mövqelərə gəlib çıxdı. Sinqapurda korrupsiyanın azaldılmasının səbəblərini araşdıran mütəxəssislərin fikrincə, ölkədə rüşvətxorluğa görə, nazirlərin həbs edilməsi həmkarlarına müəyyən qədər təsir göstərsə də onların rüşvətdən tamamilə imtina etməsinə gətirib çıxarmadı. Bununla yanaşı, dövlət qulluqçularının maaşlarının yüksəldilməsi hesabına korrupsiyanı xeyli cilovlamaq mümkün oldu və Sinqapur korrupsiya xəstəliyindən nisbətən azad bir dövlətə çevrildi. Dünya ölkələrinin Korrupsiyanı Qavrama İndeksinə görə sıralamasında Sinqapur 2020-ci ilin təhqiqatlarının nəticələri üzrə, dünyanın 180 ölkəsi arasında 4-cü yeri tutur.
Malayziyanın o vaxtkı baş naziri Abdulla Əhməd Bədəvi korrupsiyaya qarşı mübarizədə inzibati üsullara daha çox yer verilməsinin tərəfdarı idi. Baş nazir Bədəvi belə hesab edirdi ki, korrupsiya ilə qətiyyətlə mübarizə aparılmaması xarici investisiyaların lazımi səviyyədə ölkəyə cəlb olunmasınına imkan verməyəcək.
Ona görə də Malayziyada “təmiz məmur əlləri” uğrunda kampaniya aparılır və bu kampaniya çərçivəsində ən radikal üsullardan belə istifadə olunur. Belə ki, əgər 2003-cü ildə rüşvətxorluq və rüşvətlə ələalma haqqındakı işlərin istintaqı çərçivəsində Malayziyada 339 həbs cəzası həyata keçirilmişdirsə, 2004-cü ildə həmin maddə ilə həbs olunanların sayı 1,5 dəfə artaraq 500-ə çatıb. Malayziya hökumətinin korrupsiyaya qarşı mübarizədə Sinqapurda tətbiq olunan üsullardan fərqli olaraq sərt inzibati üsullara üstünlük verməsi də müəyyən nəticələr verib.
Amma bu nəticələr Sinqapurla müqayisədə xeyli geri qalır. Belə ki, həmin tədbirlər hesabına Malayziya Korrupsiyanı Qavrama İndeksində görə dünyanın 180 ölkəsi arasında 37-ci yerə gəlib çıxsa da, son illər mövqeyi xeyli pisləşib və 2020-ci ilin nəticələrinə görə 53-cü yerdədir.
Ölkədə korrupsiyanın olması investorları çəkindirən əsas amillərdən biridir. Kimsə ölkə iqtisadiyyatına investisiya qoymaq istəmir, burada istehsal xərclərinə əlavə olaraq dövlət məmurlarının "xidmətlərini" mütəmadi olaraq ödəməli olur. Bu problemin aktuallığı ilə əlaqədar olaraq, Dünya İqtisadi Forumu hər il özünün böyük hesabatında - Qlobal Rəqabət Qabiliyyəti Hesabatında rüşvət və qanunsuz ödəmələrin iş yerlərində yayılmasını araşdıran ayrıca bir araşdırma yer alır. Dövlətlər korrupsiya halları baxımından müqayisə edilir (düzənsiz ödəmələr və rüşvət). Sinqapur 3-cü, Malayziya 39-cu yer tutur. Göründüyü kimi, korrupsiyaya qarşı mübarizədə iqtisadi üsullarla yanaşı, inzibati üsullar da müəyyən müsbət nəticələr verir. Bununla belə, Sinqapur və Malayziyanın təcrübəsinin müqayisəsi göstərir ki, korrupsiya ilə mübarizədə hər iki üsul bir-birini tamamlamaqla tətbiq edilməli və bu zaman iqtisadi üsullara daha çox yer verilməlidir.
Azərbaycanda isə bəzən korrupsiyaya yol verdiklərinə görə həbs olunan məmurların tezliklə azadlığa çıxması faktına da rast gəlmək olur. Eyni zamanda müşahidə edilir ki, korrupsiya cinayətinə yol verənlərə qarşı mübarizədə yüksək vəzifəli məmurlara qarşı da sərt addımlar atılır, onlar bir çox hallarda cinayət başında, öz iş otaqlarında yaxalanır və belə görüntülər ictimaiyyətə təqdim olunur. Dövlətin sosial siyasətinin tərkib hissəsi kimi ictimai işlərə cəlb olunan insanların kartlarını əlindən alan, haqqını tapdayanlara qarşı mübarizə xeyli güclənib. Eyni zamanda həm dövlətin, həm ayrı-ayrı təşkilatların pandemiyadan zərərçəkən ailələrə göndərdiyi yardımların mənimsənilməsi hallarının qarşısı alınması istiqamətində də səylər artırılıb və belə hallara qarşı birbaşa cəza tədbirləri görülür. Bir sıra nazirlik və baş idarələrdə də ictimaiyyətin ürəyindən olan çox zəruri antikorrupsion əməliyyatlar keçirilib. Bununla belə, sözügedən bu cür bütün halların qarşının alınmasının ən yaxşı yolu məhkəmə-hüquq sistemində başlanan islahatların dərinləşdirilməsi və səmərəliyinin artırılmasıdır.
Korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyanı doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması istiqamətində fəaliyyət genişləndirilməlidir.
Təcrübə göstərir ki, sistemli tədbirlər tətbiq etmədən birtərəfli qaydada cəza tədbirləri sərtləşəndə,“risk artıb deyərək, rüşvətin məbləği də artır”. Təbii ki, korrupsiyaya qarşı mübarizədə iqtisadi üsullarla yanaşı, inzibati üsullar da müəyyən müsbət nəticələr verir. Bununla belə, Sinqapur və Malayziyanın təcrübəsinin müqayisəsi göstərir ki, korrupsiya ilə mübarizədə hər iki üsul bir-birini tamamlamaqla tətbiq edilməli və bu zaman iqtisadi üsullara daha çox yer verilməlidir. Korrupsiyaya qarşı mübarizə işlərinə sistem və innovativ xarakter verilməsi: qanunun aliliyinin təmin edilməsi, heç kimin qanundan yuxarıda durmasına imkan verilməməsi; dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsi; təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin dairəsinin və innovativ həllərin tətbiqinin genişləndirilməsi; ictimai nəzarətin təmin edilməsinin səmərli fəaliyyət göstərən mexanizminin yaradılması və tətbiqi; mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılması, korrupsiyaya qarşı mübarizədə koordinasiya işinin gücləndirilməsi və sair bu kimi amillər mühüm əhəmiyyət kəsb edir.
Ədəbiyyat siyahısı.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Ali məktəb tələbələri arasında antikorrupsiya mədəniyyətinin formalaşdırmasına media məlumatlarının təsirinin öyrənilməsi və tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.