UNİVERSİTETLƏRİN TƏŞKİLATİ POTENSİALI: İDARƏETMƏ VƏ ŞİRKƏTLƏRLƏ ƏLAQƏLƏR

Universitetlərin müxtəlif struktur bölmələrində mövcud olan ənənəvi idarəçilik üsulları, müəssisələrin müəyyən etdikləri strateji hədəflərə çatmasına və müasir tələblərə cavab verən universitetlərə çevrilməsinə əngəl yarada bilər. Müəssisə daxilində tətbiq edilən idarəçilik sistemində bəzi məsələlərə diqqət yetirməklə bu əngəlləri minimum səviyyəyə endirmək olar. Bunlara təşviqlərin təmini, prosesə düzgün şəxslərin cəlbi və onların həmin müəssisədə fəaliyyətinin davamlılığının təmin edilməsi və düzgün maliyyə strategiyalarının formalaşdırılması aiddir (O’Connor, 2012). Universitetlər maliyyə qaynaqlarının formalaşdırılmasında dövlətin dəstəyindən daha çox müstəqil strategiya aparmaqla özlərinin formalaşdırdıqları resurslara arxalanmalıdır. Bu fikri əsaslandırmaq üçün universitetlərlə əlaqəli araşdırmalar aparmış tədqiqatçıların fikirlərinə diqqət yetirək:

  • Getdikcə universitetlərin çoxundan təşəbbüskarlıq və biliyə əsaslanan universitet mühiti formalaşdıraraq tədqiqatlar aparmaq, həmin tədqiqatların nəticələrini kommersiyalaşdırmaq tələb edilir (Kirby, 2015).
  • Müasir universitetlər professorlar, texniki işçilər və tələbələr tərəfindən yeni biznes təşəbbüslərinin edildiyi təhsil müəssisələridir (Chrisman, 1995).
  • Müasir universitet daha sıx universitet – biznes tərəfdaşlığı, xarici maliyyələşmə mənbələrinə çıxış üçün səylərin artırılması, habelə müəssisədaxili idarəetmədə, rəhbərlikdə və planlaşdırmada idarəetmə etikası ilə xarakterizə olunur (Subotzky, 1999).

Universitetlər o zaman müasir təfəkkürə malik olur ki, onlar öz imkanlarından maksimum istifadə etməkdən çəkinmir, dövlət resurslarına söykənən fəaliyyətlərini azaldır, davamlı imkanlar və dəyərlər yaratmağa çalışırlar. Əlbəttə, burada yaradılan təşəbbüskarlıq ideyalarının sadəcə fikir olaraq qalmaması, daha çox bir cəhd olması əhəmiyyət kəsb edir. Bu universitetləri səciyyələndirən digər bir xüsusiyyət onların öz sərhədlərini aşaraq, öncə yerli kontekstdə, sonra isə regional mühitdə yeni əlaqələr və imkanlar yaratmasıdır. Buraya daxili və xarici tərəfdaşlar ilə əməkdaşlıq qurmaq və onların təhsilə verə biləcəyi töhfələrdən maksimum istifadə etməklə, bu imkanları daha da təkmilləşdirmək daxildir (O’Connor, 2012).

Müasir universitetlərin formalaşması üçün vacib faktorlardan biri də təşəbbüskarlıq təcrübəsi olan insanları həmin müəssisələrə cəlb etmək və onları təşviq etməklə fəaliyyətlərini davam etdirmələrinə mühit yaratmaqdır (O’Connor, 2012). Əlbəttə, ali təhsil müəssisələrinin öz akademik heyətinin sahib olduğu yenilikçi fikirlərə verdiyi dəyərlə birlikdə, universitet xaricində təşəbbüskarlıq fəaliyyəti göstərən və təhsilə dəstək vermək istəyənlərin də düşüncələrini dinləmək, təcrübələrindən yararlanmaq önəmli məsələlərdəndir. Deməli, ali məktəblər qoyduğu hədəfi gerçəkləşdirmək üçün həm öz akademik heyətinə təlimlər keçməli, həm də onların imkan varsa, xarici ölkələrdəki universitetlərdə təlimlərdə iştirakını təmin etməli və onlarda cəmiyyətin inkişafını əsaslandıran dəyərlər formalaşdırmalıdırlar. Bu imkanlar sadəcə onları maliyyə dəstəyi ilə təmin etmək kimi başa düşülməməlidir.

Ali təhsil müəssisələri xarici ölkələrin təcrübələrindən istifadə etmək üçün akademik heyətin beynəlxalq kitabxanalara çıxışına və onların tədqiqatçılıq fəaliyyətinə kömək etməli, aparılmış tədqiqatların nəticələrini ümumiləşdirmək, nəzəriyyənin praktikada tətbiqini həyata keçirmək üçün müxtəlif laboratoriyalar yaratmalıdırlar. Təhsilin iştirakçılarının universitetlərdən gözlədikləri əsas məsələlərdən biri də məzunların əmək bazarında arzu etdikləri mövqeləri tuta bilməsidir. Buna səriştəli məzunlara ehtiyacı olan biznes və sənaye firmalarının hədəfi və arzusu kimi də baxa bilərik. Bu səbəbdən də təşəbbüskar universitetlər məzunların əmək bazarı ilə tanışlığına xüsusi diqqət yetirməlidirlər. Beləliklə, universitetlər müxtəlif biznes və sənaye şirkətləri ilə əməkdaşlığı gücləndirməklə öz akademik fəaliyyətlərinin nəticəyönlülüyünü təmin edə bilərlər.

Universitetlərin qlobal iqtisadi vəziyyətin formalaşmasında və inkişafındakı rolu müasir dövrdə daha çox hiss olunur. Onlar yeni idarəçilik strategiyaları və təhsil siyasəti formalaşdıraraq tələbələrin təşəbbüskarlıq ruhunu və davranışlarını yüksəltməyə çalışır. Təşəbbüskarlıq təlimləri biznes müəssisələrinin qurulması və onların idarə olunması üçün yaradılan fəaliyyətlərdir. Bu, eyni zamanda təşəbbüs və şəxsi biznes mühitinin formalaşdırılması adlanır (QAA, 2012).

BİLİK MÜBADİLƏSİ VƏ UNİVERSİTETLƏR

Biliyin dəyərinin çox sürətlə artdığı indiki dövrdə onun formalaşdırılmasında və mübadiləsində təhsilin bütün maraqlı tərəfdaşlarının iştirakını təmin etmək təşəbbüskar universitetlərə uğur gətirir. Universitetin potensialını yüksəltmək və bu hədəfə çatmaq üçün ali təhsilin xarici tərəfdaşları olan sənaye şirkətləri, peşəkar şirkətlər, dövlət sektorları və s. ilə əməkdaşlıq vacib amillər hesab olunur. Etzkovitz beynəlxalq rəqabətdə universitetlərin dayanıqlı bir sistemə sahib olmasında təhsil-sənaye əməkdaşlığının faydalarını vurğulayır. O həm təhsil müəssisələrinin, həm də sənaye şirkətlərinin sürətlə dəyişən bazarda rəqabət qabiliyyətli olması üçün təşəbbüskar universitetlərin yaradılmasına dəstək verilməsinin vacibliyini bildirir (Etzkowitz, 2012).

Universitetlərin bu əməkdaşlıq fəaliyyəti sadəcə yerli kontekstdə olmaqla qalmamalı, xarici əlaqələr genişləndirilərək ölkə xaricindən partnyorlar cəlb edilməlidir. Minguillo və Thelwall kooperativ əməkdaşlıq və akademik biliyin texnoparklarda yeni innovativ texnologiyaların inkişafına və sosial rifaha müsbət təsirini qeyd edərək, universitetlərin təşəbbüskarlıq fəaliyyətinin əhəmiyyətini vurğulamışdır (Minguillo & Thelwall, 2013). Dan isə ali təhsil müəssisələrində kommersiya fəaliyyəti apararaq sənaye şirkətləri ilə əməkdaşlığın tələbələrin hərtərəfli inkişafına dəstək olduğu fikrini irəli sürür və universitetlərin bu mövzuda əvvəlcədən tənzimlənmiş strategiyalara sahib olmasının zəruriliyini bildirir (Dan, 2013).

Bu fikirlərə əsaslanaraq deyə bilərik ki, universitetlər daxili və xarici əlaqələr qurmaq, tələbələrin xaricə çıxışını təmin etmək üçün mərkəzlər yaratmalıdır. Bununla da, onlar əməkdaşlıq etdikləri xarici tərəfdaşların da istəklərinə uyğun gələn proqramlar tətbiq etməklə qarşılıqlı əməkdaşlığın bütün tərəflərə fayda verməsini təmin edə bilərlər.

UNİVERSİTETLƏRDƏ BEYNƏLMİLƏLÇİLİK

Ali təhsil müəssisələrini xarakterizə edən bir xüsusiyyət də onların beynəlmiləl olmasıdır. Bu onların təşəbbüskar universitet olması üçün vacib komponentlərdən biridir. Beynəlmiləlləşmə universitetlərin üçüncü missiya əldə etməsi və o fəaliyyətin genişləndirilməsi kimi nəzərdə tutulur (Bryant, 2007). Universitetlər öz təlim-tədris proseslərini beynəlmiləl funksiyalar və mədəniyyətlərarası bilik mübadiləsi ilə zənginləşdirmək üçün bu prosesdən keçirlər. Salem qeyd edir ki, bir müəssisə təşəbbüskar olmadan beynəlmiləl ola bilər, amma beynəlmiləl olmadan təşəbbüskar ola bilməz. Bu o deməkdir ki, beynəlmiləlləşmə təşəbbüskarlıq strategiyasının ən önəmli komponentlərindən biri olmaqla qlobal, mədəniyyətlərarası təhsilin məqsədini, funksiyalarını və ümumilikdə prosesi əhatə edir (Salem, 2014).

Təşəbbüskar universitetlər tələbələrin və pedaqoji kollektivin beynəlxalq mobilliyini təmin edir (Gibb, Haskins & Robertson, 2013). Belə ki, bu təhsil müəssisələri xarici tələbələrin sayının artırılması ilə təhsil mühitində beynəlmiləlliyin formalaşacağına, nəticədə yeni çalarlar əmələ gətirəcəyinə inanırlar. Bunu nəzərə alaraq onlar, həm xarici tələbələrin cəlb edilməsi üçün universitetlərin xarici əlaqələr departamentini təşəbbüskarlıq fəaliyyətinə qatır, həm də yerli tələbələrin öz təhsilini təkmilləşdirmək və ya davam etdirmək məqsədilə xarici universitetlərə göndərilməsinə imkan yaradırlar. Onlar bu beynəlxalq mobilliyi formalaşdırmaq üçün universitetdə təşviqlər və təqaüd proqramları təklif edirlər (Guerrero & Urbano, 2011).

AZƏRBAYCAN UNİVERSİTETLƏRİNİN ŞİRKƏTLƏRLƏ ƏLAQƏLƏRİ

2004-cü ildə Azərbaycan Boloniya sisteminə qoşulmaq üçün təşəbbüs göstərmiş, ilk dəfə bakalavriat səviyyəsində bu sistemi tətbiq etməklə təhsilin keyfiyyətini yüksəltməyə və Avropa universitetlərinin idarəçilik təcrübəsindən bəhrələnməyə çalışılmış, 2005-ci ildən isə Boloniya prosesinin həqiqi üzvü seçilmişdir. Son  17 ildə universitetlərimizin idarəçilik sistemində keyfiyyətliliyin və şəffaflığın artırılmasında bu əməkdaşlığın faydası böyükdür. Bununla belə, ölkəmizdə olan universitetlərin heç birinin dünyanın ilk 500 universiteti içərisində yer almaması təəssüf doğurur. Dünya universitetlərinin 2021-ci ildə paylaşdığı yeni reytinq cədvəlinin nəticələrinə əsasən ölkəmizdə olan universitetlərdən sadəcə Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universiteti dünya universitetləri arasında yer alsa da, onların heç biri dünyanın ilk 1000 universiteti sırasına daxil ola bilməmişdir (Ağaverdiyeva, 2010). Bu fakt onu göstərir ki, universitetlərimizdə təşəbbüskarlıq mühitinin formalaşmasına, praktik yönümlü təhsilə yer verilməsinə və aparılan təlim-tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu məcrada aparılacaq işlər, ilk növbədə universitetlərin maddi-texniki bazasını inkişaf etdirmək və tələbələrin öyrəndikləri nəzəri bilikləri praktik biliklərə çevirməsinə imkanı yaratmaq olmalıdır.

Həmçinin universitetlərin verdiyi təhsilin praktikliyini artırmaq, məzunların işlə təmin olunmasını təmin etmək məqsədilə şirkətlərlə əlaqələrin qurulmasını bir daha nəzərdən keçirmək lazımdır.

Universitetlərdə aparılan fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların sayının çoxaldılması və elmi nəşrlərə olan istinadların sayı da ali təhsil müəssisələrini digər universitetlərdən fərqləndirən cəhətlərdəndir. Ölkəmizdə olan universitetlərin beynəlmiləlliyinin artırılması bilavasitə universitetlərin təşəbbüskarlığı üçün atılacaq addımların tamamlanmasından sonra ortaya çıxa biləcək bir nəticədir. Belə ki, universitetlərin maddi-texniki bazasını gücləndirməsi, yüksək tədqiqatçılıq qabiliyyətinə malik tələbə və müəllim kollektivinin formalaşdırılması, innovativ təhsil modellərinin tətbiqi, beynəlxalq arenadakı proseslərdə iştirakı, məzunlarının sahib olduğu yüksək kompetensiyaların əmək bazarında onları rəqiblərindən önə çıxarması ölkə daxilində və xaricində onlara olan rəğbəti artırar (Məmmədli, 2021).

İstifadə edilmiş ədəbiyyat

  1. Məmmədli A. (2021). Universitetlərdə təşəbbüskarlıq fəaliyyətinin stimullaşdırılması və təşviqi. Azərbaycan məktəbi. № 1 (694), səh. 85–94.
  2. Ağaverdiyeva, N. (2010). “Ali Təhsildə Boloniya Sistemi”. “Səs” qəzeti, 16 iyun, s.10.
  3. Bryant, Lewis V.F. (2007). Integrated Internationalism in UK higher education: interpretations, manifestations and recommendations. University of Bath, UK.
  4. Czerniachowicz, B., & Wieczorek-Szymańska, A. (2019). Selected Problems of an Entrepreneurial University – a Theoretical Perspective, Balkan Region Conference on Engineering and Business Education, 3(1), 426-437.
  5. Dan, M.C. (2013). Why should university and business cooperate? A discussion of advantages and disadvantages. International Journal of Economic Practices and Theories, 3(1), 67-74.
  6. Etzkowitz, H. (2012). Triple helix clusters: boundary permeability at university–industry– government interfaces as a regional innovation strategy. Environment and Planning-Part C, 30(5), 766. https://doi.org/10.1068/c1182
  7. Gibb, A., Haskins, G., Robertson, I. (2013). Leading the Entrepreneurial University: Meeting the Entrepreneurial Development Needs of Higher Education Institutions. In: Altmann A., Ebersberger, B. (2013). (eds) Universities in Change. Innovation, Technology, and Knowledge Management. Springer, New York, NY.
  8. Kirby, D., Guerrero, M., & Urbano, D. (2011). Making Universities More Entrepreneurial: Development of a Model. Canadian Journal of Administrative Sciences / Revue Canadienne Des Sciences del’Administration, 28(3), 302– 316.
  9. Minguillo, D., & Thelwall, M. (2013). The entrepreneurial role of the university: A link analysis of York Science Park. In Noyons, E., Ngulube, P., Leta, J. (Eds.), Preceedings of the ISSI 2001 Conference – 13th International Conference of the International Society of Scientometrics & Informetrics (pp. 570-583). July 4-8, 2011, Durban, South Africa.
  10. O’Connor, A. (2012). A conceptual framework for entrepreneurship education policy: Meeting government and economic purposes. Journal of Business Venturing, 4(28), 546-563.
  11. QAA. (2012). Enterprise and entrepreneurship education: Guidance for UK higher education providers. Gloucester, UK: The Quality Assurance Agency for Higher Education.
  12. Subotzky, G. (1999). “Alternatives to the Entrepreneurial University: New Modes of Knowledge Production in Community Service Programs”. Higher Education, 38(4): 401-440.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə DİPM İB-nin həyata keçirdiyi "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.