Bazar iqtisadiyyatı mexanizminin təməl ünsürlərindən elm, biznes, əmək bazarı və təhsil xidmətidir. Onlar arasında harmoniya iqtisadi tərəqqinin vacib şərtidir. Reallıq onu göstərir ki, keçid iqtisadiyyatı ölkələrində ali təhsil hələlik müəyyən dərəcədə qapalı xarakter daşıyır və onun əmək bazarı ilə qarşılıqlı əlaqəsi zəifdir. Lakin müasir biznes çevik və dinamikdir, işaxtaranlar qarşısında yeni tələblər qoyur.
Hazırda bazarın tələblərini ödəmək üçün biznes subyektlərinin iki əsas, yüksək ixtisaslı kadrlara və innovativ texnologiyalara olan ehtiyacını müşahidə etmək mümkündür. Bu resursların xaricdən idxal edilməsi böyük təhlükə yarada bilər. Liberal qanunlarla tənzimlənən və bazarın tələblərinə çevik uyğunlaşa bilən iqtisadi subyektlərə və yeniləşən idarəetmə sisteminə yeni təfəkkürlü, təşəbbüskar, heç olmasa bir xarici dili mükəmməl bilən peşəkar menecerlər lazım idi. Məhz bu zərurətdən irəli gələrək kadr hazırlığına olan ehtiyacın ödənilməsi sahəsində kompleks tədbirlər görülməyə başlandı.
Azərbaycan Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını sürətləndirmək və prosesin səmərəliliyini təmin etmək, ali təhsilin məzmununu Bolonya tələblərinə uyğun qurmaq, ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinə müvafiq olaraq yüksək hazırlığa malik kadrlara tələbatı ödəmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 may 2009-cu il tarixində “2009–2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nı təsdiq etdi. Bu proqramda qarşıya qoyulan məqsəd və vəzifələr Azərbaycan ali təhsilinin inkişafında əsaslı keyfiyyət dəyişmələrinə zəmin yaradır.
Bu sahədə səmərəliliyin artırılması dövlət, biznes və elm arasında əlaqəni formalaşdıran, təşkilati strukturunu müəyyən edən yeni modelə ehtiyac yaranır.
İnnovasiya nəzəriyyəsinə dair müasir araşdırmalarda dövlətlə elm və biznes arasında bu yeni tendensiyalar təhlil olunur. İnnovasiyaların inkişafı sistemində yeni biliklərin yaradılmasına cavabdeh olan institutlar üstün mövqeyə keçməyə başlayır. Bəzi ölkələrdə yeni biliklərin istehsalı prosesinə cəlb edilən institutlar universitet formasında rəsmiləşdirilir, digər ölkələrdə akademik təşkilatlar sistemi kimi təqdim olunur. İnnovasiya sisteminin təkamülü innovasiya fəaliyyətinin iki böyük iştirakçısı olan firma və elmi təşkilatlar arasında mənafelərin kəsişməsi şəraitində baş verir. Müvafiq olaraq üçüncü iştirakçının, yəni dövlətin meydana gəlməsi qaçılmaz olur. Üç iştirakçı arasında qarşılıqlı əlaqələrin formasının dəyişilməsi onların ayrı-ayrılıqda fəaliyyətinin səmərəsiz olması nəticəsində baş verir. Vacib məsələ odur ki, iqtisadiyyatın və cəmiyyətin strukturunda baş verən dəyişikliklər nəticəsində dövlət bilik yarada bilmədiyinə görə artıq innovasiyaların inkişafında başlıca rol oynaya bilmir. Halbuki o, biliklərin ictimai rifahı təmin edəcək səviyyəsinin formalaşmasına məsuliyyət daşıyır.
İnnovasiya sisteminin inkişaf modeli – dünya təcrübəsi
İnnovativ inkişaf modeli innovativ proseslərin əsas iştirakçıları kimi dövlətin, elmi və ali təhsil müəssisələrinin (universitetlər) və özəl biznesin iştirak etdiyi sistemə əsaslanır. İnnovativ proseslərin iştirakçıları öz aralarında maliyyə, maddi və intellektual resurslar vasitəsilə fəal qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Bu zaman innovasiyalara görə məsuliyyət daşıyan təşkilati formalar yaradılır.
Bu modeldə başlıca rol texnologiyaların hazırlanması və transfertini təmin edən, sahibkar kimi fəaliyyət göstərən elmi mərkəzlərə (universitetlərə) məxsusdur. İnnovativ inkişaf modelindən asılı olaraq əsas rol bir iştirakçıdan digərinə keçə bilər. Modelin yaranması o zaman baş verir ki, dövlət, universitetlər və biznes qurumları səylərini birləşdirməklə səmərəliliyin stimullaşdırılmasına qarşılıqlı şəkildə çalışırlar. Təşəbbüskar kimi, adətən dövlət, yaxud regional hakimiyyət orqanları çıxış edir. Onlar regionun iqtisadi inkişafı barədə alimlər və sahibkarlarla birgə müzakirələr təşkil edirlər. Burada qarşılıqlı əlaqələr barədə razılaşmalar işlənib hazırlanır, regionun elmi-texniki inkişafı ilə bağlı məsuliyyət daşıyan birgə struktur yaradılır. Universitetlərin, dövlətin və biznes mühitin nümayəndələri mütəmadi olaraq inkişafın təmin edilməsi üçün resurs axtarışı və ehtiyacların müəyyən edilməsi haqqında müzakirələr aparılması üçün toplaşırlar. Yeni biliklər, yeni şirkətlərin yaradılması üçün əsas olduğu zaman, modeldə universitetlər üstün mövqeyə keçirlər, dövlət və biznes elmi araşdırmaların inkişafı üçün yardımçı rol oynayır. Bu mərhələdə tədqiqat mərkəzləri yaradılır, elmi araşdırmalar sürətləndirilir, universitet dövlət və biznesdən elmi araşdırmaların aparılması üşün əlavə vəsait əldə edir.
Qloballaşmanın aqreqasiya olunmuş tarixi mərhələlərinin təhlili göstərir ki, təhsil sistemi güclü olan ölkələr qloballaşma və beynəlmiləlləşmədə daha böyük təsir gücünə malik olur. Müasir mərhələdə Avropanın iqtisadi və sosial inkişafı regionda təhsil siyasətini kökündən dəyişir. İnteqrasiya prosesi getdikcə güclənir, iqtisadi və siyasi inteqrasiya ilə yanaşı, heç şübhəsiz əsası təhsil olan sosial inteqrasiya daha real xarakter alır. Bu proses regionda vahid təhsil siyasəti sahəsində qərarlar qəbul etmək məqsədilə ümumi idarəetmə institutunun formalaşmasını zərurətə çevirmişdir.
Avropa Birliyinə üzv dövlətlərin demək olar ki, hər birində avtonom olaraq müxtəlif təhsil islahatları aparılır, təhsilin keyfiyyətinin artırılması, iqtisadi inkişafın tələblərinə uyğunlaşdırılması və s. sahədəki müvafiq qərarlar qəbul edilirdi. Bu şəkildə görülən işlər təhsilin səviyyəsinə müsbət təsir göstərir, lakin bununla yanaşı, təhsil müəssisələri innovasiya sisteminin gücləndirilməsində iştirak etməlidirlər. Bu məqsədlə yeni İnnovativ Universitet anlayışından istifadə etmək zərurəti yaranır. Bu növ universitetlər təkcə mövcud bilik və təhsilin passiv şəkildə paylaşması ilə kifayətlənmir. Onlar yeni biliklərin, innovativ texnologiyaların yaradılması və onların tətbiqinə görə də məsuliyyət daşıyırlar. Bu zaman universitetlərlə biznes təşkilatları, şirkətlər, bir sözlə işəgötürənlərlə əlaqələrin qurulması məsələsi gündəmə çıxır.
Özəl sektorda çalışan işçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün heç kim, yəni nə ali təhsil sistemi, nə də işəgötürənlər məsuliyyət daşımır. Ona görə də bu sahədə böyük boşluq mövcuddur. Bu isə özünü qlobal böhran şəraitində daha qabarıq göstərir. Burada özəl təhsil sektoruna çevik fəaliyyəti təmin edən imtiyazların verilməsi bu boşluğu aradan qaldırmağa imkan verərdi. Özəl təhsil sektorunun zəifləməsi rəqabətə də təsir edə bilər. Rəqabətsiz isə inkişaf olmur. Bu problemlərin səbəbləri ətraflı araşdırılmalı və aradan qaldırılmalıdır.
Digər vacib problemlərdən biri kimi böyük biznesin təhsil proqramlarının təkmilləşdirilməsində, gənc kadrların karyera qurmasında, işlə təminatında iştirakının vacibliyini və s. göstərmək olar.
Qeyd etmək lazımdır ki, iqtisadi inkişafın indiki mərhələsində böyük bizneslə ali təhsil sisteminin əlaqəsi müasir tələblərə cavab vermir. Belə ki, demək olar heç bir, o cümlədən nə dövlət, nə də özəl ali məktəblərin böyük biznesin yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi himayədarlar şurası, bu ali məktəblərdə kadr hazırlığı aparılan ixtisaslar üzrə böyük biznesin müvafiq aparıcı mütəxəssislərdən ibarət dəyirmi masalar mövcud deyil. Lakin nəzərə almaq lazımdır ki, bu tipli qurumların mövcudluğu dünyanın aparıcı universitetlərində ən vacib idarəedici və təşkiledici strukturlar olmaqla, həm universitetlərin maddi-texniki bazasının genişləndirilməsi, həm də strateji inkişafının təmin edilməsində, ixtisas proqramlarının təkmilləşdirilməsində iştirakı çox böyük səmərə verir.
Qloballaşan iqtisadiyyatda İnnovativ Universitetlər Universitet şirkətlər yaratmağa kömək etməklə və texnologiyaları transfert etməklə qismən müəssisə rolu oynayır. Öz növbəsində, müəssisələr tədris prosesini təmin edən və universitetin prinsipinə uyğun elmi tədqiqat işlərini həyata keçirən strukturlar yarada bilər.
Universitetlər apardıqları tədqiqat və işlərdən gəlir əldə etmək üçün istehsal potensialını və onun təcrübədə tətbiqi imkanlarını təhlil edir, öz müəllim və tələbələrinə yeni müəssisələrin yaradılması işində yardım göstərir.
Universitetlər mövcud olan müəssisələri yeni ideyalarla təmin edir, yeni müəssisələrin yaradılması üçün elmin aparıcı sahələrində özlərinin tədqiqat və təhsil imkanlarından istifadə edirlər. Onlar ənənəvi təhsil proqramlarını genişləndirir, tələbələrə sahibkarlığı və şirkətdə iş təcrübəsini öyrədirlər. Bununla universitetlər texnologiyaların transfertini təmin edir və öz fəaliyyətlərini həyata keçirmək üçün maliyyə vəsaiti əldə edirlər. Belə universitetlər dövlətin, yaxud biznesin nəzarəti altında olmur və müstəqil akademik təşkilat olurlar. Muxtariyyət onlara müstəqil olaraq strateji inkişaf proqramı işləyib hazırlamaq, dövlət və bizneslə birgə layihələrin reallaşdırlmasında müstəqil işləmək imkanı verir. Universitetlərdəki texnologiyaların transferti strukturları texnologiyaların kommersiyalaşdırılması, onların bazara çıxarılması ilə məşğul olurlar.
Biliklərin kommersiyalaşdırılması universitetlərə şərait yaradır ki, onlar sərbəst olaraq uzunmüddətli elmi tədqiqat işlərini maliyyələşdirsinlər. Məhz bu, araşdırma və onun nəticəsi ilə tətbiqi arasında zaman boşluğunun məhdudlaşdırılmasına imkan verir ki, bu da ixtiranın rəqabətə davamlılığını artırır. İqtisadi inkişafın indiki mərhələsində, iqtisadi inteqrasiyanın əməkdaşlığın zəruri tərkib hissəsinə çevrildiyi bir vaxtda Avropa İttifaqı ölkələrində vahid innovasiya məkanı yaratmaq, tədqiqat və innovasiya fəaliyyətini intensivləşdirmək, bu prosesə məhdudiyyətlər yaradan maneələri aradan qaldırmaq istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, bu proses dünya iqtisadiyyatını bürüyən iqtisadi böhrandan sonra daha da aktivləşib.
Tarixi inkişafın gedişində sənaye müəssisələrinin müntəzəm azalması prosesi baş verir. Bu daha çox onunla bağlıdır ki, müəssisənin əldə etdiyi mənfəətə istehsal olunan məhsulun innovativliyi daha çox təsir göstərir, nəinki istehsalın miqyası. İqtisadi sistemin və eyni zamanda iqtisadi fəaliyyətin xüsusi sahəsi kimi elm və təhsilin fundamental zəruri məsələləri bu və ya digər mənada ümumnəzəri qiymətləndirmə tələb edir. Biliklər iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilir. Son zamanlar böyük müəssisələr özlərinin struktur vahidlərini elmi parkların ərazilərində yerləşdirir. Bu onlara təcrübədə tətbiq olunan elmi tədqiqat qrupları ilə sıx əlaqədə olmağa, yeni əmtəələr işləyib hazırlamağa, lazımi əməkdaşların işə cəlb edilməsinə və elmi kəşfləri izləməyə imkan verir. Keçmiş elmi tədqiqatçılar tərəfindən yaradılan şirkətlər universitetlərlə sıx əlaqəni qoruyub-saxlayırlar. Bu da universitetlərin ətrafında çoxlu istehsalçı və digər işgüzar strukturların cəmlənməsinə səbəb olur.
İqtisadi inkişafın müasir mərhələsində ölkədə innovasiyaların inkişafına tələbat artır. Dövlət, təhsil, elm və biznes bu inkişafa öz töhfəsini verməlidir. Qarşılıqlı əlaqəli olmadıqda bu töhfə qənaətbəxş nəticə vermir. Universitetlər elm və təhsil nümayəndələri kimi yeni innovasiya sisteminin inkişaf etdirilməsi üçün cavabdeh, kommersiya sferası isə bu biliklərin istehlakçısı kimi innovasiya sisteminin inkişafına maraqlı tərəfə çevrilməlidir. Sahibkarlar innovasiyaların yalnız istehlakı ilə kifayətlənməməli, yeni biliklərin inkişaf etdirilməsinə kömək etməlidirlər. Müəssisələr, xüsusilə də korporasiyalar uzun müddət ərzində innovasiya texnologiyalarını idxal edə bilməzlər. Dövlət zəruri dəstək göstərməklə bu inkişafı əlaqələndirməlidir. Lakin bu dəstək bütün xərclərin maliyyələşdirilməsindən ibarət olmamalıdır. Əks halda indiyə qədər olduğu kimi, öz layihələrinin təcrübədə tətbiq edilməsinə universitetlərdə maraq olmayacaq, kadr hazırlığı yalnız nəzəri xarakter daşıyacaq və innovasiyaların iqtisadi proseslərə tətbiqi baş verməyəcək.
İstifadə edilmiş ədəbiyyat:
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə DİPM İB-nin həyata keçirdiyi "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.
© 2020 - Created by İLK XEBER.