UNİVERSİTETLƏRİN ƏMƏK BAZARINA UYĞUN TƏHSİL STRATEGİYASININ ƏSASLARI: TƏŞƏBBÜSKARLIQ

Müasir universitetlərin necə olması haqqında indi çoxsaylı əsaslandırılmış fikirlərə rast gəlmək olur. Meyarlar demək olar ki, bəllidir və onun əsasında artıq reytinq cədvəlləri də tərtib olunur. Bəs universitetlər üçün əsas parametrlər indi nədən ibarətdir və yıqin ki, bu təkcə ali təhsil verməklə bitmir. Hazırda universitetlərdən bazar tələbatlarını düzgün müəyyən edərək adekvat kadrlar hazırlamaq, şirkətlərlə əlaqələr qurmaq, elmi tədqiqat işləri aparmaq və təbii ki, təşəbbüskarlıq tələb olunur.

Təşəbbüskar universitetlərin əsas mahiyyəti haqqında alimlər arasında müxtəlif fikirlər mövcuddur. Mautner bildirir ki, təşəbbüskar universitet məfhumunu ilk dəfə Clark “Təşəbbüskar universitetlərin yaradılması: dəyişikliyin təşkilati forması” adlı kitabında qeyd etmişdir (Mautner, 2004). Röpke universitetlərin təşəbbüskarlığının üç əsas formada izahını verir:

1) universitetlərin özünün təşəbbüskarlığı;

2) universitetdə təlim-tədris prosesinin iştirakçılarının təşəbbüskarlığı;

3) universitetlərin ətraf mühitlə olan əlaqələrinin genişliyi (Röpke, 1998).

Onun fikirlərini dəstəkləyən Kirby və başqaları bildirir ki, təşəbbüskarlıq kimliyinə sahib olan bütün müəssisələrdə olduğu kimi, təşəbbüskar universitetlər də yenilik etmək, perspektivləri görmək və imkanlar yaratmaq, qruplarda işləmək, riskə getmək və problemlərin həlli yollarını tapmaq qabiliyyətinə malikdirlər (Kirby və b., 2011).

Bu müəssisələrdə professorlar, texniki işçilər və ya tələbələr yeni biznes təşəbbüsləri göstərirlər. Təşəbbüskar universitetlər gələcəkdə daha geniş perspektivlərə sahib olmaq üçün bir çox dəyişikliklər edir, yeni kəşfləri biznesə çevirməklə bərabər öz sahələrində seçilən universitet olmağa çalışırlar (Smith, 2004).

Bəzi tədqiqatçılar bu universitetləri özəl şirkətlərlə əməkdaşlıq edən, patent alan və əmək bazarında araşdırmalar apararaq, yeni maliyyə mənbələri yaradan, təhsilin bütün iştirakçılarının yenilik etməsinə kömək göstərən inkubator adlandırırlar (Etzkowitz, 2003).

Hədəfi qlobal miqyasda xidmət göstərmək olan universitetlərin rəqabətdə önə çıxmaq üçün maliyyə cəhətdən güclü olması lazımdır. Universitetlərin beynəlmiləlləşməsi onun təşəbbüsyönlü olmasının digər amilidir. İnkişaf etməkdə olan ölkələrin universitetləri üçün beynəlmiləlləşmə çox böyük əhəmiyyətə malikdir. Bu universitetlərdə xarici əlaqələrin inkişaf etdirilməsi, tələbə mübadilə proqramlarının keçirilməsi, xarici vətəndaşlığı olan müəllimlərin işlə təmin edilməsi, beynəlxalq konfranslarda tələbələrin iştirakının çox olması və yüksək indeksli xarici jurnallarda kollektiv üzvlərinin elmi məqalələrinin çap edilməsi onların uğur simvolu kimi götürülür. (Czerniachowicz & Wieczorek Szymańska, 2019).

Cəmiyyətdə baş verən sürətli dəyişikliklərin fonunda təşəbbüskar universitetlər müxtəlif çətinliklərlə üzləşir. Bu çətinliklərdən birincisi sənaye və ali təhsil sahəsinin fərqli dinamikalara sahib olmasıdır. Daha dəqiq desək, sənaye şirkətləri daha çox bu günün tələblərinə uyğun istehsalat fəaliyyətində olsa da, universitetlər tələbələri gələcəyin perspektivlərinə uyğun hazırlayır (Razvan & Dainora, 2009). Bu ali təhsil müəssisələrinin qarşılaşdığı digər çətinlik isə, təşəbbüskar universitetlərin biznes və sənaye şirkətləri ilə əməkdaşlığının ali məktəblərin akademik fəaliyyətini kölgədə qoyacağı qorxusudur. Derek Bok universitet sənaye əməkdaşlığının ali təhsil müəssisələrinin akademik azadlıqlarına zərər gətirəcəyi, kommersiyalaşma ilə əldə etdikləri gəlirlərin universitet kollektivini təhsildən çox ticarətə yönəldəcəyi, nəticədə də yerləşdikləri mühitdə onlara olan inamı zəiflədəcəyi fikrini irəli sürür (Bok, 2007). Bir çox təhsil müəssisəsi təşəbbüskarlıq fikrini dəstəkləsə də, universitetlərdə fəaliyyət göstərən akademik heyətin üzvləri bu universitet modelinə, xüsusilə də onun kommersiyalaşdırma fəaliyyətlərinə şübhəli yanaşırlar (Goldstein, 2008). Bu şübhələr isə universitetlərin təşəbbüskar olması yolunda ən böyük əngəl kimi görünə bilər. Çünki istər ənənəvi idarəçilik sisteminə sahib olan, istərsə də təşəbbüskarlıq fəaliyyəti göstərən universitetlərin işində və aldıqları qərarlarda akademik personalın rolu və onların istəkləri fəaliyyətin formalaşdırılmasına təsir göstərir (Clark, 2001). Sadalanan problemlər bu universitetlərin formalaşmasına təsir göstərsə də, onların mövcudluğunun bir çox müsbət yönləri də var. Salem öz məqaləsində qeyd edir ki, bu universitetlər sənaye firmaları ilə əməkdaşlıq edərək yeni maliyyə mənbələri formalaşdırır və biliyi hər kəs üçün əlçatan etmək məqsədini doğruldurlar (Salem, 2014).

İDARƏETMƏ VƏ TƏŞƏBBÜSKARLIQ

Tələbələrə verilən təhsilin ölkə iqtisadiyyatına, o cümlədən sənayenin və texnologiyanın inkişafına təsiri böyükdür. Şübhəsiz, universitetlərdə güclü idarəçilik sisteminin və liderlik praktikasının olması həmin müəssisələrdə təşəbbüskarlıq mədəniyyətinin formalaşdırılması üçün vacibdir. Belə ki, universitetlərin liderlik modeli orada innovasiya və təşəbbüskarlığın mövcudluğuna, habelə idarəçilik sistemində aparılacaq dəyişikliklərə müxtəlif şəkildə təsirini göstərir (O’Connor, 2012).

Ali məktəblərin fəaliyyət missiyasında “təşəbbüskarlıq” anlayışı termin kimi işlənməkdən daha çox onların apardıqları quruculuq işlərində əks olunmalıdır. Müəssisələr təşəbbüskarlıq mühitini və idarəetmə prinsiplərini gücləndirmək üçün bir çox amillərə diqqət etməlidirlər. Əgər müəssisədə dəyişikliyə ehtiyac varsa, universitetlər bu ehtiyacı öncədən müəyyən etməyi bacarmalıdır.

Universitetlərin liderlik modellərinin innovasiya və təşəbbüskarlıq üzərində olan təsirini müəyyən etmək üçün öncə liderlik haqqında kiçik izah vermək əhəmiyyətli olar. Oksford İngilis dili lüğəti (Oxford English Dictionary) liderliyi “lider olma vəziyyəti və mövqeyi”, “lider olma bacarığı və ya liderlərin sahib olduğu keyfiyyətlərə sahib olmaq” və “xüsusi bir müəssisənin qrup lideri” kimi səciyyələndirir (Leadership, 2020). Amma bu təriflər liderliyin həqiqi mənasını başa düşmək üçün yetərli deyil. Belə ki, liderliklə əlaqəli müxtəlif ədəbiyyatlarda tədqiqatçıların fərqli düşüncələri mövcuddur.

Gandolfi qeyd edir ki, verilən bu beş komponent liderliyin tərifini dəqiq vermək üçün kömək edə bilər:

1) Bir və ya birdən çox liderin olması vacibdir;

2) Liderin idarə etdiyi və onu izləyən insanlar olmalıdır;

3) Liderlik qanunlarla tənzimlənməlidir;

4) Xüsusi bir yanaşma tərzi olmalıdır;

5) Xüsusi məqsədləri və hədəfləri olmalıdır (Gandolfi, 2016).

Bu beş komponentə əsaslanaraq aşağıdakı tərifin liderliyi çox ətraflı izah etdiyini düşünürük: “Liderlər tabeliyində olan xüsusi qabiliyyətli və bacarıqlı insanları seçən, onların ehtiyaclarını təmin edən, lazım gəldiyində onlara davranışları ilə təsir göstərən, rəhbəri olduğu müəssisənin missiya və istəklərini həvəslə icra etməyə, bunun üçün onları öz emosional və fiziki güclərini sərf etməyə həvəsləndirməyi bacaran şəxs və ya bir qrup insanlardır” (Winston & Patterson, 2006). Verilən tərifi daha dəqiq təhlil etsək, görərik ki, birinci növbədə, təhsil müəssisələrinə liderlik edən idarəçilər təhsil prosesinin bütün iştirakçılarını xüsusi kriteriyalara və məqsədlərə əsaslanaraq seçməli, lazım gəldiyində onlara öz liderlik bacarıqları ilə nümunə olmalıdırlar. Onların üzərinə düşən digər vəzifə bütün kollektivi universitetdə olan təşəbbüskarlıq fəaliyyətinə öz bacarıq və qabiliyyətləri çərçivəsində töhfə verməyə, intellektual potensialını seçilmiş məqsədlərə çatmaq üçün sərf etməyə həvəsləndirməkdir. Universitetlər elə bir idarəetmə modeli formalaşdırmalıdır ki, həmin model müəssisənin bütün şöbələrində təşəbbüskarlıq fəaliyyətinin inteqrasiyasına xidmət etsin (O’Connor, 2012) və şöbələr arasında olan əlaqəni gücləndirərək, eyni məqsədli fəaliyyətlərin universitetlərin fərqli şöbələrində və yerli ekosistemdə eyni anda aparılmasının qarşısını alsın.

Vacib olan digər bir məsələ, tətbiq ediləcək liderlik modelinin bürokratik əngəlləri aradan qaldıraraq, şöbələrin bir-birindən asılı olmadan müstəqil fəaliyyətinə icazə verməsidir. Bu, universitetdə yenilikçi və kreativ təşəbbüsləri sürətləndirər və müəssisə üzvlərində qrupla işləməklə birlikdə, fərdi təşəbbüskarlıq təfəkkürü də yaradar (Salem, 2014).

Öz sosial məsuliyyətini anlayan, həm daxili, həm də xarici maraqlı tərəflərin ehtiyaclarını ödəməyi bacaran və yerləşdikləri ölkənin iqtisadi inkişafına təkan verən təşəbbüskar universitetlərin formalaşması XXI əsrin tələbidir. Bu universitetlər biliyin iqtisadi inkişafın əsası olduğunu bilir, onun digər mənbələri üstələyərək insan kapitalının və maddi resursların formalaşmasındakı rolunu anlayırlar. Bu səbəbdən də təşəbbüskarlığı ilə seçilən, sosial məsuliyyətini anlayan, fəaliyyət göstərdiyi cəmiyyətin dəyərlərinə və qloballaşma prosesinin ehtiyaclarına əsaslanaraq idarə olunan universitetlərin yaradılması təklif edilir. Təşəbbüskar universitetləri digər ənənəvi universitetlərdən fərqləndirən xüsusi cəhətlər var. Bunlardan birincisi, həmin universitetlərdə sənaye və biznes sahəsində fəaliyyət göstərən şirkətlər ilə güclü əlaqələrin mövcud olmasıdır. Təşəbbüskar universitetlər qeyd olunan müəssisələrin tələblərinə uyğun kadr ehtiyatının formalaşdırılmasında aparıcı rola malikdirlər. Onları fərqləndirən bir başqa cəhət müstəqil maliyyə bazasına sahib olmaları və geniş miqyaslı maliyyə qaynaqlarından faydalana bilmələridir. Belə ki, bu universitetlər innovativ layihələr icra edərək həm bazarda mövcud olan ehtiyaclara cavab verir, həm də bu müəssisələrdə fəaliyyət göstərən bütün fərdlər üçün əlavə gəlir imkanları yaradır. Universitetdə olan bütün heyətin müəssisənin təşəbbüskarlıq fəaliyyətində aktiv iştirakının vacibliyini də qeyd etmək lazımdır. Belə ki, vəzifəsindən asılı olmayaraq idarə heyətinin üzvləri, akademik kollektiv və tələbələr universitetdə olan təşəbbüskarlıq fəaliyyətinə qoşularaq müəssisəyə və fərdi inkişaflarına dəstək ola bilərlər.

Hazırda ölkəmizdə təşəbbüskar universitetlər mövcud olmasa da, bu universitetlərin qurulması təşəbbüskar elmi mühitin yaradılmasına, təhsilin keyfiyyətinin yüksəldilməsinə, ali məktəblərdə hazırlanan kadr potensialının rəqabətliliyinə, ölkə iqtisadiyyatında mövcud olan inkişafın dinamikasının artırılmasına və ümumilikdə həyatın bütün sahələrində keyfiyyətli xidmətin formalaşdırılmasına müsbət təsir edəcəkdir (Məmmədli 2021). 

İstifadə edilmiş ədəbiyyat

  1. Məmmədli A. (2021). Universitetlərdə təşəbbüskarlıq fəaliyyətinin stimullaşdırılması və təşviqi. Azərbaycan məktəbi. № 1 (694), səh. 85–94
  2. Bok, D. (2007). Piyasa ortamında üniversiteler. Yüksek öğretimin ticarileşmesi. İstanbul: İstanbul Bilgi Üniversitesi Yayınları.
  3. Mautner, G. (2004). The Entrepreneurial University: A Discursive Profile of a Higher Education Buzzword, WorkingPapers, Vienna University, Austria, 1-45.
  4. Kirby, D., Guerrero, M., & Urbano, D. (2011). Making Universities More Entrepreneurial: Development of a Model. Canadian Journal of Administrative Sciences / Revue Canadienne Des Sciences del’Administration, 28(3), 302– 316.
  5. Czerniachowicz, B., & Wieczorek-Szymańska, A. (2019). Selected Problems of an Entrepreneurial University – a Theoretical Perspective, Balkan Region Conference on Engineering and Business Education, 3(1), 426-437.
  6. Razvan, Z., & Dainora, G. (2009). “Challenges And Opportunities Faced By Entrepreneurial University. Some Lessons From Romania And Lithuania,” Annals of Faculty of Economics, University of Oradea, Faculty of Economics, vol. 4 (1), pages 874-876, May
  7. Leadership, N. (2020). Oxford Learner’s Dictionary online. Retrieved March 08, 2021, from Oxford University Press: https://www.oxfordlearnersdictionaries.com/d efinition/english/leadership?q=leadership
  8. O’Connor, A. (2012). A conceptual framework for entrepreneurship education policy: Meeting government and economic purposes. Journal of Business Venturing, 4(28), 546-563
  9. Salem, M.I. (2014). “Higher Education as a Pathway to Entrepreneurship”. International
  10. Etzkowitz, H. (2003). The European entrepreneurial university: an alternative to the US model. Industry and Higher Education, 17(5), 325–335.
  11. Gandolfi, F. (2016). “Fundamentals of leadership development,” Executive Master’s in Leadership Presentation, Georgetown University, June.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə DİPM İB-nin həyata keçirdiyi "Məzunlarda peşə kompetensiyalarının formalaşdırılmasında ali təhsil müəssisələri ilə şirkətlər arasında əməkdaşlığın qurulmasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində hazırlanmışdır.