Ermənistan müstəqillik əldə etdikdən sonra da terrorçuluq xislətindən əl çəkməmiş və terroru daim dövlət səviyyəsində dəstəkləmiş, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən törədilən digər terror aktları Ermənistanın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.
1991-ci il noyabrın 20-də Qarakənd səmasında baş verən faciədə məhz qanlı erməni terrorunun növbəti səhifəsi idi. Həmin gün Azərbaycanın qaymaqları sayılan bir qrup görkəmli dövlət xadimini Ağdama aparan vertolyot ermənilər tərəfindən partladıldı və bu faciə nəticəsində xalqımız onlarla qəhrəman oğlunu itirdi. Həlak olanların arasında vaxtilə Səbail rayon Partiya Komitəsinin birinci katibi işləmiş Vəli Məmmədov da vardı.
Vəli müəllimin və onunla birlikdə həlak olan Vətən oğullarının əziz xatirəsi həmişə hörmətlə, həzin, kövrək xatirələrlə yad edilir. Vəli Məmmədovun əsil vətənpərvər, səmimi ziyalı olduğu, onun yerinin bu gün daha çox göründüyü 80 illiyinə həsr edilmiş “Vətənin Vəlisi” sənədli filmində çox gözəl əksini tapıb. Axı o dövrü xatırlayanlar yaxşı bilirlər ki, Vəli müəllim pafoslu çıxışları, nitqləri ilə yadda qalmasa da, heç kəsin danışa bilmədiyi vaxtlarda qorxu bilmədən çox şeydən danışıb.
Ömrünün son illərini Qarabağda keçirən Vəli Məmmədov 1931-ci ilin yanvarın 7-də anadan olmuşdu. Anası Mina xanım almanəsilli, atası Hüseyn kişi isə Yardımlı rayonunun Şiləvəngə kəndindən idi. Vəli müəllim vətənini, xalqını ürəkdən sevən bir insan idi. Milli bayramımız olan Hovruzun elliklə, təntənəli şəkildə qeyd olunmasında onun zəhməti böyük olmuşdür. Bu milli bayramın ilk “ssenari müəllifi” Şıxəli Qurbanov olmuşdusa, “quruluşçu rejissoru” Vəli Məmmədov idi. “Vəli müəllim hansı kürsüdə oturmasından asılı olmayaraq Azərbaycanın pərvanəsiydi”. Bu, Sabir Rüstəmxanlının Vəli müəllim haqqında dedikləridir. S.Rüstəmxanlının dediyinə görə, Amerikadan üzü bəri harada bir azərbaycanlı varsa, Vəlinin işığına düşüb gedərdi. Milli ruhun dirçəlişi, milli birlik, Azərbaycanın tam müstəqilliyi və azadlığı onun ən böyük arzusu idi.
Vəli Məmmədovun həyat yoldaşı Xalidə xanım o günləri belə xatırlayır: “Vəli ömrünün son 6-7 ayını Qarabağda keçirdi. Azərbaycan KP MK-da nəzarət komitəsinin sədr müavini işləsə də, adı işdə olardı, tez-tez Qarabağa gedərdi. Təşkilat Komitəsinin üzvü olmasa da, onu Məhəmməd Əsədov ora cəlb etmişdi. Onlar 1991-ci ilin aprel ayından avqustun 31-nə kimi Qarabağa gedib xeyli iş gördülər. Onda Qorbaçov erməni silahlılarından Qarabağı təmizləmək barədə əmr vermişdi. Lakin bu əmr yerinə yetirilmədi”.
1990-cı ilin 20 yanvarında Bakıda baş verən qanlı faciə Moskvanı elə də narahat etməmişdi. O hadisələrin baş verdiyi dövrlərdə “Literaturnaya qazeta”da SSRİ Ali Sovetinin 14-20 fevral sessiyası barədə məlumat verilən yazıda bir məqam var. Fevralın 14-də iclasa sədrlik edən SSRİ prezidenti Mixail Qorbaçov Bakıda heç nə olmamış kimi gündəlik üçün Anotoli İvanoviç Lukyanova söz verib. Bu zaman Azərbaycandan olan deputat, Azərbaycan KP Bakı şəhər 26-lar rayon komitəsinin birinci katibi Vəli Məmmədov həyacanla tribunaya tərəf qaçıb əvvəlcə ona söz verilməsini tələb edib. “Ancaq sədrlik edən elə bil heç bunu görmədi. Onda tribunaya həmin deputat cəsarətlə yanaşıb, düz onun üzünə qışqırdı: “sizin burda oturmağa haqqınız yoxdur”. Zalda olan mikrofonlardan da bərkdən söz istəyirdilər. Lukyanov isə bu vaxt sakitcə tribunanın dalında dayanmışdı. Özünü itirmiş Mixail Sergeyeviç hey deyirdi: “Yoldaşlar bir dəqiqə, bir dəqiqə...” Kimsə qışqırdı: “Mikrafon!” Ancaq mikrafonu qoşmadılar. Azərbaycandan olan deputat bərkdən dedi: “Xahiş edirəm bütün millətlərdən həlak olanların hamısını yad edək!” Hamıdan əvvəl Mixail Sergeyeviç durdu. Beləliklə, sessiya bu dəfə ancaq Bakıda həlak olanları yad etdi”.
20 Yanvar faciəsi ərəfəsində yanvarın 19-dan 20-nə keçən gecə bütün raykomlara komendantlar təyin edilmişdi. Komendantlar həmin gecə saat 11-12 radələrində raykom katiblərindən kabinetlərindən çıxmağı tələb edirdilər. Vəli müəllim isə həyatın hər məqamında öz cəsarətini göstərməyi bacarıb, kabinetindəki rus generalına “Mən burdan heç yerə getməyəcəyəm” deyib.
Vəli müəllim meydan hərakıtı ilə bağlı xatirələrində belə yazır: “Mənim başımı Meydan ağartdı, Dağlıq Qarabağda ermənilərin başımıza gətirdiyi bəlalar ağartdı. Mən meydana rəmz kimi yanaşıram. 26-lar rayonunun birinci katibi olana qədər də xalq hərakatında iştirak edirdim. Hələ fevral hadisələri vaxtı. (1998-ci ilin əvvələrində) Siyasi Maarif evinin direktoru olsam da bütün yığıncaqlara gəlirdim. Hətta bir dəfə Həsən Həsənov zarafatla dedi ki, “deyəsən sənin də əlin var, harada gurluq olursa, sən oradasan”.
Vəli müəllim öz zəhmətilə yaşayan adam olub. Ömrünün sonunadək borc ödəyirdi. Yazıçı Anar onun haqqında xatirələrində yazırdı ki, Vəli üçün əqidə dəyişmək paltar dəyişmək kimi yüngül bir iş deyildi. Ən mühüm, ən “gəlirli” partiya vəzifələrində illərlə tər tökə-tökə, dəridən-qabıqdan çıxa-çıxa işləyib özüyçün heç nə qazanmamışdı, axır günlərinə qədər ehtiyac və borc içində yaşadı. İçində dolandığımız eybəcər cəmiyyətin əxlaqı belə idi ki, haram pulla firavan günlər keçirən yox, halal maaşla kasıbçılıq eləyənlər daha artıq xəcalət çəkməli olur: “Ciblərini doldurmağı bacarmayanlara isə hətta gülürlər də, “acizliyinə”, “əfəlliyinə”, “pul qırpa bilməməyinə” rişxənd də edirdilər. Belələri üçün Vəli “Qəribə adam” idi...”
Vəli Məmmədov xatirələrdə məhz bu cür yaşayır...
Xanoğlan Əhmədov
Məqalə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi “Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi və tanıdılması” adlı layihəsi çərçivəsində çap olunur.
© 2020 - Created by İLK XEBER.