Şəhidlik zirvəsinə uclan Hikmət

Hikmət Həsənağa oğlu Şirinov 1975-ci ildə aprel ayının 7-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya göz açmışdı. Atası Həsənağa Şirinov əslən Yardımlı rayonun Şiləvəngə kəndində olsa da, Hikmətin uşaqlıq və gənclik illəri bu qəsəbədə keçmişdi.

O, 1992-ci ildə Ceyranbatan qəsəbə orta məktəbini bitirəndən bir il sonra 1993-cü ildə hərbi xidmətə çağırılır. Cəlilabad rayonunun Prişib (indiki Göytəpə) qəsəbəsindəki hərbi hissədə xidmətə başlayan Hikmət könüllü olaraq cəbhəyə - Ağdam rayonunun Yusifvcanlı kəndindəki döyüş bölgəsinə gedir. Burada erməni işğalçılarına qarşı aparılan bir sıra hərbi əməliyyatların iştirakçısı olur. Hikmət bu əməliyyatlarda öz şücaəti, qəhrəmanlığı ilə həmişə fərqlənib və komandirlərinin verdiyi döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlməyi bacarıb.

Hikmət növbəti döyüşlərin birində, 1994-cü il mart ayının 1-də Ağdam cəbhəsində gedən qanlı döyüşlər zamanı igidliklə şəhid olur. O, doğulduğu doğma Ceyranbatan qəsəbəsindəki qəbristanlıqda dəfn edilmişdir.

Hikmətin Vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. Belə ki, onun adı Ceyranbatan qəsəbəsindəki istirahət parkındakı xatirə kompleksində əbədiləşdirilmiş və qəsəbədə xatirə bulaq tikilmişdir.

Hikmət subay idi. Nazim adlı qardaşı, Sevinc və Sevil adlı bacıları var. Atası Həsənağa Şirinovun dediklərindən: "Hikmətin uşaqlığı bu gündə gözlərimin önündədir. Həddən artıq sakit təbətli, utancaq, təmizliyi sevən və çalışqan idi. Özünü yaşına görə aparmırdı, həmişə söhbət edəndə sanki qarşımda onun deyil, yaşlı bir adamın oturduğunu düşünürdüm. Hikmətdən çox razı idim, uşaqlıq və gənclik illərində mənim xətrimə dəyəcək heç bir artıq hərəkətə yol verməmişdi. Qarabağ müharibəsi başlayanda fikri elə oralarda idi. Deyirdi, "əsgər gedən kimi, birbaşa cəbhəyə gedəcəyəm". Elə dediyini də elədi, halbuki getməyə də bilərdi. Hikmət şəhidlik yolunu özü seçdi. Onun qəhrəmanlığı bir ata kimi məni çox sevindirir, qürur hissi keçirirəm. Ancaq vaxtsız ölümü məni çox sarsıtdı. Övlad itkisinə dözmək çox çətindir. ".

Hikmətin komandiri, döyüşçü dostları onun qəhrəmanlığı haqqında ürəkdolusu danışırdılar. Ceyranbatan qəsəbəsində də Hikməti tanıyanların hamısı - müəllimləri, sinif yoldaşları, dostalrı Həsənağa dayıya "Başınız sağ olsun, belə igid oğul böyütdüyünüzə görə qarşınızda baş əyirik" - dedilər.

Böyük qardaşı Nazim Hikmət ilə fəxr etdiyini deyir: “Hikmət Vətən müqəddəsliyini hər şeydən üstün tuturdu. Deyirdi ki, onu göz bəbəyi kimi qorumaq hər birimizin müqəddəs borcudur.

Təbii ki, oğul itkisini heç nə ilə əvəz etmək mümkün deyil. Hikmət kimi şəhid oğulların itkilərinin ağrısını yalnız Qarabağın işğaldan azad edilməsi ilə yüngülləşdirmək olar.  O gün isə uzaqda deyil.

Məqalə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi və tanıdılması” adlı layihəsi çərçivəsində çap olunur.