Odessada atışma zamanı ölən və yaralanan azərbaycanlıların adları məlum oldu- YENİLƏNİB

 

Odessadan Moldovaya gedərkən atışma zamanı azərbaycanlılar arasında ölən və yaralananlar olub.

Bu barədə Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədov məlumat verib. O bildirib ki, ilkin məlumata görə, üç nəfər həlak olub, dörd nəfər yaralanıb:

"Əldə etdiyimiz məlumata görə, onlar diversant qrupların hücumuna məruz qalıb. Bizdə olan məlumata görə, ölənlər 58 yaşlı İsmayılov Rəhim, onun oğlu 28 yaşlı İsmayılov Qalib, 46 yaşlı İsmayılov Nemətdir. Yaralananlar isə 31 yaşlı Tacir Tağıyev, 28 yaşlı Niyazi Tağıyev, 25 yaşlı Camal Salmanov, 21 yaşlı Süleyman İsmayılovdur".

***

Ötən gün gecə saatlarında Odessa şəhərindən 60 km aralıda ölkəni tərk etmək istəyən həmvətənlərimizin maşını diversiya qrupu tərəfindən atəşə tutulub.

Musavat.com xəbər verir ki, bu barədə AZXEBER.COM-a açıqlamasında Odessada yaşayan tanınmış diaspor sədri Anar Ağazadə söyləyib.

O, sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin 7-8 maşından ibarət olan kalonunun atəşə tutulduğunu deyib:

"Onların maşınlarını Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran ediblər. Hadisə nəticəsində 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!"