ABŞ-da yerləşən "Maxar Technologies" şirkəti Ukraynada yeni hücuma hazırlaşan Rusiya ordusunun peyk görüntülərini yayıb.
İlkxeber.org xəbər verir ki, şirkət Ukraynaya işğalçı müharibə elan edən Rusiyanın hərbi karvanının uzunluğunun 40 mildən (64 km) çox olduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə hərbi yük daşımasının peyk görüntüləri mediaya sızmaqda davam edir.
Daha əvvəl Rusiya karvanının uzunluğunun 17 mil (27 km) olduğunu bildirən "Maxar Technologies" Kiyev yaxınlığına çatan Rusiya hərbi konvoyunun əslində daha uzun olduğunu bildirib.
Şirkət zirehli texnika, tanklar, yedəkli artilleriya və digər hərbi maşınlardan ibarət konvoyun uzunluğunun 40 mildən (64 km) çox olduğunu açıqlayıb.
Gün ərzində əldə etdiyi yeni görüntüləri təqdim edən şirkət qeyd edib ki, karvan Kiyevdən 27 mil (43 km) uzaqlıqdakı Antonov aviabazasından Ukraynanın Prisbirsk şəhərinin şimalına doğru hərəkət edib.
Şirkət bildirib ki, İvankivin şimal və şimal-qərbində konvoyun getdiyi yollara yaxın bir çox ev və tikililərdən tüstünün qalxdığı görülüb, lakin buna nəyin səbəb olduğu aydın deyil.
Ukrayna ilə Rusiya arasında müharibə altıncı günündə də davam edir. Hələlik heç bir şəhər mərkəzini ələ keçirməyən və Kiyevi işğala cəh edən rus qoşunlarının Ukrayna ordusunun böyük müqaviməti ilə üzləşdiyi bildirilir.
© 2020 - Created by İLK XEBER.