“Sehrbaz” tamaşasının premyerası keçiriləcək

Aprelin 1-də Bakı Bələdiyyə Teatrında “Sehrbaz” tamaşasının premyerası keçiriləcək. Bu barədə Bakı Bələdiyyə Teatrının Mətbuat Xidmətindən məlumat verilib.

Yazıçı, Əməkdar incəsənət xadimi Firuz Mustafanın psixoloji-dram janrında yazdığı “Sehrbaz” tamaşasında insanoğlunun həqiqətə tapınmasını, öz-özünə hesabat verməsini, yalanın çarmıxa çəkilərək həqiqət önündə diz çökməsini və bütün bunlardan sonra insanlığın əbədi yaşam qazanmasını diqqətə çəkilib.

İlk görüşdə və ilk baxışda bir-biri ilə tanış olmayan, yad, özgə adamların qəribə taleyindən söhbət açılan pyesdə, hadisələrin gedişi prosesində məlum olur ki, bu adamlar heç də bir-birinə “yad” deyillər. Onların həyat “xətləri” nə zamansa bir nöqtədə kəsişib. Bir-birini  əvəz edən  gərgin hadisələr fonunda vaxtilə baş vermiş bir sıra müdhiş hadisələrin, sirlərin üstü açılır. Əsərdə sevgi, nifrət, xəyanət səhnələri obrazların  daxili aləminin açılmasında əsaslı rol oynayır, eyni zamanda faciəvi və komik notlar bir-birini izləyir...

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, illyuziya məsləhətçisi Elmar İbrahimov, dizayn işləri üzrə tərtibatçı Elnur Əliyevdir.

Səhnə əsərində İsmayıl Atakişiyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Aynur Abbasova iştirak edirlər.  

Xatırladaq ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.

“Sehrbaz” tamaşası 1 aprel 2022-ci il tarixində saat 18.00-da nümayiş olunacaq.

<>