Ersin Tatar Quzey Kıbrısda səfərdə olan Azərbaycan nümayəndələrini qəbul edib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Azərbaycandan gedən nümayəndə heyətini qəbul edib.

İlkxeber.org xəbər verir ki, Ersin Tatar azərbaycanlı qonaqları KKTC-nin suverenlik Prezident Adminstrasiyası binasında qəbul edib.

Azərbaycandan gələn nümayəndələri qarşılamaqdan məmnunluğunu dilə gətirən Ersin Tatar mənəvi duyğuların və tarixdən gələn bağların önəmli olduğunu vurğulayıb.

KKTC-nin “şəhidlər diyarı" olduğunu ifadə edən Ersin Tatar var olmaq mücadiləsində qəhrəmancasına savaşıb, şəhid olan soydaşları olduğunu, Kıbrıs Türk xalqına qarşı qətliamların yaşandığını və xüsusilə, Qanlı Miladda yaşanan acının əsla unudulmayacağını söyləyib:

“Kıbrıs Türk xalqı hər zaman Ana Vətən Türkiyəyə güvənmişdir. Kıbrısda bir anlaşma olacaqsa, iki dövlət təməlində olmalıdır. Bərabər beynəlxalq statusumuzun qəbul edilməsi gərəkdir. Yoxsa bizi federasiya adı altında assimilyasiya edəcəkdilər. Türkiyənin garantörlüyü və Türk əsgəri adada olmasa, durum başqa cür olacaqdı. Sabitlik üçün Türkiyənin qarantörlüyü və türk əsgərlərinin adada olması bizim qırmızı xəttimizdir. Biz ayrı dövlətik, ayrı torpağımız, xalqımız, sərhədlərimiz var. Türkiyə Cümhuriyyəti KKTC-ni tam olaraq tanıyır və hər zaman onun arxasındadır.

Azərbaycan xalqı ilə hər cür fəaliyyətin artması bizi sevindirir. Biz eyni millətin övladları olaraq dili, dini, mədəniyyəti və könül birliyini paylaşırıq, biz Azərbaycan xalqının əsl qardaşlarıyıq. Bu münasibətlə bütün Azərbaycan xalqına ən səmimi hörmət və salamlarımı çatdırıram”.

Azərbaycandan gələn nümayəndə heyəti KKTC-də olmaqdan çox məmnun olduqlarını və iki xalqın bir-birinə duyğusal bağlarla bağlı olduğunu vurğulayıb və onları qəbul etdiyi üçün Prezident Ersin Tatara təşəkkür ediblər.

Nümayəndə heyətinə Milli Məclisin deputatları Ramil Həsən, Anar İsgəndərov, Elşad Mirbəşiroğlu, Türk Ağsaqqallar Birliyinin sədri Südeyif İmamverdiyev, jurnalist Nicat Dağlar, diaspor araşdırmaçısı Elnur Eltürk və Hüseyn Hacıyev daxildir.

Qəbulda KKTC Prezident Adminstrasiyası Mətbuat, Araşdırma və Arxiv müşaviri Aydın Akkurt və Beynəlxalq Əlaqələr və Diplomatiya üzrə xüsusi müşaviri Prof. Dr. Hüseyn İşıqsal da iştirak edib.