“Bölgədə gərginliyin əsas səbəbi... “sülhməramlı” adı altında Azərbaycan ərazisində yerləşdirilən rus hərbi kontingentinin cinayətkar rejimi müdafiə etməsidir”

“Əvvəlcə ABŞ və Fransanın, daha sonra isə Rusiyanın dislokasiya yerini dəyişən Azərbaycan Ordusu hissələrinin “əvvəlki mövqelərinə” geri qayıtmağı ilə bağlı çağırış etməsi hər üç dövlətin Azərbaycana münasibətdə ikili standartlardan çıxış edərək ölkəmizin ərazi bütövlüyünə və süverenliyinə hörmətsizliyi kimi qiymətləndirilməlidir”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İlkxəbər-ə açıqlamasında bildirib.

Partiya sədrinin sözlərinə görə, Rusiyanın suveren Ukrayna dövlətinə hərbi təcavüzünü və Rusiya Müdafiə Nazirliyinin Azərbaycan Ordusu hissələrinin dislokasiya yerini dəyişməsi ilə əlaqədar son açıqlamasını, həmin açıqlamada Azərbaycan ərazilərinin bir hissəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonası kimi qələmə verilməsini, habelə "Dağlıq Qarabağ" ərazisi, "Dağlıq Qarabağ silahlı birləşmələri” ifadələrinin yer almasını nəzərə alsaq, belə çağırışların müəyyən narahatlığa əsas yaratması qənaətinə gələ bilərik.

Q.Əlibəyli hesab edir ki, həqiqətən də bu gün bölgədə müəyyən gərginlik yaşanmaqdadır. Lakin bu gərginliyin əsas səbəbi Azərbaycan Ordusu hissələrinin dislokasiya yerini dəyişməsi deyil. Azərbaycan Ordusu Respublikamızın beynəlxalq səviyyədə tanınmış qanuni sərhədləri daxilində hərəkət edərək dislokasiya yerini dəyişib və bu ordumuzun qanuni hüququdur. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında ordumuzun dislokasiya edildiyi yeni mövqelərdən geri çəkilməyəcəyini bəyan etməsi təqdirəlayiqdir və hər üç dövlətin çağırışlarına layiqli cavadır.

Aydınlar Partiyasının sədrinə görə, bölgədə gərginliyin əsas səbəbi 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarının Ermənistan və Rusiya tərəfindən pozulması, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması, “sülhməramlı” adı altında Azərbaycan ərazisində yerləşdirilən rus hərbi kontingentinin özbaşına və qanunsuz hərəkətləri, cinayətkar rejimi müdafiə etməsidir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam şəkildə çıxarılmadıqca, “sülhməramlı” adı altında Azərbaycan ərazisində yerləşdirilən rus hərbi kontingentinin özbaşına və qanunsuz hərəkətləri davam etdikcə, cinayətkar rejim ləğv olunmadıqca belə gərginlk qalacaq və zaman-zaman şiddətlənəcək. Ona görə də, erməni hərbi birləşmələrinin tərksilah edilərək ölkəmizin ərazisindən çıxarılması və cinayətkar rejimin ləğv edilməsi üçün antiterror əməliyyatının keçirilməsi zəruridir – deyə partiya sədri öz fikrini yekunlaşdırıb.